"Son Zəng": Məktəb həyatına vida və yeni başlanğıc

"Son Zəng": Məktəb həyatına vida və yeni başlanğıc Sosial

Tədris ilinin başa çatması ilə məktəblərdə ənənəvi olaraq keçirilən “Son zəng” mərasimləri şagirdlərin həyatında xüsusi və unudulmaz bir mərhələni ifadə edir. Bu tədbir yalnız məktəb illərinə vida deyil, həm də gənclərin yeni bir həyata, ali təhsil və ya peşə fəaliyyətinə doğru atdıqları ilk rəmzi addım kimi dəyərləndirilir. Hər il olduğu kimi, bu il də məzunlar, valideynlər və müəllimlər üçün böyük emosional əhəmiyyət daşıyan “Son zəng” mərasimlərinin necə təşkil olunacağı, hansı qaydalara əməl ediləcəyi və tədbirlərin hansı formatda keçiriləcəyi cəmiyyətdə maraq doğuran əsas mövzulardan biridir.

Bu il “Son zəng”in necə təşkil olunacağı və hansı tövsiyələrin nəzərə alınması barədə News24.az-a danışan pedaqoq, şair-publisist Şəmsi Qoca bildirib ki, “Son zəng” tədbirləri hər il müəyyən olunmuş təlimatlar əsasında keçirilir:

“Bu təlimatlara məkan, vaxt və s. daxildir. Bu il də “Son zəng” tədbirlərinin Elm və Təhsil Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq, ilk növbədə məktəb ərazisində və müəyyən edilmiş vaxt çərçivəsində keçirilməsi gözlənilir. Tədbirlərin məktəbin həyətyanı sahəsində və ya akt zalında keçirilməsi mütləqdir. Kənar məkanlarda, məsələn restoran və istirahət mərkəzlərində təşkil olunan qeyri-rəsmi görüşlər məktəb rəhbərliyinin nəzarətində deyil və valideynlərin fərdi qərarına bağlıdır”.

Mütəxəssis şagirdlərin geyim məsələsinə də toxunub. O bildirib ki, son illərdə şagirdlərin geyiminə dair müəyyən “yazılmamış qaydalar” formalaşıb:

“Şagirdlərin həddindən artıq dəbdəbəli deyil, məktəbli obrazına uyğun, ağ köynək və ya tünd rəngli klassik geyimlərdə olmalarına üstünlük verilir. Bu həm bərabərliyi qoruyur, həm də günün mahiyyətinə, yəni məktəblə vidalaşma anına ciddiyyət qatır. Tədbirdə ifa olunan mahnıların və nümayiş etdirilən səhnəciklərin mənəvi-tərbiyəvi əhəmiyyət kəsb etməsi vacibdir. Milli-mənəvi dəyərlərimizə zidd olan, şagird adına yaraşmayan, bayağı və mənasız musiqi və rəqslərə yol verilməməsi əsas tələblərdən biridir”.

Şəmsi Qoca xatırladıb ki, “Son zəng” tədbirlərində təhlükəsizliyin qorunması üçün məktəb heyəti və valideynlər birlikdə hərəkət etməlidirlər:

“Bu, sadəcə bir mərasim deyil, bir mərhələnin bitişi və yeni həyatın başlanğıcıdır. Onun təhlükəsiz şəkildə keçirilməsi üçün məktəb və valideynlər birgə çalışmalıdır. Mərasim zamanı şagirdlərin kütləvi şəkildə yerdəyişmələri, pirotexniki vasitələrdən, məsələn, atəşfəşanlıq və tüstü bombalarından istifadə etmələri qəti qadağan olunmalıdır. Xüsusilə mərasimdən sonra şagirdlərin avtomobillərlə şəhər turuna çıxması və ya təhlükəli manevrlər etməsi ciddi risklər yaradır. Bu məsələdə valideynlərin övladlarına qarşı daha tələbkar olmaları vacibdir”.

Pedaqoq tədbirin yaddaqalan olması üçün bahalı olmasının vacib olmadığını da diqqətə çatdırıb:

“Tədbirin yadda qalması onun bahalı olması demək deyil. Şagirdlərin 11 illik məktəb həyatını əks etdirən videoçarxlar, müəllimləri ilə bağlı xoş xatirələri canlandıran çıxışlar, səmimi şeirlər və bədii kompozisiyalar həmin günü unudulmaz edir. Məktəb rəhbərliyi və müəllim kollektivi tədbir boyu nizam-intizamı tam nəzarətdə saxlamalı, şagirdlərin emosional vəziyyətini, həm sevinc, həm də ayrılıq kədərini düzgün şəkildə idarə etməlidirlər”.

“Son zəng məktəbə vida deyil, qazanılan biliklərin cəmiyyətə təqdimatının ilk addımıdır. Bu addımın təmkin və ləyaqətlə atılması hər bir məzunun gələcək uğurunun müjdəçisidir”, – deyə o bildirib.

Gülçin Abdullayeva