Rəqəmsal təhlükəsizlik və uşaqlar
Sosial
Dünya üzrə uşaqların onlayn təhlükəsizliyinin təmin olunması günümüzdə qlobal prioritetlərdən biridir. Bir çox ölkələr sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri və valideyn nəzarəti kimi tədbirlər tətbiq edərək yetkinlik yaşına çatmayanları rəqəmsal mühitdə zərərli təsirlərdən qorumağa çalışır.
Ölkələr arasında yanaşmalar fərqlidir. Bəzi ölkələrdə müəyyən yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsi qanunla məhdudlaşdırılıb, digər ölkələrdə isə hələ müzakirə və qanun layihəsi mərhələsində tədbirlər nəzərdə tutulur.
Azərbaycanda da uşaqların rəqəmsal təhlükəsizliyi məsələsi gündəmdədir. Prezident İlham Əliyev bu istiqamətdə sərəncam imzalayıb və yetkinlik yaşına çatmayanların sosial şəbəkə platformalarından istifadəsinə nəzarət mexanizmlərinin hazırlanması nəzərdə tutulub. Lakin hələ ki, bu məhdudiyyətlər praktikada tətbiq edilməyib.
Bəs belə qadağalar texniki baxımdan necə həyata keçirilə bilər və sosial şəbəkə platformalarında istifadəçilərin yaşını müəyyən etmək üçün hansı üsullar mövcuddur? Bu sualları News24.az İT mütəxəssisi Elvin Abbasovla müzakirə edib.
Ekspert bildirib ki, bütün platformaları vahid bir yerli qəlibə salmaq praktiki olaraq mümkün görünmür:
“Bu qanunun tətbiqində ən fundamental və real yanaşma vətəndaş məsuliyyəti prinsipidir. Dünyada yüzlərlə sosial şəbəkə platformaları mövcuddur və onların hər birinin özünəməxsus qeydiyyat mexanizmləri var. Buna görə də əsas mexanizm valideynlərin öz övladlarının rəqəmsal fəaliyyətinə görə hüquqi və mənəvi öhdəliklərinin artırılması olmalıdır. Dövlətin buradakı rolu rəqəmsal bir nəzarətçi olmaq deyil. Əsas rol valideynləri lazımi alətlərlə təmin edən və bu məsuliyyəti stimullaşdıran tənzimləyici mexanizm kimi çıxış etməkdir”.
Mütəxəssis qeyd edib ki, texniki yoxlama qlobal standartlara uyğun üsullar və süni intellekt əsaslı texnologiyalarla həyata keçirilə bilər:
“Texniki tətbiq məsələsində milli identifikasiya sistemlərinin sosial şəbəkələrə inteqrasiyası qlobal platformaların daxili siyasətləri ilə bağlı çətinliklər yarada bilər. Eyni zamanda, məlumat suverenliyi məsələləri də bu prosesi mürəkkəbləşdirir. Buna görə, yoxlamanı süni intellekt əsaslı yaş analizi (Age Estimation) və ya bank kartları vasitəsilə təsdiqləmə kimi mexanizmlərlə həyata keçirmək olar. Bu texnologiyalar istifadəçinin üz cizgilərini biometrik olaraq qiymətləndirərək onun yaş diapazonunu müəyyən edir”.
Elvin Abbasov əlavə edib ki, bu sistemlər də tam təhlükəsiz deyil:
“Lakin bu sistemlər də tam qüsursuz deyil. Müxtəlif vasitələrlə onların aşılması ehtimalı həmişə qalmaqdadır”.
Ekspert məhdudiyyətlərin tətbiqi üçün istifadə oluna biləcək real mexanizmlərdən də danışıb:
“Qadağanın və ya məhdudiyyətin tətbiqi üçün "Apple" və "Google" kimi nəhənglərin təqdim etdiyi daxili ekosistem alətlərindən istifadə daha real mexanizmlərdən hesab olunur. Məsələn, “Family Link” kimi alətlər bu sahədə geniş istifadə edilir. Bundan əlavə, internet provayderləri tərəfindən uşaqlar üçün xüsusi filtrasiya xidmətlərinin təqdim edilməsi də effektiv yanaşma ola bilər. Eyni zamanda sosial şəbəkələrin özlərinin tətbiq etdiyi yaş yoxlama prosedurlarının yerli qanunvericiliyə uyğunlaşdırılması tələb edilə bilər”.
Ekspert sonda qeyd edib ki, rəqəmsal həll nə qədər mükəmməl olsa da, uşağın internetdəki təhlükəsizliyinin əsas zəmanəti ailədaxili inam və valideynin ayıq-sayıqlığıdır. Texnoloji alətlər isə yalnız bu məsuliyyəti dəstəkləyən köməkçi vasitələr kimi qəbul edilməlidir.
Gülçin Abdullayeva