Siqaret istifadəçilərinə GÖZLƏNİLMƏZ XƏBƏR: Proses başladı, qiymətlər dəyişə bilər?

Siqaret istifadəçilərinə GÖZLƏNİLMƏZ XƏBƏR: Proses başladı, qiymətlər dəyişə bilər? Sosial

"Baku International Tobacco" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib. Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Maraqlıdır, Azərbaycanda yeni siqaret istehsalı zavodunun yaradılması daxili bazarda qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, hər hansı sahədə təklif bolluğunun yaranması adətən qiymətlərin aşağı düşməsinə təsir göstərir:

"Bazara yeni oyunçunun daxil olması rəqabəti artırmaqla qiymətlərin formalaşmasına müəyyən təsir edə bilər. Azərbaycan son illərdə tütün məhsulları üzrə daxili tələbatın mühüm hissəsini yerli istehsal hesabına ödəməyə başlayıb. Buna baxmayaraq, yeni istehsalçıların bazara daxil olması rəqabət mühitini gücləndirə və bazar konyunkturuna təsir göstərə bilər. Yeni oyunçunun bazara daxil olması rəqabət meyillərini dəstəkləməklə qiymətlərin formalaşmasına müəyyən təsir edə bilər. Amma burada nəzərə almaq lazımdır ki, tütün məhsulları bazarı tam sərbəst bazar deyil və müəyyən qədər tənzimlənən sahə hesab olunur”.

İqtisadçı qeyd edib ki, tütün məhsullarında qiymət elastikliyi zəif olduğundan qiymət dəyişiklikləri istehlak səviyyəsinə ciddi təsir etmir. Bu isə şirkətlərə daha yüksək qiymət siyasəti tətbiq etmək imkanı yaradır:

“Tütün məhsullarında qiymətin artması istehlakın həcmini ciddi şəkildə azaltmır. Bu səbəbdən şirkətlər daha yüksək qiymətlərlə məhsul təklif etmək imkanına malik olurlar və bazarda bu tendensiyadan davamlı istifadə etməyə çalışırlar. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və yerli istehsalın genişlənməsi müəyyən müsbət imkanlar yaratsa da, bunun qiymətlərin ciddi şəkildə ucuzlaşacağı anlamına gəlmədiyini söyləmək lazımdır".

Rəşad Həsənovun sözlərinə görə, əsas məsələlərdən biri də istehsal olunan məhsulun hansı hissəsinin daxili bazara, hansı hissəsinin isə ixraca yönəldiləcəyidir:

“Əgər şirkət istehsal etdiyi məhsulların böyük hissəsini xarici bazarlara ixrac etməyə üstünlük verərsə, bu halda daxili bazarda qiymətlərə təsir daha zəif olacaq. Yox əgər əsas hədəf yerli bazar olarsa, şirkət bazar payını artırmaq üçün daha çevik qiymət siyasəti həyata keçirə bilər. Daxili bazara yönəlmiş satış siyasəti müəyyən dövrdə qiymətlərin optimallaşmasına və rəqabət mühitinin güclənməsinə şərait yarada bilər".

Onun fikrincə, bazardakı son nəticə əsasən şirkətlərin kommersiya strategiyası və dövlətin tənzimləmə siyasətindən asılı olacaq.