Qiymət artdı, amma keyfiyyət yox - İnternetin sürəti niyə zəifdir?
Sosial
Azərbaycanda internet xidmətlərinin qiymətinin artmasına baxmayaraq, keyfiyyətlə bağlı narazılıqlar davam edir. Ötən ay internetin minimum aylıq qiymətinin 25 manata yüksəldilməsi istifadəçilərin xərclərini artırsa da, xidmətin keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmur. Bir çox istifadəçi internetin sürətindən və dayanıqlılığından narazıdır.
Maraqlıdır, bəs xidmətin keyfiyyətini artırmaq üçün hansı addımlar atılmalı, provayderlərə nəzarət necə gücləndirilməlidir?
Bu barədə News24.az-a məlumat verən informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, qiyməti dəyişmək çox asandır, amma şəbəkəni gücləndirmək üçün real investisiya, düzgün texniki planlama və nəzarət lazımdır: “Fikrimcə, internetin qiyməti artıb, amma istifadəçi evində yenə əvvəlki keyfiyyəti görürsə, problem təkcə tarifdə deyil, infrastrukturun özündədir.
İnternetin zəif olmasının əsas səbəblərindən biri odur ki, bəzi provayderlərdə abonent sayı artır, amma şəbəkə tutumu eyni sürətlə artırılmır. Nəticədə xüsusilə axşam saatlarında hamı eyni anda internetdən istifadə edəndə xətt yüklənir, sürət aşağı düşür, ping artır və bağlantı qeyri-stabil olur. İstifadəçi gündüz normal internet görür, axşam isə eyni paketlə başqa nəticə alır.
Mütəxəssisin sözlərinə görə, digər bir məsələ isə son istifadəçi nöqtəsidir:
“Provayder binaya qədər fiber gətirə bilər, amma mənzildə köhnə router, zəif Wi-Fi, düzgün çəkilməyən kabel və ya siqnalı kəsən divarlar varsa, istifadəçi həmin sürəti hiss etməyəcək. Ona görə "internet zəifdir" deyəndə provayder şəbəkəsi ilə evin daxili şəbəkəsini ayırmaq lazımdır. Məncə, burda ən vacib məsələ real sürətin ölçülməsidir. Tarifdə 100 Mbit/s yazılıbsa, istifadəçi normal şəraitdə buna yaxın nəticə görməlidir. Əgər davamlı olaraq xeyli aşağı sürət alırsa, bu artıq texniki problem kimi araşdırılmalıdır. Sadəcə, "wifi-dandir" deyib məsələni bağlamaq düzgün yanaşma deyil.
İnternet keyfiyyətini artırmaq üçün provayderlər magistral tutumu genişləndirməli, köhnə avadanlıqları yeniləməli, pik saatlarda yüklənməni izləməli və ehtiyat xətləri gücləndirməlidirlər. Eyni zamanda texniki dəstəyin də operativliyi artırmalıdır. Çünki keyfiyyət yalnız sürət deyil, xidmətin nə qədər stabil işləməsi və problem yarananda nə qədər tez həll olunmasıdır”.