Toyda 20 cür yemək verilməsi vəhşilikdir - Fazil Mustafa ilə MÜSAHİBƏ
Sosial
Deputat: “İnsan başını düşünmək üçün istifadə etməlidir, baş yarmaq üçün yox”
“Qəbir həyatı yoxdur, həyat buradadır”
News24.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a geniş müsahibə verib. Komitə sədri müsahibəsində cəmiyyəti maraqlandıran bir sıra sosial, dini və ictimai məsələlərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
- Bakı Dövlət Universitetinə (BDU) yeni rektor təyin edilib. Son illər cəmiyyətdə BDU-nun əvvəlki nüfuzunu və reputasiyasını itirdiyi barədə fikirlər səslənir. Universitetin məzunu kimi siz də bu qənaətdəsinizmi? Yeni rektor təyinatı BDU-nun əvvəlki nüfuzunun bərpasına nə dərəcədə təsir göstərə bilər?
- Ümumiyyətlə, Azərbaycanda universitetlərə yalnız rektorun şəxsiyyəti üzərindən qiymət verilməməlidir. Təəssüf ki, bizdə universitetin kimliyi, nüfuzu daha çox onun rektoru ilə əlaqələndirilir. Halbuki ali təhsil müəssisəsinin ilk növbədə maddi-texniki bazası, laboratoriyaları, beynəlxalq əlaqələri və müzakirə mühiti olmalıdır. Təəssüf ki, universitetlərimizdə bu istiqamətlərdə ciddi boşluqlar var. Rektor təyinatı müəyyən məsələlərə təsir göstərə bilər, amma təkbaşına köklü dəyişiklik yaratmaq gücündə deyil. Bakı Dövlət Universitetində də rektordan asılı olan və olmayan kifayət qədər problemlər mövcuddur. Hətta ən ideal şəxsi rektor təyin etsəniz belə, o, təkbaşına universitetin bütün infrastruktur problemlərini həll edə bilməz. Məsələn, idman kompleksləri və stadionlar tikmək, tələbələrin yataqxana imkanlarını genişləndirmək, onlara daha yaxşı sosial şərait yaratmaq bir rektorun imkanları daxilində olan məsələlər deyil. Neçə ildir universitetin yataqxanası yararsız vəziyyətdədir. Tələbə kirayədə yaşayırsa və qazandığı vəsaitin böyük hissəsini kirayəyə ödəyirsə, onun sosial qayğıları təhsil qayğılarını üstələyir.
Sosial problemləri çox olan tələbənin dərslərinə diqqət ayırması da çətinləşir. Əslində, sovet dövründə də Bakı Dövlət Universitetində müəyyən problemlər mövcud idi. Mən özüm beş il yataqxanada yaşamışam. Orada adi yuyunma və hamam şəraiti belə qənaətbəxş deyildi. Normal oxu otağı, kitabxana şəraiti yox idi. Auditoriyalarda isə külək əsəndə yaranan uğultudan dərs dinləmək mümkün olmurdu.
Bütün bunlar təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Ona görə də rektorun dəyişməsi ilə universitetdə möcüzə baş verəcəyini düşünmək sadəlövhlükdür. Əvvəlki rektor da kifayət qədər savadlı və hazırlıqlı kadr idi. Hər bir rəhbər, müəyyən mənada, öz reputasiyasını qorumaq üçün çalışdığı müəssisədə müsbət dəyişikliklər etməyə cəhd göstərir. Ancaq bizdə nədənsə kadr dəyişikliyi özü islahat kimi təqdim olunur. Bir şəxsi vəzifədən çıxarıb digərini təyin etməklə yenilənmənin baş verdiyi düşünülür. Halbuki islahat bu deyil. Universitetlərin müasir laboratoriyalarla təchiz edilməsi, maddi-texniki bazasının gücləndirilməsi böyük maliyyə vəsaiti tələb edir. Bu gün həmin imkanlar məhduddur. Vaxtilə BP və digər şirkətlər bu istiqamətdə dəstək göstərirdilər. Lakin həmin imkanlardan lazımi səviyyədə istifadə olunmadı. Bəzi hallarda əməkdaşlıq imkanlarını universitetlərin inkişafına yönəltmək əvəzinə, şəxsi maraqlar ön plana keçdi. Nəticədə zəruri infrastrukturun yaradılması istiqamətində fürsətlər əldən verildi. Bundan başqa, müəllimlərin sosial müdafiəsi və təhlükəsizliyi ilə bağlı problemlər də var. Ümumiyyətlə, bizdə universitetə pul qazanmaq yeri, təhsilə isə gəlir mənbəyi kimi baxılması ənənəsi hələ də dəyişməyib. Orta məktəblərdə də bəzən eyni yanaşma ilə qarşılaşırıq. Məktəb direktorluğu və universitet rəhbərliyi şəxsi varlanma vasitəsi kimi qəbul edilməməlidir. Buna görə də yeni rektor təyinatından möcüzə gözləmək doğru deyil. Məleykə xanım kifayət qədər savadlı, peşəkar və müsbət reputasiyaya malik insandır. Ümid etmək olar ki, onun rəhbərliyi ilə universitetdə müəyyən müsbət dəyişikliklər baş verəcək, sağlam akademik mühitin formalaşması istiqamətində addımlar atılacaq. Amma burada ən vacib məsələlərdən biri universitetdə demokratik mühitin yaradılmasıdır.
Universitetdə tələbə sual verə bilmirsə, müəllimdən cavab tələb edə bilmirsə, sərbəst şəkildə tənqidi fikir söyləmək imkanına malik deyilsə, orada nə müəllim, nə də tələbə inkişaf edə bilər. Mən də ona görə hesab edirəm ki, Məleykə Abbaszadənin şəxsi keyfiyyətləri və peşəkar nüfuzu bu istiqamətdə müəyyən imkanlar yaradır. O, cəmiyyət qarşısında çıxış etməyi, gördüyü işləri müdafiə etməyi bacaran, hətta müəyyən təzyiqlər qarşısında mövqeyini qorumağa çalışan kadrdır. Bu baxımdan onun rəhbərliyi ilə yenilənmə prosesinin başlanacağına ümid etmək olar. Amma yenə də deyirəm, möcüzə gözləmək lazım deyil. Çünki universitetin maddi-texniki bazasını yeniləmək üçün çox böyük vəsait tələb olunur. Bunu yalnız rektorun səyi ilə həll etmək mümkün deyil. Dövlətin də bu istiqamətdə ciddi maliyyə dəstəyi olmalıdır.
- Qeyd etdiniz ki, universitetin fəaliyyəti yalnız rektorun üzərində qurulmamalıdır. Bəs bunun üçün hansı addımlar atılmalıdır?
- Bu, əslində, sistem problemidir. Belə halların qarşısını almaq üçün ilk növbədə davamlı və işlək sistem qurulmalıdır. Universitetin əsas məqsədi dörd il ərzində tələbənin sadəcə vaxt keçirməsinə şəraut yaratmaq deyil. O, universiteti bitirəndə bilik qazanmış, müəyyən bacarıqlara yiyələnmiş, fiziki və intellektual baxımdan inkişaf etmiş şəxs kimi formalaşmalıdır. Təsəvvür edin, universitetə qəbul olunan gəncin 16-18 yaşı olur. Onun təhsil aldığı müəssisədə futbol, basketbol meydançası, idman infrastrukturu yoxdursa, normal auditoriyalarda deyil, narahat şəraitdə dərs keçirsə, bu, onun inkişafına təsirsiz ötüşmür. Tələbə illərlə uyğun olmayan şəraitdə oturur, hətta gözləri ilə bağlı problemlər yaranır. Bütün bunlar təhsilin keyfiyyətinə də təsir edir.
Eyni problem orta məktəblərdə də var. Məsələn, bəzi məktəblərin idman zalları cəmi 30 kvadratmetr sahəyə malikdir, hündürlüyü isə 2,5 metrdir. Belə şəraitdə uşağın fiziki inkişafından danışmaq çətindir. Mənim oxuduğum orta məktəbdə isə böyük idman zalı var idi. Təbii ki, orada da sanitar şəraitlə bağlı problemlər mövcud idi. Amma bədən tərbiyəsi müəllimimiz bizə basketbol, voleybol, şahmat, tennis, futbol və bir sıra digər idman növlərinin əsas vərdişlərini öyrədirdi. Bu gün də həmin idman növləri ilə məşğul olmağımın təməli orta məktəbdə qoyulub. Bu nə deməkdir? Deməli, məktəb insana yalnız akademik bilik verməməli, həm də onun bütün həyatı boyu istifadə edəcəyi bacarıq və vərdişləri formalaşdırmalıdır.
Mən dörd il universitetin futbol komandasının mərkəz hücumçusu olmuşam, respublika yarışlarında iştirak etmişəm. Amma universitetdə futbolu asfalt meydançada oynayırdıq. Normal idman meydançamız yox idi. Belə şəraitdə tələbələrin fiziki və digər bacarıqlarını necə inkişaf etdirmək olar? Biz universitetdə müxtəlif tədbirlərin təşkilində də fəal iştirak edirdik. Müxtəlif yazıçıları, ziyalıları dəvət edir, müzakirələr keçirirdik. Vaxtilə Gülüstan müqaviləsi və Şah İsmayılın yubileyi ilə bağlı təşəbbüslərin təşkilində dostlarımızla birlikdə iştirak etmişik. Həmin dövrdə Mixail Qorbaçovun yenidənqurma siyasəti müəyyən mənada universitetlərdə də fəallıq üçün şərait yaratmışdı. Universitetlərimizdə Qorboçovsuz yenidənqurmaya ehtiyac var. Biz tələbənin azad düşünən, müstəqil fikir yürüdən, yalnız test və imtahan çərçivəsində formalaşmayan şəxsiyyət kimi yetişməsinə çalışmalıyıq. Bunun üçün yaradıcı müəllimlər yetişdirilməli, onların fəaliyyəti stimullaşdırılmalıdır. Sxolastik düşüncəyə malik müəllimlə universitetdə canlı akademik mühit yaratmaq mümkün deyil.
Bütün bunlardan əvvəl isə tələbələrin sosial qayğılarını azaltmaq lazımdır. Çünki sosial problemləri təhsilindən üstün olan tələbənin inkişafı çətinləşir. Məsələn, ötən gün "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığından avtomobillə keçərkən dərsdən çıxmış, avtobus gözləyən təxminən 2 min tələbə gördüm. Tələbənin evə gedib-gəlməsi üçün yolda dörd saat vaxt itirməsi onun həm fiziki, həm də zehni yorğunluğuna səbəb olur. Belə şəraitdə yüksək təhsil keyfiyyətindən danışmaq çətindir. Yataqxanası olmayan, yaxud yataqxanada normal şəraiti təmin edilməyən, iki nəfərlik otaqda belə sakit şəkildə dərs oxumaq imkanı tapmayan tələbə necə inkişaf edə bilər? Tələbənin dərsdən sonra qısa müddətdə yataqxanasına çatmaq, rahat şəraitdə hazırlaşmaq, kitabxanada oxumaq, müzakirələrdə iştirak etmək imkanı olmalıdır. Universitet yalnız fərdi təhsil məkanı deyil, həm də kollektiv öyrənmə və fikir mübadiləsi mühiti olmalıdır. Tələbələr bir-birindən öyrənməli, biliklərini bölüşməlidirlər. Bizim vaxtımızda beş-altı nəfər bir yerə toplaşıb imtahanlara hazırlaşırdıq. Mənim bilmədiyim sualın cavabını başqası bilirdi, onun bilmədiyini isə mən bilirdim. Konspektləri bölüşdürür, hərəmiz müəyyən sualları hazırlayır, sonra növbə ilə bir-birimizi dinləyirdik. Bu, qarşılıqlı öyrənmə və inkişaf mühiti idi. Təəssüf ki, belə bir mühit indi universitetlərdə lazımi səviyyədə yoxdur.
– Sosial şəbəkələrdə kifayət qədər aktivsiniz. İctimai müzakirələrdə, o cümlədən Şah İsmayıl, dini məsələlər və digər həssas mövzularda fərqli mövqelər ortaya qoyursunuz. Bu yaxınlarda Azad Vətən Partiyasının sədri Akif Nağı ilə sosial şəbəkədə fikir mübadiləniz də diqqət çəkdi. Maraqlı məqamlardan biri isə ünvanınıza gələn tənqid və rəylərin əksəriyyətinə şəxsən cavab verməyinizdir. Sizi müzakirələrə qoşulmağa, demək olar ki, hər məsələyə münasibət bildirməyə sövq edən nədir?
– Əslində, mən hər kəsə cavab vermirəm. Sadəcə, ümumi tendensiyaları izləyirəm. Məsələn, kimsə “Türkiyəə-Azərbaycan müharibəsi” ifadəsini işlədirsə, bunu bir virus kimi qəbul edirəm. Bu, qəsdən ortaya atılmış fikirdir. Guya bu, Osmanlı-Səfəvi müharibəsi üzərindən yeni bir termin kəşf edir. Halbuki belə yanaşma gələcəyimiz üçün ciddi təhlükə yarada bilər. Belə hallarda mən də vətəndaş mövqeyindən çıxış edərək münasibət bildirirəm.
Mən millət vəkili və komitə sədri olduğuma görə kabinetimə çəkilib vəzifəmin rahatlığını yaşamaq tərəfdarı deyiləm. Məsələyə belə yanaşmıram. Millət vəkili və komitə sədri olmaq həyatımın peşəkar tərəfidir. Amma ziyalı missiyası deyilən anlayışı heç vaxt özümdən kənarda tutmamışam. Cəmiyyətimizin gələcəyi üçün faydalı olan məsələlərə münasibət bildirməkdən çəkinməməliyik. Bu, bəzən mənim özüm üçün də narahatlıq yarada bilər, amma buna əhəmiyyət vermirəm. Əgər bu gün zərərli tendensiyaların qarşısını ala bilmiriksə, faydalı sözü vaxtında deyə bilmiriksə, sonradan xatirələrimizdə yazacağıq ki, vaxtilə ürəyimizdən keçirdi, amma deyə bilmədik. Xatirə ədəbiyyatına baxın, çoxları yazır ki, müəyyən fikirləri olub, lakin onları səsləndirə bilməyib. Halbuki elə məqamlar var ki, həmin sözləri Mircəfər Bağırovun qarşısında da deməli idin. Məsələn, Səməd Vurğunun kimisə qorumaq üçün nəsə söz deməsi qəhrəmanlıq idi. Hər hansı yazıçının, düşüncə adamının birinci katibin qəbulunda belə mövqe ortaya qoyması böyük cəsarət tələb edirdi. Amma sonradan görürsən ki, birinci katibdən ev, maşın istəyən, daha sonra xalqa gəlib qəhrəmanlıqdan danışan insanlar da ziyalı statusunda Azərbaycan cəmiyyətində çox sevilməyə başladı. Digərləri isə məsələn, Mirzə İbrahimov, lazımi qiyməti almayıb. Halbuki həmin ziyalıların heç biri onun arxa planda gördüyü işləri görməyib. Söhbət təkcə dil məsələsindən getmir. Sovet sisteminin partiya nomenklaturasına, onun rəhbərlərinə qarşı cəsarətlə bircə sərt söz demək belə insanın həyatını məhv edə bilərdi. Mirzə İbrahimov bunu gözə alırdı. Təəssüf ki, cəmiyyətimiz onun xidmətlərini yetərincə qiymətləndirmədi. Bu gün də çoxları Mirzə İbrahimovun kim olduğunu, hansı missiyanı daşıdığını dərindən bilmir. Halbuki tarixdə onun əsas missiyası doğru fikirləri cəmiyyətə çatdırmaq olub. Ona görə də günün qəhrəmanına çevrilməyə həddindən artıq aludə olmaq lazım deyil.
Fəaliyyətimizi yalnız sosial şəbəkələrlə də məhdudlaşdırmamalıyıq. Məsələn, ötən il üç kitabım nəşr olundu. Hər üçü kifayət qədər müzakirə və mübahisə doğura biləcək mövzulara həsr edilmişdi. Amma cəmiyyət onları müzakirə etmir. İnsanlar hər məsələyə şəxsiyyətin özü üzərindən yanaşırlar: filankəs hansı mövqedədir, parlamentdə niyə var, yaxud niyə yoxdur və sair. Bu il də yeni kitabım nəşr olunacaq. Üç-dörd aya başqa bir kitab üzərində işimi yekunlaşdırmağı planlaşdırıram. Yəni boş dayanmadan, gələcək nəsillərə qalacaq işlər görməyə çalışıram. Sosial şəbəkələr də bu fəaliyyətin istiqamətlərindən biridir. Sosial şəbəkə böyük nemətdir. İnsanlar ondan ağılla istifadə etməli, fikir mübadiləsi aparmalı və cəmiyyətin maariflənməsinə töhfə verməlidirlər. Əgər bu fürsəti də özümüzü reklam etməyə sərf etsək, heç nəyə nail ola bilmərik. Bəzən reklam kimi görünə biləcək paylaşımlar da edirəm. Məsələn, kitabxanamı nümayiş etdirirəmsə, məqsədim kiməsə şəxsi kitabxanamın olduğunu göstərmək deyil. İstəyirəm ki, insanlar bundan nümunə götürsünlər, kitaba maraq göstərsinlər, öz kitabxanalarını yaratsınlar və irsi qorusunlar.
İdmanla bağlı paylaşımlar edirəm, basketbol oyunlarını, maraqlı atışları nümayiş etdirirəm. Bəlkə də bu paylaşımlardan sonra beş gənc basketbola, beş gənc də futbola maraq göstərəcək. Yaxud Almatıda şahmat üzrə beynəlxalq yarışda iştirak etmişdim. Bunların hamısı cəmiyyətə müəyyən mesaj vermək üçündür. Millət vəkilliyi insan həyatının yeganə tərəfi deyil. Ailə, şəxsi həyat, maraqlar və başqa fəaliyyət sahələri də var. İnsan bütün bunları kompleks şəkildə inkişaf etdirməlidir. Mən rahatlıqla ortaya çıxa bilirəm, çünki mənə fəaliyyətimlə bağlı ancaq böhtan ata bilərlər. Məsələn, kimsə deyə bilər ki, 200 minlik avtomobil sürür. Halbuki mənim dövlət tərəfindən verilmiş xidməti avtomobilim var. Ümumiyyətlə, mənim 200 minlik avtomobilim də ola bilər. Bunun mənim mahiyyətimə nə dəxli var? Sadəcə, mən özüm avtomobilə bu qədər pul xərcləməyi ağılsızlıq hesab edirəm. Nəyə görə 200 minlik maşın sürməliyəm? Beş, on, yaxud 15 minlik avtomobil alaram, əsas odur ki, ayağımı yerdən götürsün. Artıq pulum olsa, onu kitablara xərcləyərəm. Xaricdən, xüsusilə Amerikadan kitablar gətizdirər, daha böyük işlər görərəm. Məsələ burasındadır ki, cəmiyyətə xəstə düşüncə aşılayan fikirlər tirajlananda eyni qaragüruh da bundan qidalanır. “200 minlik maşın sürürlər” kimi ifadələrə inanmaq daha asan gəlir. Yaxud dissertasiyamla bağlı fikir irəli sürənlərin mənim dissertasiyamın heç bir cümləsini oxuyub anlamağa belə qabiliyyəti çatmır. Halbuki mənim dissertasiyamın müdafiəsi üçün necə mübarizə apardığımı bilmirlər. Bəzi yuxarı çinli məmurlar mənim dissertasiyamı beş il qadağan edib. Dissertasiyamın keçməyi də Azərbaycanın parlaq ziyalılarından biri olan Yusif Rüstəmovun Akademiyanın Fəlsəfə İnstitutuna direktor təyin olunmasından sonra mümkün oldu. Yusif Rüstəmov məni yanına çağıraraq dedi: “Ya mən buradan gedəcəyəm, ya da sən bu əsəri müdafiə etməlisən”.
Elmi rəhbərim Azərbaycanın ən böyük alimlərindən biri Zakir Məmmədov idi. Zakir Məmmədov hər işə elmi rəhbərlik etmirdi. Müdafiə məsələsi gündəmə gələndə Yusif Rüstəmov məni Mahmud Kərimovun yanına göndərmişdi. O, bu əsərin Azərbaycan hakimiyyətinin siyasətinin əleyhinə deyil, sırf Azərbaycan dini düşüncəsinin fəlsəfi aspektdən təhlilinə həsr edildiyini izah etdi. Bundan sonra müdafiəmə yaradılan maneələr aradan qaldırıldı. Yusif Rüstəmovun cəsarəti olmasaydı, dissertasiyanı növbədənkənar müdafiəyə çıxarmağıma imkan verməzdilər. O, bir ziyalı kimi mövqe ortaya qoyaraq bildirdi ki, mən xalqa lazım olan adamam və bu əsəri müdafiə etməliyəm. Demək istədiyim odur ki, indi kənardan baxıb “Fazil Mustafa elmi əsər yaza bilmir?” deyə sual verirlər. Halbuki 31 kitab yazmışam. Belə primitiv yanaşmalar qaragüruhu qidalandırmaq üçün əlverişlidir. Ona görə də bu cür məsələlər keçicidir. Mənim şəxsi davam yoxdur. Mənim əsas mübarizəm tarixlə bağlı yanlış düşüncələrin gələcəkdə bizi zərərli istiqamətə aparmasının qarşısını almağa yönəlib. Bu yanlışlıqları aradan qaldırmalı, bugünkü sistemimizi düzgün qurmalıyıq. Əks halda, geriyə gedə, hətta qazandığımız qələbəni də itirə bilərik. Tarixdə çox böyük xalqlar arxayınlıq üzündən məğlub olublar. Hannibal haqqında belə bir fikir var: o, qələbə qazanmağı bacarırdı, amma qazandığı qələbədən necə istifadə etməyi bilmirdi. Məhz buna görə də sonda məğlub oldu.
– Fazil bəy, Ümid Partiyasının sədri İqbal Ağazadə Fərhad Bədəlbəyli haqqında maraqlı fikir səsləndirib. O, Bədəlbəylinin peşəkar pianoçu olduğunu, lakin onu ziyalı adlandırmağın doğru olmadığını bildirib. İqbal Ağazadənin fikrincə, cəmiyyətimizdə bəzən öz peşəsində uğur qazanan fiziklərə, yazıçılara və digər mütəxəssislərə avtomatik olaraq “ziyalı” statusu verilir. Bunun nəticəsində həmin şəxslərdən müəyyən ictimai mövqe və davranış gözləntiləri formalaşır. Gözləntilər doğrulmadıqda isə onların ziyalılığı müzakirə mövzusuna çevrilir. Sizcə, peşəkar fəaliyyətdə uğur qazanmaq insanı avtomatik olaraq ziyalı edir, yoxsa ziyalılıq tamamilə başqa meyarlarla müəyyənləşir? Fərhad Bədəlbəyli nümunəsində bu iki anlayışı necə fərqləndirmək olar?
– Mən bu məsələyə dindarlıq anlayışı üzərindən yanaşıram. Dindar nə deməkdir? Məsələn, mömin anlayışını götürək. Mömin olmaq xüsusi bir məqamdır və bunun çoxsaylı şərtləri var. Hər əsgər, hər zabit xüsusi təyinatlı ola bilmədiyi kimi, hər dindar da mömin ola bilməz. Mömin, bir növ, xüsusi təyinatlıdır. İnsan öz həyatını elə mənəvi keyfiyyətlərlə zənginləşdirməlidir ki, orada boşluq qalmasın.
Ziyalılıq da bizdə bir növ titul kimi qəbul edilir. Sovet dövrünün ziyalı modelindən fərqli bir anlayış formalaşdıra bilməmişik. Hətta adlar da dəyişməyib: Xalq yazıçısı, Xalq şairi, Xalq artisti, Əməkdar artist və sair. Xudu Məmmədov da Akademiyanın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru idi. Amma o, bunlardan əlavə, həm də ziyalı idi. Çünki onun xalqı aydınlatmaq, cəmiyyətə doğru fikirlər aşılamaq bir missiyası vardı. Ziyalılıq missiyası insanın özündə olan bilik və düşüncəni cəmiyyətlə bölüşməsi, onun tərəqqisinə töhfə verməsi deməkdir. Öz sahəsində böyük mütəxəssis olan çoxlu insan var. Özünə qapanmış yazıçılar da az deyil. Amma bütün yazıçılar ziyalı deyil. Bu baxımdan, məncə, belə insanları siyasətə cəlb etməklə onları yemə çevirmiş oluruq. Mən vaxtilə bir sıra sənətkarların xalq hərəkatına qoşulmasını da yanlış hesab etmişəm, indi də bu fikirdəyəm. Flora Kərimova və onun kimi sənətkarlar böyük dəyərlərdir. Onlar Azərbaycanın səsidir, əsl möcüzədirlər. Belə insanların sənəti və cəmiyyət qarşısındakı mənəvi çəkisi çox böyükdür. Lakin siyasətin içində zamanla aşınmağa başlayırlar. Həmin qaragüruh onları öz yanında görəndə qiymətləndirir, amma bir qədər fərqli, müstəqil fikir səsləndirən kimi təhqir etməyə başlayır. Sənətkarlar isə bəzən bu təzyiq qarşısında kövrəlir, əzilir. Beləliklə, yüzlərlə ziyalımız bu cür münasibətin qurbanına çevrilib. Bir az sonra həmin insanlara “Niyə kompromisə getdin?”, “Niyə vəzifə aldın?” kimi iradlar ünvanlanır. Halbuki düşünmürlər ki, bəlkə də həmin şəxs vəzifəyə gəlməklə cəmiyyətə daha çox fayda verə bilər. Məsələn, nazir olduğu halda daha böyük işlər görə bilər. Biz isə məsələlərə bu prizmadan baxmaqda çətinlik çəkirik. Ona görə də belə insanları nə yaltaqlığa, nə də mənasız, formal çıxışlara sövq etməliyik. Özüm də bir neçə tədbirdə belə halların şahidi olmuşam. Azərbaycanın tanınmış ziyalıları olub, adlarını çəkmək istəmirəm. Onların Prezidentlə görüşmək, birbaşa təmas qurmaq imkanları yaranıb. Belə məqamlarda dövlət başçısı da ziyalılardan müəyyən ictimai məsələləri qaldırmağı, cəmiyyətin problemləri ilə bağlı fikir və təkliflərini səsləndirməyi gözləyir. Bu baxımdan, Kapitsa ilə Stalinin görüşü maraqlı nümunədir. Stalin Kapitsadan soruşur: “Məndən nə istəyirsən? Bağ, maşın və sair?” Kapitsa isə cavabında bildirir ki, onun bir xahişi var. O, Stalindən Freydin əsərlərinin çapına icazə verilməsini istəyir. Çünki həmin dövrdə Freydin əsərlərinin nəşri qadağan edilmişdi. Halbuki Kapitsa atom və müdafiə sənayesinin inkişafında mühüm rol oynamış alim idi. O, şəxsi ehtiyaclarını deyil, elmi və ictimai əhəmiyyət daşıyan məsələni gündəmə gətirirdi. Demək istədiyim budur ki, dövlət rəhbərliyi ziyalılardan şəxsi istəklərini deyil, cəmiyyət üçün əhəmiyyətli məsələləri qaldırmağı gözləyir. Kimsə ev, maşın, övladına iş və ya başqa şəxsi imtiyazlar istəyirsə, bu, onun ziyalı nüfuzuna xələl gətirir. Eyni zamanda, rəhbərliyin həmin şəxsə münasibətinə də təsir göstərir. Biz elə bir ziyalı mövqeyi formalaşdırmalıyıq ki, o insanları yanlış mühakiməyə yönəldəcək fikirləri deməyi özünə rəva görməsin.
Fərhad müəllimlə dostluq münasibətimiz var, onu millətimizin dəyərli insanlarından biri kimi tanıyıram, ancaq bu yaşa gəlmiş, bu təcrübəyə sahib olan ziyalımız bu cür ifadələr işlətməməlidir. Türkiyə ilə qardaşlıq münasibətlərini pozmağa gətirib çıxaracaq, təxribat kimi anlaşıla biləcək fikirlərə bütün platformalarda qəti şəkildə yol verməməliyik. Bir məqama layiq olduğu xoş sözü söyləmək üçün başqa bir məqamı ağağılamaq doğru yanaşma deyil. Ümumilikdə isə titullar, adlar üzərində mübarizədən insanları xilas etməliyik. Hər kəs layiq olmadığı şeyi istəyir. Yəni layiq olmayan birinə Xalq artisti adı verilibsə, layiq oldu-olmadı, mənə də eyni ad ver deyirlər. Biz cəmiyyəti sosialist mühakimə tərzindən çıxarıb özgürləşdirməyə çalışmalıyıq. Çünki yazarın, alimin lazımi dərəcədə azadlığı olmasa, faydalı əsər meydana çıxara bilməzlər. Yazıçıya, alimə pul vermək, maddi imkan yaratmaq olar. Ancaq qarşılığında mənəvi öhdəlik qoyulduğunda ortaya dəyərli əsərlərin çıxarılması çox çətin gözlənti olar.
– Fazil bəy, siz dindən də danışdınız. Məlum olduğu kimi, Azərbaycanda dini radikalizmlə mübarizə həm dövlət səviyyəsində, həm də ayrı-ayrı ictimai şəxslərin iştirakı ilə aparılır. Ancaq radikalizmin yaranmasına şərait yaradan sosial səbəblərlə mübarizənin hansı səviyyədə olduğu da müzakirə mövzusudur. Sizcə, bu istiqamətdə əsas boşluqlar nədən ibarətdir?
– Boşluqlar çoxdur. Dini radikalizmin və xurafatın önündənən yaxşı alternativ təhsildir. Təhsil sistemindəki boşluqlar dini radikalizmin yayılmasına şərait yaradır. İnsan beynini elm və biliklə doldura bilmirsə, onu cəhalət, xurafat və rəvayətlər dolduracaq. Boş beynin doldurulma yeri ilk növbədə məktəbdir. Beyni biliklə dolfuracaq məktəb yoxdursa, yaxud uşaq məktəb mühitindən uzaq düşürsə belə bir beyni xurafatla doldurmaq isə çox asandır. Elmi bilik və məntiqlə düşünən insana xurafatı qəbul etdirmək mümkün deyil. Belə insan mütləq mühakimə edəcək, sual verəcək. Məsələn, soruşacaq ki, insanın çeçələ barmağı ilə qapını qaldırması fiziki baxımdan necə mümkün ola bilər? Yaxud bir qılınc zərbəsi ilə on-on nəfəri yerə sərmək realdırmı? Amma insanın düşüncəsi boşdursa, ona belə rəvayətləri həqiqət kimi təqdim etmək mümkündür. Bu, tariximizdəki bəzi folklor obrazlarına münasibətdə də özünü göstərir. Azərbaycan tarixində böyük qadın şəxsiyyətlərimiz olub. Həmidə xanım kimi maarifçi bir insanı, Məryəm xanım Bayraməlibəyovanı, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım kimi başına gələn müsibətlərə dözə bilmiş, sınaqlardan böyük mətanətlə çıxmış şəxsiyyətləri Azərbaycan cəmiyyətində nağıl qəhrəmanları kimi təqdim olunan Nigar və ya Telli xanım obrazları ilə hələ də əvəz ediriksə, deməli, folklor düşüncəsindən uzaqlaşa bilməmişik. Bir təsəvvür edin, hansısa qadının dağın başında, Çənlibelin o ağır şərtlərində yaşaması nə dərəcədə mümkündür? Ailəsini, evini qoyub belə şəraitdə necə yaşaya bilər? Xanın, paşanın qızı olan bir insanın həyatını bu şəkildə təsvir etmək nə dərəcədə həqiqətə uyğundur? Bu nağıllar şirin ola bilər, ədəbiyyat və poeziya baxımından dəyər daşıya bilər. Amma ədəbiyyatı reallığa çevirdikdə cəmiyyət düşüncə travması yaşayır. İnsan həmin qəliblərdən çıxa bilmir.
Qəhrəman anlayışına münasibətimiz də belədir. Dövlət quran insandan böyük qəhrəman kim ola bilər? Gürcüstanda bu yaxınlarda iki nəfərin dağıstanlılarla mübarizəsi ilə bağlı hadisə gördüm. Bir günün içində həmin şəxsi qəhrəmana çevirdilər. Halbuki gürcülərin Mamardaşvili kimi böyük filosofu var. Gürcülərin 90 faizi onu tanımır, amma Avropa Mamardaşvili ilə fəxr edir. Bu filosofu yetişdirən gürcü xalqı olub. Demək istədiyim odur ki, müəyyən bir situasiyada bir günün içində epizodik əməl sahiblərini qəhrəmana çevrilmək mümkündür. Müharibədə də belə hallar olur. Məsələn, şəhidlərimiz qəhrəmandır. Bəzən böyük şəhərlərdə heç kimin tanımadığı gənclər gedir və müəyyən bir anda qəhrəmanlıq göstərirlər. Biz də buna yüksək qiymət veririk. Amma ömrü boyu mərhələ-mərhələ qəhrəmanlıq nümayiş etdirmiş insanların dəyərini daha çox tanımalıyıq. Axundovun həyatı bütövlükdə qəhrəmanlıq nümunəsidir. Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Məmməd Əmin Rəsulzadənin həyatı da belədir. Bu insanların bütün ömrü mübarizə və qəhrəmanlıqla keçib. Əgər qəhrəmanlığı yalnız ayrı-ayrı epizodlarla ölçən cəmiyyət olsaq, həmişə uduzacağıq. Əsl inkişaf prosesə, davamlı fəaliyyətə qəhrəmanlıq kimi qiymət verən cəmiyyətlərdə mümkündür. Avropa cəmiyyətləri də məhz belə yanaşır. Janna d'Arkı konkret bir tarixi hadisənin qəhrəmanı hesab etmək olar. Amma düşünən fransızlar üçün Hüqo, Sartr daha böyük qəhrəmandır. Biz də düşüncəmizi ayrı-ayrı epizodlardan uzaqlaşdırmalı, ömrü boyu cəmiyyətə xidmət etmiş insanları tanımalı və dəyər yaradan şəxsiyyətləri düzgün seçməliyik. Kimsə bir döyüşdə rəqibini məğlub edə bilər, amma başqa bir insanın yaratdığı məktəb yüz illərlə yaşaya bilər. Hacı Zeynalabdin Tağıyevin qəhrəmanlığı sadəcə kiməsə pul xərcləməsində deyildi. Onun ən böyük xidmətlərindən biri Qızlar məktəbini açması idi. Təəssüf ki, bu gün də Azərbaycanda həmin ənənəni lazımi səviyyədə davam etdirə bilmirik. Mən hesab edirəm ki, qızlar üçün ayrıca məktəblər açılmalıdır. Qızlarımız səkkizinci, doqquzuncu sinifdən sonra təhsildən yayınmamalı, hamısı ən azı 11 illik təhsil almalıdır. Qızlarımızı savadlı, dünyagörüşlü ana olmağa hazırlamalıyıq. Onları ali təhsilə də təşviq etməliyik. Əvvəl-axır diplom almaq, iş tapmaq mümkündür. Amma insanın ailə həyatı, valideynlik məsuliyyəti də var. Bəs o zaman bu məsuliyyətə necə hazır olacaq? Bunu indidən düşünməliyik. Eyni zamanda, oğlanları da atalıq məsuliyyətinə hazırlamaq lazımdır. Çünki sağlam ailənin formalaşması hər iki tərəfin hazırlığından asılıdır. Məncə, əsas problem yanlışlarımızı görməməyimizdir. Buna görə də qəhrəmanlarımızı da, ziyalılarımızı da bəzən düzgün seçmirik.
Proseslərin haradan başladığını doğru müəyyənləşdirə bilmirik. Mən tez-tez deyirəm ki, bu fikrimə görə bəzən az qala daş-qalaq olunuram. 1828-ci ildə İrandan ayrılmağımız taleyimizi müsbət mənada dəyişdi. Əlbəttə, çox əziyyətlər çəkdik. Sovet zülmü altında yaşadıq, repressiyalar gördük, müxtəlif vəhşiliklərlə üzləşdik. Amma bunlar müvəqqəti həbsxana idi. O tayda yaşayan 30 milyon insan isə ömürlük həbsxanadadır. Bu məzhəb və din xəstəliyi insanları ömürlük həbsdə saxlayır. Onlar bu xəstəlikdən qurtula bilməyəcəklər və təəssüf ki, bizi də özləri ilə birlikdə buna yoluxdurmağa çalışırlar. Cəmiyyətimizi bundan qorumaq üçün insanlar özlərində cəsarət tapmalıdırlar. Qaragüruha qətiyyən boyun əymək olmaz. Mən həmişə deyirəm ki, ziyalı hakimiyyətdən nəsə istəyə bilər. İmkanı yoxdur, övladına iş lazımdır, bu, özlüyündə qəbahət deyil. Ən təhlükəlisi isə özünü ziyalı hesab edən insanın qaragüruha yaltaqlanması, onun xoşuna gəlməyə çalışmasıdır. Bir düşüncə adamı cəmiyyət üçün hansısa faydalı fikir səsləndirirsə, kütlə onu mənimsəyib həyata keçirməlidir. Ziyalı meydan çoxluğunun şüarını, qışqırığını təkrarlayan insan olmamalıdır. İllər boyu bu cür mühitdən keçsəm də , çalışmışam ki, hansısa təqlidçiyə çevrilməyim. Bunun da əziyyətini çəkirəm, müxtəlif hücumlarla üzləşirəm. Müstəqil dövlətimizin mövcudluğu hələlik bizi qoruyur. Bu varlığı qorumalıyıq ki, heç olmasa, on-on beş düşünən, müstəqil mövqeli insanımız fəaliyyət göstərə bilsin və ölkənin gələcəyinə fayda verə bilsin. Əks halda, cəmiyyətin aşağı qatlarında hökm sürən düşüncə cəhalətin davam etməsindən ibarət olacaq.
- Maraqlı bir məqama toxundunuz. Siz dini fanatiklərdən, məzhəbçi qruplardan danışdınız. Azərbaycanda həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Sizcə, cəmiyyətdə dini məsələlərlə bağlı bu qurumların təsiri daha çoxdur, yoxsa bəzən sosial şəbəkələrdə gördüyümüz kimi, xarici ölkələrdəki və ya Azərbaycandakı ayrı-ayrı din xadimlərinin təsiri güclüdür? Ümumiyyətlə, dini düşüncənin formalaşmasında kimlərin rolu daha böyükdür?
- Məncə, burada idarəetmə və müəssiə vasitəsilə cəmiyyətə təsir anlayışlarını bir-birindən ayırmalıyıq. Qafqaz Müsəlmanları İdarəsi də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də mövcud münasibətləri tənzimləmək üçün fəaliyyət göstərir. Onların əsas vəzifəsi cəmiyyətdəki dini münasibətləri mövcud qanunvericilik çərçivəsində tənzimləməkdir. Amma həmin münasibətləri köklü şəkildə dəyişə biləcək qüvvə aydınlar, ziyalılardır. Bunun üçün isə bilik və cəsarət lazımdır. XIX əsrin bütün intellektual yükü, müəyyən mənada, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin çiyinlərində idi. Böyük bir xalqın yükünü öz üzərinə götürən, dövrün sadəlövh inanclarına qarşı mübarizə aparan bu iki şəxs olmasaydı, XX əsrin əvvəllərindəki Azərbaycan maarifçi ziyalıları da formalaşa bilməzdilər. Biz də bizdən sonrakı nəsillərin, XXI əsrin sonlarında meydana çıxacaq aydınların yetişməsi üçün eyni fədakarlığı göstərməliyik. Ona görə də bu məsələdə müəssisələrə həddindən artıq böyük rol verməyin tərəfdarı deyiləm. Məsələn, universitetdə rektorun dəyişməsi münasibətlər sistemində müəyyən müsbət etik dəyişikliklərə səbəb ola bilər. Amma nə tələbənin, nə də müəllimin xarakterini bununla dəyişmək mümkündür. Tələbənin düşüncəsinə və mahiyyətinə təsir edən konkret müəllimdir. Onun keçdiyi dərslər, davranışı, öyrətdiyi fikirlər, işlətdiyi ifadələr, hətta jestləri belə tələbənin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, müəssisələrə arxayın olmamalıyıq. Müəssisələr, əsasən, bürokratik fəaliyyət sistemidir. Onlar nəyisə dəyişməkdən daha çox, mövcud fəaliyyətin problemsiz davam etməsinə çalışırlar. Dövlət müəssisəsi, dövlət qurumu riskə getmək istəməz. Riskə aydınlar, ziyalılar, düşüncə adamları gedər. Düşüncə adamlarının zəifliyinin səbəblərindən biri də fundamental mətnlərin yoxluğudur. Bu ölkənin fəlsəfi, sosioloji mətnləri yoxdur. Filosoflarımız, sosioloqlarımız ya yoxdur, ya da bu sahədə pərakəndə fəaliyyət göstərən bir neçə insan dan ibarətdir. Onların da çoxusu hələ öz məktəblərini yarada bilməyiblər. Halbuki məktəb yaratmalı, ardıcıllar yetişdirməlidirlər. Mən hansısa mətni oxuyub oradan nəticə çıxarmalıyam, müəyyən tezisləri mənimsəməliyəm. Bəs mən kimin mətnini oxuyuram? Hazırda əsasən informasiya oxuyur və ondan nəticə çıxarıram. Məsələn, Tramp Putinlə görüşür, mən də görüşün nəticələri ilə bağlı informasiyanı təhlil edirəm. Amma fundamental bilik əldə edə biləcəyim, dünyagörüşümü formalaşdıracaq mənbələrdən məhrumam. Üstəlik, xarici filosofların və sosioloqların düşüncələrini olduğu kimi öz cəmiyyətimizə tətbiq edə bilmərəm. Çünki ictimai material fərqlidir. Bizim cəmiyyətimiz düşüncə deyil, inanc toplumudur. İnsanlar düşünməkdən daha çox inanmaq, sonra isə inandıqlarını müdafiə etmək istəyirlər. Halbuki düşüncə insana bəzən belə deməyi tələb edir: “Bax, inandığın şey doğru deyil”. Mən bununla bağlı yazılarımda bir neçə nümunə də gətirmişəm. Məsələn, bir hindliyə bəzi inanclarının yanlış olduğunu başa salmaq asan deyil. Orada bir qisim insanlar kondisionerin suyunu içir, Qanq çayında milyonlarla insan yuyunur, inək müqəddəs sayılır. Bunların səhv olduğunu desən, adamın başını yararlar. Nepalada da taxtabiti ilə bağlı belə bir münasibətlə rastlaşa bilərsiniz. Taxtabitini öldürmək olmaz. İnsan öldürsən, bəlkə də, heç kim ciddi reaksiya verməz, amma taxtabitini öldürsən, bunu inancın təhqiri kimi qəbul edərlər. Belə bir şəraitdə Azərbaycandakı çoxsaylı pirlərə, müqəddəs hesab edilən məkanlara münasibətdə tənqidi fikir söyləmək olar? İnsanların inancına necə söz deyə bilərsən? Əsas problem də budur: bizdə inancı sorğulamaq, onu düşüncə süzgəcindən keçirmək mədəniyyəti formalaşmayıb.
- Siz aydınlardan danışdınız. Bizim üçün maraqlıdır ki, Milli Məclisdə aydınlar varmı? Parlamentdə kimləri aydın hesab edirsiniz?
- Mən sizə bir şey deyim. Bizim parlamentdə, əslində, mövcud siyasi konstruksiya daxilində insanların düşüncə sistemi o qədər də ön plana çıxmır. Hər kəs düşündüklərini açıq şəkildə bölüşmək üçün özündə cəsarət tapa bilmir. Bəzən nəyisə itirməkdən qorxur. Kiminsə partiya mənsubiyyəti, kiminsə sosial statusu, kiminsə biznes maraqları var. Belə bir şəraitdə insanları tam şəkildə tanımaq, onların əsl düşüncələrini üzə çıxarmaq çətinləşir. Bununla belə, parlamentdə kifayət qədər ziyalı keyfiyyətlərinə malik insanlar var. Parlament sədrindən tutmuş digər deputatlara qədər bu xarakterdə olan şəxslərə rast gəlmək mümkündür. Ancaq Azərbaycan cəmiyyəti müzakirəyə açıq olmadığı üçün insanların çoxu bəzən riskə gedərək fikirlərini sərbəst ifadə edə bilmirlər. Məsələn, sosial şəbəkələrdə hansısa müzakirəyə qoşulmaq belə bəzən ciddi problemlərə səbəb olur. Çünki sən bir məsələni müzakirə etmək istəyirsən, qarşı tərəf isə söhbəti sənin fikirlərindən uzaqlaşdırıb babanı, atanı, ailəni müzakirəyə çıxarır. Fransız filosofu Alenin belə bir fikri var: “Əxlaq qonşuda olan deyil, özündə olandır”. Bizdə isə heç kim əxlaqı özündə axtarmır, hamı qonşunun oğlunda-qızında axtarır. İnsanlar özününkünü deyil, qonşusunun həyətindəki ağacları sayır. Onun evinə kim gəldi, kim getdi, necə yaşadı – cəmiyyətin diqqəti əsasən bunlara yönəlir. Öz həyatını yaşamayan cəmiyyət isə inkişaf edə, düşüncə baxımından açıla bilmir. Əslində, bizim yalnız evlərimizi, həyətlərimizi əhatə edən divarlar deyil, özümüz də mənəvi feodalizm qalasının içində yaşayırıq. Cəmiyyətdən qorxuruq. Cəmiyyət isə inanc üzərində qurulduğuna görə düşünmək istəmir. Onun inandığına toxunmamalısan, onun istədiyi kimi danışmalısan. Onu düşünməyə vadar edən fikirlərdən narahat olur, hətta belə söhbətlərə nifrət edir. Cəmiyyətin düşüncə mühitini dəyişmədən, onu cəhalətdən və köhnə təfəkkürdən təmizləmədən yeni bir inkişaf yolu qurmaq mümkün deyil. Bu problemlərin kökü keçmişdən qopa bilməməyimiz, xurafatdan, cəhalətdən, əzbərlədiyimiz fikirlərdən və mətnlərdən uzaqlaşa bilməməyimizlə bağlıdır. Bu, siyasətdə də özünü göstərir. Mənə müsahibələrdə ən çox verilən suallardan biri budur: “Əvvəllər belə deyirdiniz, indi isə başqa cür danışırsınız”. Əlbəttə, mən 25 il əvvəlki düşüncələrimin bir çoxundan uzaqam. İllər keçib, oxumuşam, öyrənmişəm, həyat təcrübəm dəyişib. Bəziləri isə bunu əqidə dəyişikliyi kimi təqdim edir. Halbuki mən əqidəmi dəyişməmişəm. Mənim əqidəm millətimə, dövlətimə və insanlığa xidmət etməkdir. Sadəcə, bu məqsədə çatmaq üçün istifadə etdiyim vasitələri dəyişirəm, düşüncələrimi reallığa uyğunlaşdırıram. Çünki həyat qapalı bir mühit deyil ki, insan ömrü boyu eyni fikirləri təkrarlasın. Məsələn, həbsxanada bir kamerada tək qalanda insan bəzən xoşuna gələn eyni mahnını saatlarla təkrarlaya bilər. Çünki orada həyatın təkrarlanan ritminə uyğunlaşmağa məcburdur. Amma real həyat belə deyil. Dünya dəyişir, siyasi münasibətlər dəyişir, dövlətlər arasında yeni danışıqlar aparılır, Trampın, Si Cinpin və digər liderlərin atdığı addımlar beynəlxalq münasibətlərə təsir edir. Sən də bu dəyişiklikləri izləməli, düşüncələrini yeniləməlisən. Bizdə isə düşüncənin dəyişməsinə çox vaxt faciə kimi baxırlar. Bu, yanlış yanaşmadır.
Mən, məsələn, əvvəlki dini baxışlarıma nəzər salanda bəzi fikirlərimin yanlış olduğunu görürəm. Başa düşürəm ki, həmin düşüncələr insanın faydasına xidmət etmir. Bəzən elə bir dini təfəkkür formalaşır ki, insanın düşüncəsi saqqal və şalvarın balağı ətrafında fırlanır. Din zahiri görünüşdən ibarət bir anlayışa çevrilir. Bəzi qruplar isə guya VII əsrdəki həyat tərzini, əsri səadətini bu gün yenidən bərpa etməyə çalışırlar. Halbuki həmin dövrü idealizə etmək, bütün problemləri unudaraq onu mütləq xoşbəxtlik əsri kimi təqdim etmək doğru deyil. İnsanlar bir-birini öldürür, müharibələr aparır, amma bütün bunların fonunda ibadətdən danışırlar. dünyəvi dövlətdir, istədiyin kimi yaşa da. Əsl əsri səadət elə budur. İndi mən nə demək istəyirəm? İnsan başını düşünmək üçün istifadə etməlidir, baş yarmaq üçün yox. Əgər hansısa dini düşüncə insanın başını düşünməyə deyil, yarmağa aparırsa, deməli, orada ciddi problem var. Hansı din bunu öyrədir? Din insana, eyni zamanda, düşüncə və iradə azadlığı verməlidir. Allah insanı niyə yaradıb? İnsanı digər məxluqlardan fərqləndirən xüsusiyyətlərdən biri ona iradə və düşüncə verməsidir. Allah insana düşünmək qabiliyyəti verib və buna görə də ondan məsuliyyət tələb edir. Sən isə düşünmək əvəzinə yalnız təqlid edirsən, başqasının dediyini təkrarlayırsan. Məsələn, ərəb dilində deyilən sözlərin mənasını başa düşmədən dini mərasimlərdə iştirak edirsən. Bəlkə də, orada mülkiyyət və miras hüququndan danışılır, sən isə başqa bir şey zənn edərək ağlayırsan. Nə dediyini bilmirsən, amma başqaları ağladığı üçün sən də ağlayırsan. Bu, artıq sağlam dini münasibət deyil. Dinin özü də xəstə bir təfəkkürün təsiri altına düşür. Ona görə də biz bu məsələlərdə aydınlanmaya çalışmalıyıq. Bunun bizə müəyyən zərəri olsa da, kiminsə xoşuna gəlməsək də, hətta tənqid olunsaq da, bu işi görməliyik. Yaxşı ki, bu gün düşüncəli, duyarlı insanlar da az deyil. Əslində, biz əvvəlki nəsillərlə müqayisədə daha əlverişli imkanlara malik nəsilik. Təsəvvür edin, Mirzə Fətəli Axundzadə öz dövründə kiminlə fikir mübadiləsi apara bilirdi? Qafqazın şeyxülislamı ilə, yaxud general Vorontsovla. Xalqın içindən çıxıb onunla oturub söhbət edəcək, yazdıqlarını müzakirə edəcək adam tapmaq çətin idi. Onun nə sosial şəbəkəsi, nə də geniş auditoriyası var idi. Çox az adam onun nə etmək istədiyini anlayırdı. Bizim isə bu gün imkanlarımız daha genişdir. Sosial şəbəkələrimiz, bizi dəstəkləyən, fikirlərimizi bölüşən insanlar var. Hətta bəziləri yazır ki, sizin fikirlərinizi müdafiə edirəm, sizi dəstəkləyirəm. Mən isə onlara deyirəm ki, mənim fikirlərimlə bağlı dərhal qəti qənaətə gəlməyin. Sabah özüm də bu fikirlərimin yanlış olduğunu görə bilərəm. Mən hər hansı fikri müzakirə üçün səsləndirirəm. Bu gün belə düşünürəm, sabah oxuduqlarım, öyrəndiklərim məni başqa nəticəyə gətirə bilər. Həyatımda dəfələrlə belə mərhələlər olub. Yüzlərlə kitab oxumuşam, müxtəlif filosofların, sosioloqların fikirləri ilə tanış olmuşam. Görmüşəm ki, hansısa avropalı sosioloqun yanaşması daha məntiqlidir. Deməli, mən də düşüncəmi yeniləməliyəm. Bunu əqidə dəyişikliyi adlandırmaq doğru deyil. Amma mən odun olmaq istəmirəm. Mən düşüncələrimi dəyişmək, onları xalqıma daha çox fayda verəcək istiqamətdə inkişaf etdirmək istəyirəm. Mənim yolum budur.
- Vahid qəbristanlıq məsələsi müzakirə edilirdi. Məsələnin həlli üçün nə etmək olar?
- Qəbir həyatı termini var. Qəbir həyatı yoxdur. Həyat buradadır. Qəbir həyatı ilə bağlı elə elə dini nəzəriyyə yaranıb ki, qəbir həyatını insanlar öz həyatlarından önəmi sayır. Öləndən sonra insana münasibət də dəyişir. Sağlığında pul verilməyən, dəstək olunmayan alimə öləndə Fəxri Xiyaanda yer verməklə titullandırırıq. Toy, yas kimi məsələlərlə yanaşı qəbir daşına yanaşma da mədəniyyət çatışmazlığının göstəricisidir. Belə məsələləri cəmiyyəti özü həll edir. Məsələn almanlar qar yağdıqda, yolları qar basdıqda, öz həyətlərini təmizləyirlər. Bununla da ümumiyyətlə yolu təmizləmiş olurlar. Ancaq Azərbaycan da belə bir hadisəyə şahidlik edən varmı? Məsələn 1000 nəfərin yaşadığı binada hərə həyətə düşüb zibili təmizləsə, zibil qalarmı? Hər kəs gözləyir ki, kommunal idarə gəlib təmizləsin. İcma mədənyyəti anlayışı olmadığı müddətdə qəbir daşları ilə bağlı məsələ davam edəcək. Çünki ortada fərqlənmək istəyi var. Qanunla bu məsələ düzələn deyil. Toy məsələsi də belədir. Özü də bu varlılığa baxmır, kasıblar bu məsələdə daha çox canfəşanlıq edirlər. 100 dəfə yas mərasimlərini sadələşdirək deyirsən, "el nə deyər?" deyib etiraz edirlər. El adama pisliyinə, əxlaqsızlığına görə nəsə deyər. Kasıb el nə deyər adı ilə üç-beş min borc alıb yas verirsə, dövlət buna nə etsin?
Şadlıq evlərində nəzarət mexanizmi qoymalıdır. Toyda 20 cür yemək verilməsi vəhşilikdir. Vəhşi toy adətinin qarşısını almaq üçün dövlət müəyyən mexanizmlərlə məsələni tənzimləyə bilər. Söhbət adam çağırmaqdan getmir, istəyirsən, min nəfər çağır. Vəziyyəti dəyişə bilməməyimizin bir səbəbi də alternativimizin olmamasıdır. Ancaq ucuz və bahalığa görə seçim edə bilirik. Hansı restoranda lap müğənninin gəlməsini də hesablasaq, adam 250 manata yemək yeyər? Uzağı 100 manat xərc çəkərsən. Masaya 50 yemək yox, iki yemək ver. Bunlar hamısı mədəniyyət hadisəsidir. Xalqda tələbat yoxdur. Böyük əksəriyyət həyatını sadələşdirmək istəmir. Bəzən deyirlər ki, mədəniyyət dərsi keçək. Əslində isə mədəniyyətin ayrıca bir dərsi olmur. Mədəniyyət dərsi riyaziyyatın, ədəbiyyatın, həndəsənin, biologiyanın içində verilməlidir. Hər fənnin özündə müəyyən mədəniyyət komponentləri olmalıdır. Məsələn, şagird bilməlidir ki, müəllim danışırsa, ona qulaq asmalı, yoldaşı danışırsa, sözünü kəsməməlidir. Kimsə növbədədirsə, öz növbəsini gözləməlidir. Bunların hamısı məktəbdə öyrədilməlidir. Biz bunu etmədiyimizə görə belə problemlərlə qarşılaşırıq. Milli Məclisdəki çıxışım zamanı da bu məsələyə toxundum. Dedim ki, rəqəmsal və informasiya texnologiyalarının inkişafının əsas mənbəyi orta məktəb olmalıdır. Əgər orta məktəbdə bu baza yoxdursa, biz hansı rəqəmsal inkişafdan danışa bilərik? Məktəblərin laboratoriyaları yoxdur. Kompüterləşmə adı altında məktəblərə köhnə, işləməyən kompüterlər gətirildi, şəkillər çəkildi və məsələ bununla bitdi. Kimi aldadırıq? Aldada-aldada hara qədər gedəcəyik? Məktəbdə lazımi baza olmadıqda bizdə rəqəmsal texnologiyalar sahəsində hansı kəşf olacaq, riyaziyyat üzrə hansı elmi iş müdafiə ediləcək, fizikada hansı yenilik ortaya çıxacaq? Nəticədə, filologiya sahəsində də əsasən təkrar mövzular üzərində işləyəcəyik. Dilçilikdə nə qədər elmi iş müdafiə etmək olar? Ədəbiyyatda fars dilini bilmədən Nizaminin şeirləri haqqında nə qədər elmi araşdırma aparmaq mümkündür? Vaqifin, Səməd Vurğunun yaradıcılığı ilə bağlı eyni mövzuları nə qədər təkrarlamaq olar? Problem budur.
Molla Nəsrəddinin bir lətifəsi var. Bir gün bostana girir, görür ki, orada qarpız, yemiş və başqa məhsullar var. Başlayır onları qoparıb yığmağa. Bu zaman bostanın sahibi gəlib ondan nə etdiyini soruşur. Molla cavab verir ki, külək əsib onu da götürərək bostana gətirib. Bostan sahibi məhsulların kim tərəfindən qoparıldığını soruşanda isə molla deyir ki, külək onu aparmasın deyə məhsullardan yapışıb, hansından yapışıbsa, saplağından qopub. Sahib bu dəfə də məhsulların kisəyə kim tərəfindən yığıldığını soruşur. Molla isə cavab verir: “Elə mən də bunu düşünürdüm ki, sən gəlib çıxdın!” İndi mən də həmin sualın cavabını axtarıram: Bütün bunlar necə olub, bu vəziyyət necə yaranıb? Bizim mübarizəmiz, yazılarımız, çıxışlarımız da əslində bu suallara cavab tapmaq üçündür. Bu problemlərin mənbəyini, necə yarandığını və onları necə aradan qaldıracağımızı müəyyənləşdirməliyik. Əsas məsələ budur.
- Bəs bu sahədə müəyyən təşviq mexanizmləri yaratmaq olmazmı?
- Məsələ burasındadır ki, yuxarıdan da müəyyən məsələlərdə sadələşdirmə yolunu seçmək lazımdır. Burada xırda maraqları düşünmək olmaz. Məsələn, şadlıq sarayı hansısa imkanlı, vəzifəli şəxsindir deyə, o, istədiyi qaydaları müəyyənləşdirməməlidir. İstər şadlıq sarayı olsun, istər mərasim evi, fərqi yoxdur. İnsanların işini asanlaşdırmaq, bu sahələri sadələşdirmək üçün təkliflər verilməlidir. Əsas yanaşma bu olmalıdır. Bütün bunlar, mənim dediyim kimi, həm də dövlət qurumlarının üzərinə müəyyən missiya və vəzifələr qoyur. Mən də dövlət qurumunu təmsil edən şəxs kimi bu məsələləri dilə gətirirəmsə, deməli, belə bir niyyət, belə bir düşüncə mövcuddur. Hamımız bu məsələdə eyni mövqedən çıxış etsək, vəziyyəti dəyişmək mümkündür.
- Azərbaycanda ilahiyyatçılar arasında kimin düşüncələrini özünüzə daha yaxın hesab edirsiniz? Bir də bayaq maraqlı bir məqama toxundunuz. Dediniz ki, insanlar bəzən dini mərasimlərdə oxunan mətnlərin mənasını bilmədən ağlayırlar. Məsələn, mümkündürmü ki, yas mərasimlərində Quran ayələri Azərbaycan dilində oxunsun? Ümumiyyətlə, namazın da Azərbaycan dilində qılınmasına necə baxırsınız?
- Birincisi, düşüncə məsələsinə kiməsə xüsusi yaxınlıq meyarı ilə yanaşmıram. Mənim üçün əsas meyar sağlam mühakimədir. Məsələn, bu gün Elşad Miri, Tural İrfan və ya başqa ilahiyyatçılar müəyyən məsələlərlə bağlı sağlam məntiqə əsaslanan fikirlər səsləndirirlərsə, həmin fikirlərin cəmiyyətdə yayılmasına, daha geniş auditoriyaya çatmasına çalışıram. Eyni yanaşmanı Türkiyədəki Mustafa İslamoğlu, Mehmet Okuyan, Şabanəli Düzgün,Ərözdəmir, Bayraktar Bayraktarlı, Hasan Onat, Yaşar Nuri Öztürk və digər düşüncə adamlarına münasibətdə də göstərirəm. Cəmiyyətə sağlam mühakimə qazandıra biləcək fikirlərin yayılması vacibdir. İnsanlar bu fikirlərlə tanış olmalı, onlar haqqında düşünməlidirlər. Bu, həmin şəxslərin bütün fikirlərini dəstəklədiyim anlamına gəlmir. Hətta bəzən ateist düşüncəli insanların fikirlərini də paylaşıram. Görürəm ki, onların müəyyən mülahizələri məntiqlidir, sağlam mühakiməyə əsaslanır. Müstəqil yazarların, filosofların, Avropa düşüncə adamlarının fikirlərinə də eyni prinsiplə yanaşıram. Məsələn, Aqşin Yenisey, Cəlal Şəngör, Əhməd Arslan, İonna Kuçuradi və Güntay Gəncalpın fikirləri ilə tanış oluram. Onların da bütün düşüncələri ilə razı deyiləm. Ancaq məntiqli və əsaslandırılmış fikirlərini öz səhifəmdə paylaşıram. Bəzən buna görə məni qınayanlar da olur: “Sən niyə filan ateistin fikrini paylaşdın?”, “Niyə filan dindarı təbliğ etdin?” Mən insanın şəxsi həyatındakı bəzi məqamları, məsələn, hansısa hovuza girib üzməsini müzakirə etmirəm. Mənim üçün əsas məsələ onun irəli sürdüyü fikrin doğruluğu və məntiqidir. Namaz məsələsinə gəlincə, burada müəyyən dini standartlar var və onları pozmağı doğru hesab etmirəm. Namazın ərəb dilində qılınması ilə bağlı formalaşmış qaydalar mövcuddur. Bu qaydaların qorunması ümumi müsəlman həmrəyliyi baxımından da əhəmiyyətlidir. Ancaq Quranın məzmununun insanlara çatdırılması məsələsində başqa yanaşma olmalıdır. Ərəb dilini bilməyən insanlar Quranın mesajını öz dillərində anlamalıdırlar. Yas mərasimlərində Quranın məzmunu Azərbaycan dilində çatdırılmalıdır. Orada toplaşan insanların hamısı azərbaycanlıdırsa və əksəriyyəti ərəb dilini bilmirsə, Quranı niyə ərəbcə oxuyub onun mənasını insanlara çatdırmayaq? Yas mərasimi insanlara Quranın mesajını anlatmaq üçün bir fürsətdir. İnsanlar oraya toplaşıblar, onlara həmin mesajı öz dillərində çatdırmaq lazımdır. Ərəbcə oxuyanda başqa şeylərdən danışılır, amma insanlar heç nə başa düşmürlər. Quranın mesajını insanlara anladıqları dildə çatdırmaq daha doğrudur.
- Fazil bəy, deputat fəaliyyəti dövründə hansı məsələləri həll edə bilməmisiniz və geriyə baxdıqda hansı təşəbbüslərinizin reallaşmamasına görə təəssüflənirsiniz?
- Həll edə bilmədiyim məsələləri, əslində, burada sadaladım. Həll edə bilmədiyim problemlərin bir qismi cəmiyyətlə bağlıdır. Həll etdiyimiz məsələləri konkret şəkildə sadalamaq da asan deyil. Məsələn, təmsil etdiyimiz bölgənin sosial-iqtisadi vəziyyəti ilə bağlı bir çox təşəbbüslərlə çıxış etmişik, müxtəlif məsələlərin dövlət proqramlarına daxil edilməsinə nail olmuşuq. Ayrı-ayrı seçicilərə də köməyimiz dəyib. Amma həll edə bilmədiyimiz, daha çox sistemdən qaynaqlanan problemlər də olub. Məsələn, bir müəllimin, yaxud layiqli bir məktəb direktorunun hüquqlarını qoruya bilməmişəm. Bəzən bürokratik maneələr buna imkan verməyib. Son vaxtlar məktəblərdə üç-dörd növbəli təhsilin qarşısını almaq üçün təşəbbüs irəli sürmüşəm. Təklif etmişəm ki, məktəblərin həyətində mobil sinif otaqları yaradılsın, növbələrin sayı azaldılsın, şagirdlər 40 nəfərlik siniflərdə təhsil almağa məcbur qalmasınlar. Lakin bunun mümkün olmadığını bildirdilər. Bununla belə, həmin təşəbbüs uğrunda mübarizəmi davam etdirirəm. Yəni, heç bir məsələni tamamilə bağlanmış hesab etmirik. Əlimizdən gələni etməyə çalışırıq. Bəzən hansısa məsələni paylaşanda soruşurlar: bunu niyə qaldırmamısınız? Halbuki qaldırdığımız məsələlərin hamısını indi bir yerə toplasaq, kifayət qədər böyük material alınar. Hətta düşünürəm ki, bunları kitab şəklində nəşr etdirim. İnsanlar deputat olduğum müddətdə hansı məsələləri gündəmə gətirdiyimi, hansılarının həlli üçün çalışdığımı görəndə təəccüblənəcəklər. Ancaq təəssüf ki, cəmiyyətin yaddaşı çox zəifdir. Bəlkə də bu gün bəzi məsələləri daha yüksək səslə gündəmə gətirməliyəm.
Məsələn, Milli Məclisdə son büdcə müzakirələrinə baxın. Mən ölkədə islahatların aparılması baxımından vacib hesab etdiyim 10-a yaxın təklif irəli sürmüşəm. Bunlar turizmin inkişafı, elektrik avtomobillərinin təşviqi, iqtisadiyyatın gücləndirilməsi ilə bağlı təkliflərdir. Amma ictimai müzakirələr nəyə yönəldi? Qaçqınlara ev verilib-verilməməsinə, deputatların səsvermədə iştirak edib-etməməsinə, kimin düyməni basıb-basmamasına. Beləliklə, əsas məsələlər arxa plana keçdi, diqqət daha çox intriqalara yönəldi. Məsələn, "danışmaqxana" məsələsi müzakirə edildi. həmin müzakirələr zamanı Milli Məclisin sədri, əslində, hüquqi terminologiya baxımından düzgün ifadə işlətdi. Milli Məclisin Daxili Nizamnaməsi var və orada deputatın çıxış etmək hüququ, çıxış müddəti və digər məsələlər müəyyənləşdirilib. Hüquqi baxımdan burada "danışmaq" deyil, "çıxış etmək" anlayışı işlədilir. Çünki bunlar eyni məna daşımır. Deputatın çıxış etmək hüququ, onun müddəti və bu çıxışa görə məsuliyyəti var. Sadəcə danışmaq isə tamam başqa məsələdir. Əslində, bu fərqi də cəmiyyətə izah etmək lazım idi. Ancaq belə məsələlərin mahiyyəti açılmaq əvəzinə, diqqət daha çox mübahisəyə yönəldi. Sakit, məntiqli və qalmaqalsız şəkildə səsləndirilən fikirlərə isə demək olar ki, əhəmiyyət verilmir. Halbuki həmin müzakirələrdə kifayət qədər ciddi, cəmiyyətin xeyrinə olan fikirlər səsləndirildi. Lakin onların heç biri geniş yayılmadı. Diqqət yalnız mübahisə doğuran ifadələrə və yeni müzakirə mövzusu yaradan məqamlara yönəldi. Bu da, məncə, cəmiyyətdəki mədəni boşluqla bağlıdır. Hamı məsələnin mahiyyətindən uzaqlaşmağa çalışır.
Qəbiristanlıqlarla bağlı məsələdə də sanki bir yarışa başlamışıq. Halbuki bu, mənasız rəqabətdir. Nə fərqi var, qəbir dənizə baxır, ya baxmır? İnsan gedib yaxınını ziyarət etmək istəyirsə, bunun üçün mütləq dəniz mənzərəsi olan yerdə dəfn olunmasına ehtiyac yoxdur. Əksinə, daha sakit bir məkanda da ziyarət etmək mümkündür. Fəxri Xiyabanda dəfn olunduqda ziyarət daha çətin olacaq. Qəbiristanlıqda təmtəraq, qara ulduzlar, xüsusi keçidlər, avtomobil saxlamaq üçün əlavə ödənişlər nəyə lazımdır? Əsas məsələ insanın xatirəsini yaşatmaq və onu ziyarət etməkdir. Biz isə bəzən mahiyyəti unudub zahiri görüntülərə və mənasız rəqabətə üstünlük veririk.
- Ümumiyyətlə, komitə sədri kimi dinlə bağlı məsələlərdə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsinin tərəfdarısınızmı? Bu sahədə dəyişikliklər görmək istərdinizmi?
- Bəli, kifayət qədər ciddi islahatların keçirilməsinin tərəfdarıyam. Konkret təklifləri indi açıqlamağım doğru olmaz. Çünki rəsmi qurumun təmsilçisi kimi bu məsələləri yazılı təkliflər şəklində müvafiq qurumlara təqdim etməyə üstünlük verirəm və bunu da edirəm.
- Amma burada başqa bir məqam da var. Milli Məclisin bu sahə üzrə müvafiq komitəsi fəaliyyət göstərir. Lakin həmin komitə ilə aidiyyəti icra qurumları arasında əməkdaşlıq bəzən arzuolunan səviyyədə olmur. Tərəflər arasında münasibətlər istənilən kimi qurulmadıqda qanunvericilikdə də müəyyən tarazlıq pozuntusu yaranır. Bu barədə nə deyə bilərsiniz?
- Burada əsas məqam ondan ibarətdir ki, qanunvericilik təşəbbüsü imkanları daha çox icra hakimiyyətinin əlində cəmləşib. Bu, qanunvericilikdə də nəzərdə tutulub. Deputatın qanunvericilik təşəbbüsü hüququ isə müəyyən mənada fərqlidir. Çünki deputatın zəruri ekspert rəylərini əldə etməsi bəzən çətin olur. Bu baxımdan qanunvericilik təşəbbüslərinin daha çox müvafiq icra qurumlarından gəlməsi təbiidir. Bununla belə, biz əməkdaşlığın bütün formalarına açığıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi tədbirlərdə fəal iştirak edirik.
- Bəzi tədbirlərdə sizin iştirakınız nəzərə çarpmayıb...
- Ola bilər ki, bəzən mənim vaxtım olmur, yaxud dəvət edilmirəm. Bəzi hallarda qurumlar tədbirləri öz fəaliyyət istiqamətlərinə uyğun fərqli formatda keçirmək istəyirlər. Ancaq aramızda hər hansı narahatlıq və ya problem yoxdur. Mən hamı ilə əməkdaşlığa açıq adamam. Həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri, həm də Şeyxülislamla münasibətlərim çox yaxşıdır. İstənilən məsələni operativ şəkildə müzakirə edə bilirik. Çalışıram ki, heç bir qurumla korporativ ziddiyyət yaranmasın və mövqeyimizi yalnız konstruktiv əməkdaşlıq çərçivəsində ifadə edək. Təbii ki, mənim fikirlərim bir çoxlarının mövqeyindən fərqlənə bilər. Bu sahədə daha ciddi islahatların aparılmasını və təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayıram. Ola bilsin, bu fikirləri hansısa rəsmi sənəddə ifadə etmirəm, amma çıxışlarımda açıq şəkildə səsləndirirəm və bunu deməkdən çəkinmirəm. Çünki söhbət ölkənin gələcəyi üçün vacib hesab etdiyim məsələlərdən gedir. Vəzifəmi düşünərək, hansısa fikri səsləndirdiyimə görə problem yaşayıb-yaşamayacağımı hesablamıram. Cəmiyyətə zərər verən məsələlər varsa, bunları açıq şəkildə deməliyik. Hətta bu, ilk növbədə özümüz üçün müəyyən çətinlik yaratsa belə, həqiqəti söyləməkdən çəkinməməliyik. Çünki vaxtında müdaxilə edilməyən kiçik problemlər gələcəkdə daha böyük fəsadlara, bir növ virusun yayılması kimi, ciddi böhrana çevrilə bilər.
-Fazil bəy, parlamentdə komitə iclaslarının sayına görə sizin rəhbərlik etdiyiniz komitə, demək olar ki, ən az iclas keçirən komitələrdən biridir. Bunun səbəbi nədir?
- Halbuki bizim komitənin əhatə etdiyi sahə kifayət qədər genişdir. Burada qanunvericilik təşəbbüsü məsələsi də mühüm əhəmiyyət daşıyır. Sadəcə, bu sahə kifayət qədər mühafizəkar xarakter daşıyır və burada tez-tez, çevik qanunvericilik dəyişikliklərinə ehtiyac yaranmır. Məsələn, ötən gün qeyri-hökumət təşkilatları ilə bağlı tədbir keçirdik. Bu sahədə qanunvericilik təşəbbüsümüz var və həmin məsələni qaldıraraq müvafiq qaydada təqdim etmişik. Digər tərəfdən, hüquq sahəsində gündəlik olaraq çoxsaylı dəyişikliklər baş verir. Buna görə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyində daim məsələlər olur. Təhlükəsizlik sahəsində çoxsaylı müqavilələr, beynəlxalq münasibətlər sahəsində isə hər gün yeni sazişlər və sənədlər meydana çıxır. Hökumətin də təsdiqləməli olduğu müxtəlif sənədlər olur. Bizim fəaliyyət istiqamətimiz isə mahiyyət etibarilə belə çevik dəyişikliklər tələb edən sahə deyil. Burada hər gün qanunvericilik dəyişikliyinə ehtiyac yaranmır. Bəzən iki-üç ildən bir müəyyən dəyişikliklər gündəmə gəlir. Bəli, qeyri-hökumət təşkilatları da bizim fəaliyyət dairəmizə daxildir. Əlbəttə, problemlər var. Ancaq söhbət qanunvericilik dəyişikliklərindən gedir. İcra fəaliyyəti ilə bağlı kifayət qədər məsələlər mövcuddur. Lakin qanunvericilikdə dəyişiklik tələb olunmursa, bu məsələlər birbaşa bizim komitənin gündəliyinə daxil olmur. Bununla belə, komitə üzvlərimiz kifayət qədər fəaldırlar. Məsələ yalnız iclasların sayında deyil. Komitənin ayrıca fəaliyyət istiqamətləri, üzvlərimizin müxtəlif məsələlərlə bağlı çıxışları göstərir ki, biz ən fəal komitələrdən biriyik. Komitə üzvlərini bir-bir sadalasaq, görülən işlərin miqyasını özünüz də aydın görə bilərsiniz.
- Bəs ictimai dinləmələr...
- İctimai dinləmələrlə bağlı kifayət qədər təşəbbüslər irəli sürmüşəm və bu istiqamətdə təkliflər vermişəm. Ancaq qeyd etdiyim kimi, söhbət müəyyən qanunvericilik təşəbbüslərindən gedirsə, həmin təşəbbüslərin aidiyyəti qurumlar tərəfindən dəstəklənməsi də vacibdir. Bu məsələdə bəzən mühafizəkar yanaşma ilə qarşılaşırıq. Hər dəfə qanunvericilikdə dəyişiklik etmək imkanları eyni olmur. Buna baxmayaraq, bir neçə dəfə ictimai dinləmələr keçirmişik və yeni təşəbbüslər də irəli sürürük. Təkliflərimiz razılaşdırıldıqca, aidiyyəti qurumların dəstəyi təmin olunduqca onların reallaşdırılması üçün imkanlar genişlənəcək. Düşünürəm ki, həmin təşəbbüslərdən bir neçəsi həyata keçirilsə, komitəmizdə ictimai dinləmələrin sayı və əhatəsi də artacaq.
- Vaxtilə Tahir Kərimli belə bir fikir səsləndirmişdi ki, polisin yiyəsi var, amma deputatların yiyəsi yoxdur. Büdcə müzakirələri zamanı deputatlardan biri büdcəni tənqid edəndə, bəzən parlament rəhbərliyinin həmin deputatı müdafiə etmək əvəzinə, tamam fərqli mövqe ortaya qoyduğu da müşahidə edilir. Bunu necə qiymətləndirirsiniz?
- İlk növbədə, burada üslub məsələsi var. Məsələn, deputat çıxışında “Bizi sayan yoxdur” deyirsə, əslində, bu ifadə ilə özünə aşağı qiymət vermiş olur. “Bizi sayan yoxdur” deməkdənsə, özünə hörmət qazandırmalı, başqalarının da onunla hesablaşmasına nail olmalıdır. Mən heç vaxt belə ifadə işlətmərəm. Deputatın tənqidinin hansı üslubda səsləndirilməsi çox önəmlidir. Başqa auditoriyada istifadə etdiyin danışıq tərzini Milli Məclisə daşımaq olmaz. Parlamentdə müəyyən etik çərçivələr qorunmalıdır. Mən özüm də kifayət qədər tənqidlər səsləndirirəm. Ancaq bunu elə formada etməlisən ki, parlament etikasından kənara çıxmayasan və dediyin sözlərə görə müzakirənin istiqaməti dəyişməsin. Çünki iclası idarə edən şəxslərin əsas vəzifələrindən biri parlament etikasını qorumaqdır. Məsələn, deputatın mikrofon düyməsini basması və ya texniki problemlə üzləşməsi müzakirə mövzusu olmamalıdır. Bunun üçün Milli Məclisin ayrıca aparatı fəaliyyət göstərir. Yaxınlaşıb məsələni aydınlaşdıra bilərsən. Sənə izah edərlər ki, mikrofonun işləməməsinin səbəbi nədir, hansı qaydada çıxışa qoşulmaq mümkündür. Burada heç bir qərəzdən söhbət getmir. Ancaq belə texniki məsələləri parlamentin ümumi müzakirə predmetinə çevirmək düzgün deyil. Üslub düzgün olanda heç kimin sözünü kəsməyə ehtiyac qalmır. Üstəlik, Milli Məclisin sədri kifayət qədər mədəni və ziyalı insandır. O, heç kimə hörmətsiz münasibət göstərməz, hər kəsə “siz” deyə müraciət edər. Əminəm ki, heç bir aparat əməkdaşı da onun tərəfindən hörmətsiz davranışla qarşılaşdığını deyə bilməz. O, hamı ilə etik qaydalara uyğun davranan insandır. Eyni etik davranışı deputatlar da nümayiş etdirməlidirlər ki, münasibətlər qarşılıqlı olsun. İclası idarə edən şəxs parlament etikasının qorunmasına çalışmalıdır. Əks halda, ona irad tutula bilər ki, iclası düzgün idarə etmir. Bu baxımdan deputatın “Heç kim bizi saymır” kimi ifadələr işlətməsi, əslində, özünü aşağılamasıdır.
– Yəni, icra qurumlarının deputatlarla münasibətlərində hər şey qaydasındadırmı?
- Xeyr, hər şeyin qaydasında olduğunu demirəm. Məsələn, öz seçildiyim rayonda icra hakimiyyəti və digər qurumlarla normal əməkdaşlıq münasibətlərim var. Hər hansı məsələ icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll oluna bilirsə, onun həllinə çalışıram. Tutaq ki, vətəndaş müraciət edir, mülkiyyət sənədləri qaydasındadır, amma ev tikməsinə imkan vermirlər. Belə olan halda mən də aidiyyəti quruma müraciət edirəm və soruşuram: bunun səbəbi nədir, vətəndaşa niyə maneə yaradılır? Xeyr, bu, müəyyən mənada deputatın özündən də asılıdır. Deputat ilk növbədə özünə hörmət qoymalıdır. Özünə hörmət etməyən insana nazir niyə hörmət etsin? Hər hansı nazir mənə hörmətsizlik etsə, sabah Milli Məclisdə bu barədə açıq şəkildə fikrimi bildirərəm. Demək istəmirəm ki, deputatlar nazirlərin və ya digər məmurların qarşısında özlərini kiçiltməli, əzilib-büzülməlidirlər. Hər bir deputat öz xarakterini və şəxsiyyətini ortaya qoymalıdır. Göstərməlidir ki, onun da mövqeyi, şəxsiyyəti və təmsil etdiyi seçicilər qarşısında məsuliyyəti var. Nazir də öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq deputatdan şəxsi xahişlər gözləyə bilməz. Bəzən deputat hansısa şəxsi məsələ ilə bağlı nazirə müraciət edir. Nazir də görür ki, ortada ciddi ictimai əhəmiyyət daşımayan, şəxsi xarakterli bir xahiş var. Belə müraciətlər deputatın nüfuzuna da təsir göstərir. Ancaq söhbət bütöv bir cəmiyyətin, yaxud seçicilərin probleminin həllindən gedirsə, məsələ tamam başqadır. Deputat seçicisinin problemini qaldırırsa, nazir də həmin müraciətə məsuliyyətlə yanaşmalıdır. Əgər məsələ onun səlahiyyətləri daxilindədirsə, bunun həlli üçün addım atmalıdır. Əks halda, sadəcə “etmirəm” deməklə məsuliyyətdən yayına bilməz. Ona görə də deputat şəxsi münasibətlərə əsaslanan xahişlərlə ictimai əhəmiyyət daşıyan müraciətləri bir-birindən ayırmalıdır. Bəzən insan hansısa şəxsi xahişlə gedir ki, əliboş qayıtmasın. Bu, düzgün yanaşma deyil. Mümkün olan məsələlərdə qurumlar dəstək göstərməlidirlər, mümkün olmayan məsələlərdə isə bunu əsaslandırmalıdırlar. Bəzən deyirlər ki, filan nazir telefona cavab vermir. Mən belə düşünmürəm. Ola bilər ki, nazir özü deyil, köməkçisi zəngə cavab versin. Siz müraciətinizi çatdırırsınız, əlaqə saxlanılmasını xahiş edirsiniz və bir müddət sonra nazir özü də geri zəng edə bilər. Axı nazirin də çoxsaylı işi, gündəlik vəzifələri var. Hər kəsin öz problemi mövcuddur. Belə məsələləri dərhal başqa müstəviyə keçirmək düzgün deyil. Məncə, münasibətləri işgüzar əməkdaşlıq prinsipi əsasında qurmaq mümkündür. Deputat da ilk növbədə öz şəxsiyyətinə və statusuna hörmət etməlidir. Özünə hörmət edən, mövqeyini düzgün ifadə edən deputata heç kim hörmətsizlik edə bilməz. Bizim səlahiyyətlərimiz də kifayət qədər genişdir və onların dəyərini ilk növbədə özümüz bilməliyik. Deputat öz səlahiyyətlərinin və məsuliyyətinin fərqində olmalı, təmsil etdiyi institutun nüfuzunu qorumalıdır. Heç kim onun qanuni səlahiyyətlərini əsassız şəkildə məhdudlaşdıra bilməz.