Sayalı Sadıqova: “Dilimizdəki bu terminlərdən imtina edilməlidir”

Sayalı Sadıqova: “Dilimizdəki bu terminlərdən imtina edilməlidir” Sosial

Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm işlər aparılsa da, xüsusilə müasir dövrdə sosial şəbəkələrdə alınma terminlərin geniş şəkildə işlənməsi bir sıra problemlər yaradır. Bu məsələ hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının diqqət mərkəzindədir.

Bu barədə News24.az-a açıqlamasında  Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri  Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, alınma terminlərə müraciət, əsasən elm, texnika, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində yaranan yeni anlayışların ifadəsi zamanı təbii proses kimi qəbul olunur. Lakin əgər bu anlayışların Azərbaycan dilində qarşılığı müəyyənləşdirilibsə və buna baxmayaraq, hələ də alınma sözlərdən istifadə edilirsə, bu, dilin saflığına və inkişafına mənfi təsir göstərir: 

“Müasir dövrdə sosial şəbəkələrdə alınma terminlərdən geniş şəkildə istifadə olunur. Əgər bu sözlərin Azərbaycan dilində qarşılığı mövcuddursa, onların işlədilməsi daha məqsədəuyğundur. Terminologiya Komissiyası  artıq bir çox sahə üzrə alınma sözlərə uyğun qarşılıqlar müəyyənləşdirilib. Lakin buna baxmayaraq, sosial mediada həmin qarşılıqlar deyil,  işləkliyini itirmiş alınmalara üstünlük verilir ki, bu da oxucularda anlaşılmazlıq yaradır".

S. Sadıqova  qeyd edib ki, alınma terminlərin istifadəsi yalnız elm və texnika kimi sahələrdə zəruri hal kimi qəbul edilə bilər. Məişət səviyyəsində isə dilin daxili imkanlarına üstünlük verilməlidir:

“Əgər, məsələn  “şofer”, "tormoz” tipli sözlərin  Azərbaycan dilində “sürücü”,  “əyləc” kimi qarşılığı mövcuddursa, alınmalara ehtiyac yoxdur. Belə sözlərdən imtina edilməli, dilimizdəki milli qarşılıqlar gündəlik istifadəyə gətirilməlidir",- deyə o bildirib. 

Nigar İlyasqızı