Telefonunuz suya düşübsə, bu səhvi qətiyyən etməyin
Sosial
Suya düşən və ya islanan smartfonu tez qurutmağa çalışmaq cihazın daha ciddi zədələnməsinə səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə “BGR” nəşri məlumat yayıb.
Mütəxəssislər ilk növbədə telefonun nəm olduğu halda enerji kabelinə qoşulmamasını tövsiyə edirlər. Şarj girişində qalan nəmlik elektrik təması nəticəsində cihazı sıradan çıxara bilər.
Telefonu düyünün içərisinə qoymaq da effektiv üsul hesab edilmir. Düyünün kiçik hissəcikləri cihazın girişlərinə dolaraq vəziyyəti daha da pisləşdirə bilər.
Telefonu güclü şəkildə silkələmək isə suyun korpusun daha dərin hissələrinə yayılmasına səbəb ola bilər.
Həmçinin fen, soba və birbaşa günəş işığından istifadə etməklə telefonu qurutmaq məsləhət görülmür. Yüksək temperatur ekranı, batareyanı və daxili hissələri birləşdirən yapışqan qatları zədələyir.
Telefon islanarsa, ilk növbədə onun qoruyucu üzlüyünü çıxarmaq və cihazı söndürmək lazımdır. Daha sonra telefonu yaxşı havalandırılan yerdə, şarj girişi aşağı istiqamətdə olmaqla saxlamaq tövsiyə olunur.
Mütəxəssislər mayenin növünün də əhəmiyyətli olduğunu bildirirlər. Əgər telefona adi sudan başqa şəkərli və ya digər tərkibli maye düşübsə, cihazın qurudulması onun işlək vəziyyətə qayıtması üçün kifayət etməyə bilər.