“Qurbanlıq digər heyvanın gözü qarşısında kəsilməməlidir”

“Qurbanlıq digər heyvanın gözü qarşısında kəsilməməlidir” Sosial

Sabah Azərbaycanda Qurban bayramıdır. İnsanlar artıq qurbanlıq heyvan seçir və onun dini tələblərə uyğun kəsilməsi üçün hazırlıq görürlər. Heyvan bazarlarında da canlanma müşahidə olunur. Alıcılar sağlam və qurban yaşına uyğun heyvan seçməyə çalışırlar.

Eyni zamanda, qurban kəsimi zamanı gigiyena, duaların düzgün oxunması və qurban ətinin paylanılması kimi məsələlər də müzakirə olunur.

Bəzi insanlar qurbanlığın yalnız erkək heyvanın olub-olmaması, bəziləri qurban duasının doğru tələffüzü, digərinin isə bayram günlərində satıcıların qiyməti bilərəkdən artırması mözvusu düşündürür.

Təbii ki, bu müzakirələr qurban ibadətinin mahiyyəti və düzgün icrası ilə bağlı maarifləndirmənin vacibliyini bir daha gündəmə gətirir.

Məsələ ilə bağlı News24.az-a danışan ilahiyyatçı Hacı Təyyar Hüseynlinin fikrincə, qurbanlıq üçün seçilən heyvan ilk növbədə sağlam, qüsursuz və baxımlı olmalıdır:

“Qurbanlıq heyvan seçərkən ən sağlam və fiziki baxımdan ən yaxşı vəziyyətdə olan heyvana üstünlük verilməlidir. Heyvanın gözü, ayağı, buynuzu yerində olmalı, heç bir fiziki qüsuru olmamalıdır. Qurbanlıq heyvan bayrama qədər yaxşı baxılmalı, uyğun şəraitdə saxlanılmalı, ona yetərincə su və qida verilməlidir. Heyvana əziyyət vermək, onu ac, susuz saxlamaq və ya baxımsız qoymaq dini baxımdan düzgün hesab edilmir. Qurban kəsimi də xüsusi təmiz və gigiyenik şəraitdə həyata keçirilməlidir”.

İlahiyyatçı qeyd edib ki, heyvanın başqa heyvanın gözü qarşısında kəsilməsi də dini qaydalara ziddir:

“Qurban kəsərkən dualar oxunmalı, ən azı “Bismillah”, yəni “Allahın adı ilə” ifadəsi deyilməlidir. Kəsim zamanı Qiblə istiqamətinin düzgün təyin olunması da vacib məqamlardan biridir”.

Hüseynli qurbanlıq heyvanların satışında süni qiymət artımının günah olduğunu da vurğulayıb:

“Alqı-satqı zamanı halallıq prinsipi əsas götürülməli, insanlar bayram fürsətindən sui-istifadə etməməlidir. Satıcılar bunları nəzərə alıb ədalətli qiymət qoymalıdırlar. O ki qaldı qurbanın erkək, yaxud dişi olmasına, bununla bağlı dində elə bir tələb yoxdur. Dişi heyvan da qurban kəsilə bilər”.

Onun sözlərinə görə, qurban yalnız qoyunla məhdudlaşmır, iri buynuzlu mal-qara da qurbanlıq kimi kəsilə bilər:

“Qurban kəsmək ibadət sayılır və əsas məqsəd paylaşmaq, yardımlaşmaq, ehtiyaclı insanlara dəstək olmaqdır. Ənənəyə uyğun olaraq kəsilən qurbanın üç hissəyə bölünməsi tövsiyə olunur. Bir hissəsi ailə üçün saxlanıla, bir hissəsi ehtiyaclı qohumlara, digər hissəsi isə ehtiyaclı qonşulara paylana bilər. Bununla belə, insan öz payından az istifadə edə və ya ümumiyyətlə istifadə etməyə də bilər. Əsas məqsəd paylaşmaq, ehtiyac sahiblərini sevindirmək və dini borcu yerinə yetirməkdir”.