Qızlar Universitetinin müəllimlərinin taleyi necə olacaq?

Qızlar Universitetinin müəllimlərinin taleyi necə olacaq? Sosial

Maraqlıdır ki, 20-ci əsrin əvvəllərində qızların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə qadınlar üçün ayrıca təhsil müəssisələrinin yaradılması təşviq edilirdi, bu gün isə soyuqqanlılıqla ölkənin yeganə qızlar universitetinin fəaliyyəti dayandırılır.

Söhbər Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasından gedir. Bu qərar bir sıra suallar doğurub.

İlk maraq doğuran məqam odur ki, universitetdə nöqsanlar və ya qanunvericiliyin tələblərinə uyğun olmayan halları aradan qaldırıb fəaliyyətinə xitam verilməsini əngəlləmək olmazdımı? Yoxsa belə hallarda fəaliyyətin dayandırılması yeganə hüquqi mexanizm hesab olunur?

Digər diqqətçəkən məsələ isə universitetdə təhsil alan tələbələrin gələcək taleyi ilə bağlıdır. Nəzərə alsaq ki, burada təhsil alanların əksəriyyəti ödənişli əsaslarla oxuyurdu, onların digər ali təhsil müəssisələrinə köçürülməsi hansı qaydada həyata keçiriləcək? Tələbələrin ixtisasları və təhsil forması nəzərə alınaraq hansı universitetlərə yönləndiriləcək? Köçürülmə zamanı ödəniş şərtləri dəyişə bilərmi və onların təhsil hüquqlarını tam şəkildə qorunacaqmı?

Bununla yanaşı, universitetdə çalışan professor-müəllim heyətinin aqibəti də maraq doğuran məsələlərdəndir. Onlar da başqa ali məktəblərə trasfer ediləcəklərmi? Bu məsələdə müəllimlərin istəyi nəzərə alınacaqmı?

Məsələ ilə bağlı News24.az-ın suallarını cavablayan təhsil üzrə ekspert Samir Əzimsoy bildirib ki, Bakı Qızlar Universitetinin bağlanması ilə bağlı müzakirələrdə ilk növbədə məsələyə hüquqi və keyfiyyət baxımından yanaşmaq lazımdır: ""Təhsil müəssisələrinin akkreditasiyası Qaydası"na əsasən akkreditasiyanın məqsədi ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu yoxlamaq, eləcə də onun fəaliyyətinin növbəti müddətə davam etdirilməsi üçün hüquqi əsas yaratmaqdır.

Burada bir vacib məqamı da nəzərə almaq lazımdır: Universitetlərə akkreditasiya müddətsiz verilmir. Bu rəsmi icazə 5 illlik olur və müddətin sonunda ali təhsil müəssisəsinin fəaliyyətinin mövcud dövlət standartlarına və akkreditasiya meyarlarına uyğunluğu yenidən qiymətləndirilir.

Bəzi şəxslər hesab edir ki, əgər universitet standartlara uyğun deyildisə, bəs niyə 5 il əvvəl bağlanmamışdı? Əslində, bu yanaşma doğru deyil. Çünki akkreditasiya konkret bir dövr üçün verilən qiymətləndirmədir. Universitet 5 il əvvəl qüvvədə olan tələblərə cavab vermiş ola bilər. Lakin bu, onun növbəti akkreditasiya zamanı da eyni nəticəni göstərdiyi anlamına gəlmir".

Ekspertin sözlərinə görə, bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, dünya sürətlə dəyişir: "Elm, texnologiya, əmək bazarının tələbləri və ali təhsildə keyfiyyəti ölçən standartlar da daim yenilənir və yenilənməlidir. Buna görə də, mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl ali təhsil müəssisəsi olsun, hər bir universitet həmin 5 il ərzində özünü yeni standartlara uyğunlaşdırmalı, tədrisin keyfiyyətini, elmi fəaliyyətini, idarəetmə sistemini və maddi-texniki bazasını davamlı şəkildə inkişaf etdirməlidir. Əks halda, növbəti akkreditasiya zamanı əvvəlki nəticəni təkrarlaya bilməməsi mümkündür.

Akkreditasiya zamanı universitet müxtəlif meyarlar üzrə qiymətləndirilir. Toplanmış balların 85–100%-i "uyğundur", 70–84%-i "əsasən uyğundur", 55–69%-i "qismən uyğundur", 54% və daha aşağı nəticə isə "uyğun deyil" hesab olunur. Yəni qərarlar subyektiv yanaşmaya deyil, əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qəbul edilir.

Digər tərəfdən, universitetə fəaliyyət icazəsinin verilməsi məsələsini orada təhsil alan tələbələrin gələcək taleyi və müəllimlərin harada işləyəcəyi məsələsi ilə qarışdırmaq düzgün deyil. Şübhəsiz ki, bunlar da çox vacib sosial məsələlərdir. Lakin sırf bu səbəblərə görə akkreditasiya tələblərinə cavab verməyən ali təhsil müəssisəsinin fəaliyyətini davam etdirməsinə icazə verilməsi doğru yanaşma olmaz".

Samir Əzimsoyun fikrincə, əsas diqqət tələbələrin hüquqlarının qorunmasına yönəldilməlidir: "Çünki həmin tələbələr Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarından uğurla keçərək universitetə qəbul olublar. Buna görə də onların müvafiq ixtisaslar üzrə digər ali təhsil müəssisələrinə köçürülməsi dövlət tərəfindən tam təmin edilməlidir.

Eyni zamanda nəzərə alınmalıdır ki, həmin tələbələrin demək olar ki, hamısı ödənişli əsaslarla təhsil alırdı. Onlar başqa universitetlərə köçürülərkən təhsil haqları hazırda ödədikləri məbləğdən yüksək olmamalı, tələbələrin üzərinə əlavə maliyyə yükü qoyulmamalıdır.

Müəllim və professor-müəllim heyəti ilə bağlı da qanunvericiliyə uyğun, ədalətli həll yolları tapılmalıdır. Lakin bu sosial məsələlərin həlli keyfiyyət standartlarına cavab verməyən ali təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi üçün əsas ola bilməz. Təhsildə əsas prinsip tələbələrin hüquqlarının qorunması ilə yanaşı, keyfiyyət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsidir. Bu prinsiplər qorunduğu halda həm ali təhsilin nüfuzu yüksələcək, həm də cəmiyyət daha keyfiyyətli ali təhsil sisteminə sahib olacaq"- deyə ekspert əlavə edib.

Qeyd edək ki, Bakı Qızlar Universitetini 1992-ci ildə Bakı Pedaqoji elmlər doktoru, professor, nasir və dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov təsis edib.