QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO

QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO Sosial

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkil etdiyi "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində ictimai müzakirə keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, nəqliyyat üzrə mütəxəssislər, avtomobil təlimçiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nəqliyyat eksperti və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, dəmir yollarından piyadaların istifadəsi ilə bağlı çox ciddi problemlər var.

“Bu yaxınlarda Ağdam stansiyasının açılışından qayıdarkən ”Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri ilə müzakirələr etdik. Məlum olur ki, insanlar relslərin üzərinə daş, dəmir parçaları qoyur. Bu isə qatarın aşması məqsədilə həyata keçirilir. Həmin şəxsləri qurumun əməkdaşları aşkarlayır. Eyni adam bu gün aparıb kiçik daş qoyur, görür ki, qatar yaxınlaşıb o daşı əzib keçdi. Növbəti dəfə bir az daha böyük, növbəti gün bir az da iri daşı qatar yolunun üstünə qoyur və qatarı aşırmağa çalışır. Mənə maraqlıdır ki, biz belə şəxslərə potensial cinayətkar kimi yanaşırıq, yoxsa inzibati xəta növü kimi cərimə yazmaqla kifayətlənirik?”

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, Qobustan qəsəbəsinin yaxınlığında piyada keçidi var və burada sürət həddini 70 km/saata qədər endiriblər.

“Lakin 70 km/saat sürət həddi də piyada keçidi yaxınlığında uyğun sürət hesab edilmir. Dünyanın heç bir ölkəsində eynisəviyyəli piyada keçidləri yaxınlığında həmin sürətlə hərəkətə icazə verildiyini görmək mümkün deyil. Şəxsən mən Qobustan qəsəbəsi yaxınlığındakı həmin keçiddən 70 km/saat sürətlə keçən görməmişəm, sürücülər həmin yerdən 90-la keçir. Bu isə piyadanı ölümlə üz-üzə qoymaqdır”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə 1998-ci ildə qəbul edilən “Yol hərəkəti haqqında” Qanunun artıq müasir yol hərəkəti təhlükəsizliyinin tələblərinə cavab vermədiyini bildirib. O qeyd edib ki, həmin ildən bu yana həm yol infrastrukturu, həm avtomobillər, həm də bütövlükdə mühit dəyişib.

Sabiq deputat İltizam Yusifov çıxışı zamanı bildirib ki, Bakı-Ələt-Hacıqabul-Qazax yolu beynəlxalq statusa malikdir və uzunluğu 503 kilometrdir. Bu yolun Atbulaq kəndinin yanından keçən hissəsində minik avtomobillərinin hərəkəti mümkün deyil. Asfalt örtüyü o qədər bərbaddır ki, burada qəza ehtimalı çox yüksəkdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi Vaqif Əsədov deyir ki, yol polisinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, eləcə də cərimələrə rəğmən bu gün hələ də yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalar var. Onların qanunazidd əməlləri nəticəsində ya özlərinin həyatı risk altına düşür, ya da onlara görə qəza törədən sürücülərin. Yol infrastrukturundakı bir sıra problemlər, piyada və sürücü məsuliyyətsizliyinin fəsadları ölümlə nəticələnsə də, sonda yenə bütün tənqidlər yol polislərinə tuşlanır. Bu tendensiya dünyanın heç bir yerində yoxdur, çünki inkişaf etmiş ölkələrdə nəqliyyat sahəsində baş verən hər şey bir-birilə zəncirvari bağlıdır.

Müzakirələrdə yol hərəkəti təhlükəsizliyi, infrastruktur problemləri, dəmiryol keçidlərindən və nəqliyyat qovşaqlarından düzgün istifadə məsələləri əsas mövzular sırasında olub. Çıxış edənlər təhlükəsizliyin artırılması istiqamətində görülən işlərin əhəmiyyətindən və bu sahədə ictimai təşəbbüslərin rolundan bəhs ediblər.

Sonda iştirakçılar qeyd ediblər ki, yol hərəkəti və nəqliyyat təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli üçün dövlət qurumları, ekspertlər, vətəndaş cəmiyyəti institutları və ictimaiyyət arasında əməkdaşlığın daha da genişləndirilməsi vacibdir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsi və ictimai iştirakçılığın artırılması yol təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər. (avtosfer.az)