"Rasim Balayevin torpağı hələ soyumayıb, bunlar sədr seçirlər" - Baba Vəziroğlu
Sosial
"Öz aralarında toplaşıb məsələni müzakirə edə bilərlər, amma həmin tədbir rəsmi qurultay sayılmayacaq. Çünki orada əsas tərəflər, təsisçilər, idarə heyətinin üzvlərinin çoxu iştirak etmir".
Bu sözləri News24.az-a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O bildirib ki, hazırda Hesablama Palatası orada maliyyə məsələləri ilə bağlı yoxlama aparır:
"Onlar bir qrup şəklində toplaşa bilərlər. Amma o legitim sayılmayacaq, konfrans hesab olunmayacaq. Oun heç bir hüquqi qüvvəsi ola bilməz. Əgər lazım olarsa, birinci katib vəzifəsində işləmiş, sədr vəzifəsində çalışmış Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləyərik. Əslində biz belə fikirləşdik ki, hazırda buna nə ehtiyac var? Sədr vəfat edib, onun birinci katibi vəzifəsində işləmiş Şəfiqə Məmmədova var. Yəni bu dəqiqə nə qurultay, nə də konfrans vaxtıdır. Nə olub, nə xəbərdir?!"
Baba Vəziroğlunun sözlərinə görə, bu konfrans olduqca böyük tədbirdir, bunu keçirmək üçün hazırlaşmaq lazımdır, bütün prosedurlar yerinə yetirilməlidir: "Rasim Balayev yeni vəfat edib, torpağı hələ soyumayıb, bunlar sədr seçirlər".
Qeyd edək ki, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək.