Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

Sürücülərdən alınan bu cərimələr geri qaytarılır Sosial

Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydası təsdiqlənib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq:

- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;

- inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.

Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.

Ödənişin qaytarılması üçün sahib inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə) bu qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Bu qayda Azərbaycan ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.