Səhiyyə sahəsində köklü dəyişiklik: Problemlər həll olunacaq?
Sosial
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Eyni zamanda, Anar Bayramov səhiyyə naziri təyin olunub, sabiq nazir Teymur Musayev isə Baş nazirin müavini vəzifəsinə gətirilib. Qərarlar səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bəs bu dəyişikliklər səhiyyə xidmətlərinin keyfiyyətinə, xəstəxanaların fəaliyyətinə və vətəndaşların tibbi xidmətlərə əlçatanlığına necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan tanınmış cərrah, professor Adil Qeybulla bildirib ki, səhiyyə sahəsində idarəetmənin iki ayrı qurum arasında bölünməsi uzun müddət problemlərə səbəb olub. Onun sözlərinə görə, xəstəxanaların bir qisminin Səhiyyə Nazirliyinin, digər hissəsinin isə TƏBİB-in tabeliyində fəaliyyət göstərməsi idarəetmədə ziddiyyətlər yaradıb:
"Bu dəyişiklik cəmiyyətdə uzun müddətdir gözlənilən addımlardan biri idi. Bununla belə, vahid idarəetmə sisteminin yaradılması problemlərin avtomatik həlli demək deyil. Qarşıda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi vəzifələr dayanır. Bu məsələni biz uzun müddətdir deyirdik. Səhiyyə nazirinin iki ayrı icra qurumu ilə işləməsi sahəyə xeyli ziyan vururdu. Xəstəxanaların bir qisminin bir quruma, digər qisminin isə başqa quruma tabe olması səhiyyənin təşkilində bir sıra ziddiyyətlər yaradırdı".
Professor qeyd edib ki, bu dəyişiklik artıq çoxdan cəmiyyətin gözləntisi və ictimai sifarişi idi. Hesab edirəm ki, nəhayət, bu məsələnin həlli istiqamətində addım atıldı:
"Lakin problemin həlli istiqamətində qərarın qəbul edilməsi hələ bütün çətinliklərin aradan qalxması demək deyil. Artıq vahid icra qurumu mövcuddur və məsuliyyət də vahiddir. Yeni idarəetmə modelinin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu istiqamətdə xəstəxanaların fəaliyyəti, klinik protokollar və icbari tibbi sığorta sistemi yenidən nəzərdən keçirilməlidir".
Professor vurğulayıb ki, icbari tibbi sığortanın əhatə etdiyi xidmətlər paketi yenilənməli, dövlətlə vətəndaş arasında xidmətlərə görə ödəniş bölgüsü aydın şəkildə müəyyənləşdirilməli və əhaliyə ətraflı izah olunmalıdır. Eyni zamanda, vətəndaşların tibbi xidmətlərdən istifadə qaydaları barədə maarifləndirilməsi də vacibdir.