Sənədsiz evlərdə yaşayanlara XƏBƏRDARLIQ: Diqqətli olun!

Sənədsiz evlərdə yaşayanlara XƏBƏRDARLIQ: Diqqətli olun! Sosial

Bakı və ətraf qəsəbələrdə sənədsiz ev problemi uzun illərdir minlərlə vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri olaraq qalır. Müxtəlif dövrlərdə bu məsələnin həlli üçün müəyyən addımlar atılsa da, hələ də çox sayda yaşayış evi hüquqi sənədləşmə olmadan istifadə edilir və alqı-satqı predmeti kimi dövriyyədə qalır.

Bəs sənədsiz ev alan vətəndaşlar hansı risklərlə üzləşə bilər? Belə evlərin gələcəkdə rəsmiləşdirilməsi mümkündürmü?

Məsələ ilə bağlı News24.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Azərbaycanda yüz minlərlə çıxarışsız fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur. Onun sözlərinə görə, bəzi hesablamalara əsasən bu rəqəm 500 minə yaxındır:

"Bu əmlakları tamamilə sənədsiz adlandırmaq düzgün deyil, çünki onların sahiblərinin əksəriyyətinin vaxtilə müxtəlif dövlət qurumları tərəfindən verilmiş hüquqi əsasları mövcuddur. Müxtəlif dövrlərdə kolxoz və sovxozlar, rayon icra hakimiyyətləri, bağlar idarələri, eləcə də bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılıb. Lakin həmin torpaqların bir qismi sonradan çıxarışla təmin olunsa da, böyük hissəsi bu günə qədər rəsmiləşdirilməyib".

Ekspertin sözlərinə görə, çıxarışın olmaması vətəndaşların öz əmlakları üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə mane olur:

"Belə evlərdə qeydiyyata düşmək, onları rəsmi qaydada satmaq, bağışlamaq və ya girov qoymaq mümkün olmur. Nəticədə alqı-satqı əməliyyatları tərəflərin qarşılıqlı etibarına əsaslanır və müxtəlif müqavilələrlə rəsmiləşdirilir ki, bu da gələcəkdə hüquqi risklər yaradır. Bu əmlakların sənədləşdirilməsi təkcə vətəndaşların deyil, dövlətin də marağında olmalıdır. Çünki çıxarışın olmaması həmin əmlakların vergi sisteminə cəlb edilməsini, sığortalanmasını və iqtisadi dövriyyəyə daxil olmasını çətinləşdirir".

O qeyd edib ki, son illərdə baş verən güclü yağışlar nəticəsində yüzlərlə evə ziyan dəyib və əmlakların sığortalanması mümkün olsaydı, dəymiş zərərin kompensasiyası sığorta şirkətləri tərəfindən ödənilə bilərdi:

"Daşınmaz əmlak bazarında qiymətlərin davamlı artdığı bir dövrdə çıxarışsız evlər daha münasib qiymətə təklif olunur. Əgər bu evlər rəsmiləşdirilərsə, onlar ipoteka predmetinə çevrilə və minlərlə ailənin daha əlçatan şərtlərlə mənzil sahibi olmasına imkan yarada bilər. Çıxarış probleminin həlli həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm əmlak bazarının inkişafına, həm də dövlət büdcəsinə əlavə vergi daxilolmalarının formalaşmasına müsbət təsir göstərəcək".