Toylarda keyfiyyətsiz ət təhlükəsi: Bunlara diqqət edin!

Toylarda keyfiyyətsiz ət təhlükəsi: Bunlara diqqət edin! Sosial

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların narazılığından sonra masalardan yığışdırılıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və ictimai müzakirələrə səbəb olub. Bir çox hallarda restoran və şadlıq saraylarında təqdim olunan qidaların keyfiyyəti ilə bağlı oxşar iddiaların gündəmə gəlməsi toy məclislərində qida təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır.

Bəs şadlıq saraylarında qidaların keyfiyyətinə və təhlükəsizliyinə nə dərəcədə nəzarət olunur?

Məsələ ilə bağlı News24.az-a danışan qida üzrə mütəxəssis Fərid Səfərov bildirib ki, restoranlarda iylənmiş, mənşəyi məlum olmayan və yararlılıq müddəti keçmiş ət məhsullarından istifadə edilməsi yalnız istehlakçı hüquqlarının pozulması deyil, həm də insanların sağlamlığı və həyatı üçün ciddi təhlükədir:

"Belə məhsullar qida zəhərlənmələrinə, ağır infeksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bu halların qarşısını almaq üçün qida təhlükəsizliyinə nəzarət yalnız şikayətlərdən sonra deyil, mütəmadi və qabaqlayıcı şəkildə həyata keçirilməlidir. İlk növbədə, AQTA tərəfindən restoranlarda planlı və qəfil yoxlamalar gücləndirilməli, ət məhsullarının mənşəyi, müşayiətedici sənədləri, saxlanma temperaturu, yararlılıq müddəti və təchizat zənciri diqqətlə yoxlanılmalıdır. Restoranlar istifadə etdikləri məhsulların haradan alındığını təsdiq edən sənədləri təqdim etməli, soyuducu avadanlıqların temperaturuna və məhsulların saxlanma şəraitinə gündəlik nəzarət etməlidirlər. Xüsusilə çiy ətlə hazır yeməklərin təmasda olmasının qarşısı alınmalı, mətbəxdə sanitariya qaydalarına ciddi əməl edilməlidir"

Ekspertin sözlərinə görə, təkcə cərimələrin tətbiqi kifayət deyil, cərimələr pozuntuya görə məsuliyyət yaratmalıdır, lakin daha effektiv nəticə üçün təkrar pozuntulara görə sanksiyalar sərtləşdirilməli, insanların sağlamlığına ciddi təhlükə yaradan hallarda müəssisənin fəaliyyəti qanunvericiliyə uyğun məhdudlaşdırılmalıdır:

"Eyni zamanda, restoranların adları, aşkarlanmış pozuntular və görülən tədbirlər barədə ictimaiyyətə şəffaf məlumat verilməsi istehlakçıların məlumatlı seçim etməsinə kömək edər. İstehlakçı hüquqlarının qorunmasında vətəndaşların müraciət imkanları da mühüm rol oynayır. Restoranda yeməyin keyfiyyəti ilə bağlı şübhə yarandıqda, qəbz və digər sübutlar saxlanılmalı, hadisə AQTA-ya bildirilməlidir. Zəhərlənmə əlamətləri müşahidə olunarsa, tibbi yardıma müraciət edilməli və şübhəli qidadan istifadə dayandırılmalıdır".

O qeyd edib ki, digər vacib məsələ restoran əməkdaşlarının qida təhlükəsizliyi üzrə mütəmadi təlimlərə cəlb olunması və müəssisələrdə məsul şəxslərin müəyyən edilməsidir:

"Çünki qida təhlükəsizliyi yalnız nəzarət orqanının deyil, məhsulu istehsal edən, tədarük edən və istehlakçıya təqdim edən hər kəsin məsuliyyətidir. Əsas məqsəd pozuntu baş verdikdən sonra cəza vermək deyil, belə halların baş verməsinə imkan verməyən sistem qurmaqdır. Effektiv dövlət nəzarəti, şəffaflıq, real məsuliyyət və istehlakçıların fəal iştirakı birlikdə restoranlarda qida təhlükəsizliyinin təmin olunmasına və insanların sağlamlığının qorunmasına xidmət edə bilər".