Rəfiqəsini bağa çağırdı, qızılları yoxa çıxdı: 300 minlik oğurluq

Rəfiqəsini bağa çağırdı, qızılları yoxa çıxdı: 300 minlik oğurluq Sosial

Paytaxtda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkənin ifadəsi dinlənilib.

Zərərçəkən İ.S. təqsirləndirilən şəxslərdən ancaq Aysel Zeynalovanı tanıdığını bildirib:

"Ayseli qonşum T.A. vasitəsilə tanıdım. Yaxşı münasibətimiz yarandı, rəfiqə olduq. 2024-cü ildə qonşum T. A, münasibətdə olduğum şəxs və onun dostu ilə birlikdə "Sea Breeze"dəki villalardan birində istirahət edirdik. T.A, münasibətdə olduğum şəxs və dostu axşam qalmayaraq şəhərə qayıtdılar. Mən zəng edib Ayseli də ora dəvət etdim. Çox ayıq yatıram, adi bir tıqqıltı, səs məni dərhal narahat edib oyadır. Amma hadisə baş verən günü mən necə bərk yuxuya getmişəmsə, heç nədən xəbərim olmayıb. Düşünürəm ki, Aysel oğurluğunu maneəsiz edə bilsin deyə, içdiyim suya yuxu dərmanı atıb. İki gün orada qalandan sonra mən əşyalarımı qablaşdırıb, qızıllarımı qoyduğum yerdən götürmək istəyəndə, onları yerində görmədim. Bunu T. və ya münasibətdə olduğum şəxslə dostu edə bilməzdi. Çünki sonradan onlar gedən günə aid kamera çəkilişlərinə baxanda, qızıllarım olduğu yerdə görünürdü. Buna görə Ayseldən şübhələndim. İş gedib polisə çıxdı. Mən Birləşmiş Ərəb Əmirliyində olanda zəng gəldi ki, Ayseli tutmuşuq və əməliyyat nəticəsində sizin oğurlanmış qızıllarınız tapılıb. Sadəcə "Rolex" markalı saatım özümə qaytarıldı. Qızıl qolbağımın isə Vüsal (təqsirləndirilən şəxs - red.) tərəfindən Gəncədə satıldığı məlum oldu. Aysel deyirdi ki, münasibətdə olduğu şəxs onun üçün uşaq geyimləri mağazası açıb. Amma sonra öyrəndim ki, o, sadəcə orada satıcıdır".

Növbəti iclas 23 oktyabra təyin olunub.

Xatırladaq ki, 2025-ci il yanvarın 27-də Nərimanov rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.

Faktla bağlı hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 180.2.2-ci (soyğunçuluq- təkrar törədildikdə) və 180.2.5 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar. (lentaz)