Sayğacın nasazlığına görə cərimə tətbiq oluna bilər? - Açıqlama
Sosial
Bəzən qaz sayğacında texniki nasazlıq yaranır və cihazın ekranında rəqəmlər görünmür. Buna baxmayaraq, qaz təchizatı davam edir və istehlakçılar qazdan normal istifadə edirlər. Belə hallarda sərfiyyatın qeydə alınıb-alınmaması və mümkün cərimələr istehlakçılar üçün suallar yaradır.
Maraqlıdır, qaz sayğacında texniki nasazlıq baş verdikdə və ya o, işləmədikdə istehlakçı hansı addımları atmalıdır? Sayğacın nasazlığına görə hansı hallarda istehlakçıya cərimə tətbiq oluna bilər?
Məsələ ilə bağlı News24-a açıqlama verən "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmənov qeyd edib ki, sayğac işləmədikdə və ya göstəriciləri əks etdirmədikdə bunun məsuliyyətini istehlakçının üzərinə qoymaq qanunsuzdur: “Belə bir hal baş verdiyinə görə istehlakçıdan cərimə tələb etmək də düzgün deyil.
Sayğaclar vətəndaşın birbaşa nəzarət edə bilmədiyi yerlərdə quraşdırılır. Həyət evlərində evin daxilində deyil, kənarda, çoxmənzilli binalarda isə vətəndaşın mənzilində, adətən balkonunda yerləşdirilir. Müqaviləyə əsasən, “Azəriqaz”ın nümayəndələri gəlib sayğacın işlək vəziyyətdə olub-olmadığını yoxlamalıdırlar”.
Sədr müavini sayğaclar işləmədikdə sərfiyyatın hesablanma qaydasına da aydınlıq gətirib: “Əvvəllər qanunvericilikdə belə bir qayda nəzərdə tutulmuşdu: sayğac işləmədikdə mənzildəki qaz cihazlarının gücünə və istifadə müddətinə uyğun olaraq sərfiyyat hesablanır, üç aylıq dövr üçün ödəniş müəyyən edilirdi.
Məsələn, mənim evimdə ay ərzində orta hesabla 10 manatlıq qaz sərfiyyatı olursa, və yoxlama zamanı sayğaca müdaxilə edildiyi və ya texniki səbəbdən onun işləmədiyi aşkarlanırsa, əgər bu hal istehlakçının təqsiri üzündən baş veribsə, üç aylıq dövr üzrə cərimə tətbiq edilir.
“Azəriqaz”ın rəsmi göstəricilərinə əsasən, mövsümdən asılı olmayaraq, hər bir vətəndaşın mənzilinə verilən qazın təzyiqi 20 millibardan aşağı olmamalıdır.
Texniki tələblərə uyğun olaraq, evdə su qızdırıcısı və ya kombi varsa, onların normal işləməsi üçün müəyyən qaz təzyiqi tələb olunur. Məsələn, dəqiqədə 25 litr su qızdırmaq gücünə malik cihaz və ya 25-30 kilovatlıq kombi üçün ən azı 17 millibar qaz təzyiqi lazımdır.
Əgər qaz təzyiqi bu göstəricidən aşağı olarsa, cihaz normal işləməyəcək. Alov zəifləyəcək və su lazımi temperaturadək qızmayacaq”.
Onun sözlərinə görə, Azərbaycanda sayğacın düzgün quraşdırılması və texniki baxımdan qəbul edilməsi müvafiq qurumun öhdəliyidir.
“Sayğac bəzən vətəndaşın evindən təxminən 30-40 metr məsafədə yerləşir. Vətəndaş yalnız sayğac onun nəzarətində olan ərazidə yerləşdiyi halda ona görə məsuliyyət daşıya bilər. Nəzarət edə bilmədiyi, küçədə yerləşən sayğaca görə vətəndaşı məsul tutmaq düzgün deyil. Küçədə yerləşən hər hansı bir əşyaya görə vətəndaş necə məsuliyyət daşıya bilər? Bu yanaşmanın heç bir məntiqi əsası yoxdur”.