Süni intellek mollaları sıradan çıxaracaq? - Şeyxin fikirlərinə reaksiya

Süni intellek mollaları sıradan çıxaracaq? - Şeyxin fikirlərinə reaksiya Sosial

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə süni intellektin dini sahədə istifadəsi ilə bağlı mühüm açıqlama verib. O, texnologiyanın yaratdığı imkanlarla yanaşı, mənəvi-etik sərhədlərin qorunmasının vacibliyini vurğulayıb. Şeyxülislam həmçinin süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməyəcəyini də deyib.

Bəs, həqiqətənmi süni intellekt dini məsələlərdə insanın yerini tuta bilməz? Süni intellektin dini mərasimlərdə və ibadətdə istifadəsinin hansı hədləri olmalıdır?

Məsələ ilə bağlı News24.az-a danışan dinşünas Elşad Miri bildirib ki, süni intellektin dini sahədə geniş istifadəsi bəzi din xadimlərinin mövcudluqları və peşələrinin gələcəyi ilə bağlı narahatlıq keçirməsinə səbəb olur:

"Burada əsas məsələ süni intellektin verdiyi bütün cavabların doğru qəbul edilməsi deyil. Dinlə bağlı sualların cavablandırılması, insanların məlumat əldə etməsi və müxtəlif dini məsələlər barədə araşdırma aparması üçün süni intellektdən istifadə imkanlarının genişlənməsi ənənəvi dini xidmətlərə olan ehtiyacı azalda bilər. Onlar düşünürlər ki, insanlar verilən suallara süni intellekt vasitəsilə cavab aldıqdan sonra artıq xidmətlərinə ehtiyac qalmayacaq. Əsas narahatlıq da bundan ibarətdir. Yəni məsələ süni intellektin hər dediyinin doğru olması deyil".

Dinşünas bildirib ki, süni intellektin verdiyi məlumatlar da mütləq araşdırılmalıdır:

"Onun cavablarını olduğu kimi qəbul etmək düzgün deyil. Çünki süni intellekt də insanların verdiyi suallar, təqdim etdiyi məlumatlar və yazılar əsasında inkişaf edir. Bu sistemlər daim yenilənir və əvvəlki kimi yerində saymır. Bu gün insanlar dinlə bağlı müxtəlif sualları din xadimlərinə, mollalara və digər dini mütəxəssislərə ünvanlayırlar. Onlar da həmin suallara cavab verir, bəzi hallarda dini məsələlərlə bağlı fətva xarakterli açıqlamalar səsləndirirlər. Lakin insanlar gələcəkdə öz suallarına süni intellekt vasitəsilə daha ətraflı və geniş cavablar əldə edə bilsələr, bu, müəyyən mənada din xadimlərinə olan ehtiyacın azalmasına gətirib çıxara bilər".

O qeyd edib ki, burada söhbət təkcə mollalıq peşəsindən getmir, daha geniş mənada din xadimliyi və dini iyerarxiyanın müəyyən formada dəyişməsi məsələsindən gedir:

"İnsanlar dini məlumatı birbaşa texnologiya vasitəsilə əldə etdikcə, ənənəvi dini vasitəçilərin rolu əvvəlki qədər böyük olmaya bilər. Yəni qısaca desək, süni intellektin inkişafı gələcəkdə mollalıq və din xadimliyi peşəsinin müəyyən formada dəyişməsinə, hətta bəzi istiqamətlərdə aradan qalxmasına səbəb ola bilər. Əsl narahatlıq da məhz bundan qaynaqlanır”.