Türkiyənin sosial şəbəkələrində Azərbaycana dəstək: "Qardaşlıq şərtlə olmur" - Foto

Türkiyənin sosial şəbəkələrində Azərbaycana dəstək: "Qardaşlıq şərtlə olmur" - Foto Sosial

Azərbaycanda məktəbli geyimi ətrafında müzakirələr Türkiyənin sosial şəbəkə seqmentində də reaksiyalar doğurub. Azərbaycana yönələn tənqidlərlə yanaşı, ölkəmizin dünyəvi dövlət modelini müdafiə edən, Bakıya təzyiq göstərilməsinə qarşı çıxan paylaşımlar da yayılır.

News24.az xəbər verir ki, "Instagram", "TikTok", "Facebook" və "X"də yayılan bu paylaşımlarda ortaq fikir diqqət çəkir: Azərbaycan müstəqil dövlətdir, öz təhsil sisteminə dair qərarları özü verir. Qardaşlıq isə qarşı tərəfin daxili işlərinə qarışmaq haqqı yaratmır.

Bu paylaşımlar bütün Türkiyə cəmiyyətinin mövqeyini əks etdirməsə də, bir həqiqəti göstərir: Azərbaycanı tənqid edən ayrı-ayrı şəxslər bütün Türkiyənin adından danışa bilməzlər. Onların yanaşmasına elə Türkiyənin özündə də etiraz edənlər var.

"X"də "GÜL" adlı istifadəçi Azərbaycan məktəblərində şagirdlərin məktəbli formasında dövlət himnini oxuduqları görüntüləri paylaşaraq yazıb:

"Azərbaycanda bir çox məktəb bu gün dərsə belə başlayıb: Məktəbli formasında və dövlət himninin sədaları altında. Sən möhtəşəmsən, Azərbaycan!"

Qardaşlıq şərtlə olmur

Azərbaycanı müdafiə edən sosial şəbəkə istifadəçiləri hər ölkənin öz tarixi, ictimai münasibətləri və dövlətçilik ənənələri olduğunu xatırladırlar. Türkiyənin daxili siyasi mübahisələrini Azərbaycana köçürmək, Bakının qərarlarını yalnız həmin mübahisələr üzərindən qiymətləndirmək ən azı sağlam məntiqə uyğun gəlmir.

Türkiyədə hansısa məsələnin illərlə qarşıdurma mövzusu olması Azərbaycanın da eyni yolu keçməli olduğu anlamına gəlmir. Hər ölkənin təcrübəsi və ictimai şəraiti fərqlidir.

Paylaşımlarda haqlı bir sual səslənir: İllərlə qardaş adlandırdığınız xalq sadəcə məktəbdəki geyim qaydaları ilə bağlı sizinlə eyni cür düşünməyəndə niyə ona qarşı münasibətiniz birdən dəyişir?

Qardaşlığı "bizim dediyimiz kimi davranmalısınız" şərtinə bağlamaq onun mənasını köklü şəkildə transformasiyaya məruz qoyur. Bu, qardaşlıq adı altında qarşı tərəfə öz iradəsini qəbul etdirmək cəhdidir. "Bir millət, iki dövlət" ifadəsi hər iki dövlətin müstəqilliyinə və qərarlarına hörmət tələb edir.

"X"də "Burak" adlı istifadəçi də Azərbaycanın dövlətçilik təcrübəsinə yuxarıdan baxılmasına etiraz edir: "Hələ bir Azərbaycana dövlətçilik öyrətməyə çalışırlar".

Dünyəvi dövləti miras almaq kifayət deyil

Bu müzakirə daha geniş bir məsələni də gündəmə gətirir: əvvəlki nəsillərdən dünyəvi dövlət miras almaq kifayətdirmi? Yoxsa onu qorumaq və inkişaf etdirmək üçün də məsuliyyət daşımaq lazımdır?

Hazır dövlət institutlarına sahib olmaq onların prinsiplərini gələcək nəsillərə çatdırmağa zəmanət vermir. Bunun üçün məktəbi, dövlət idarəçiliyini və ictimai həyatı ayrı-ayrı siyasi qrupların maraqlarına tabe etmək cəhdlərindən qorumaq lazımdır.

Dini hisslərdən siyasi məqsədlərlə istifadə etmək özlüyündə yaxşı heç nə vəd etmir. Təhsilin keyfiyyəti, ailələrin rifahı və gənclərin gələcəyi əvəzinə kimin daha dindar olduğu müzakirə mövzusuna çevrilir.

Azərbaycana yol göstərməyə çalışanlar əvvəlcə öz təkliflərinin nəticələri barədə düşünməlidirlər. Bu yanaşma cəmiyyəti birləşdirirmi? Təhsili inkişaf etdirirmi? İnsanların problemlərini həll edirmi? Yoxsa onları geyiminə, inancına və həyat tərzinə görə qarşı-qarşıya qoyur?

Dövlət idarəçiliyinin nəticəsi şüarlarla ölçülmür. İnsanların necə yaşadığı, uşaqların hansı təhsili aldığı və gələcəyə nə qədər inamla baxdığı daha vacibdir.

Azərbaycan öz yolunun doğruluğunu göstərmək üçün başqaları ilə uzlaşmaya getməyə borclu deyil. Dünyəvi məktəbi və ümumi qaydaları qorumaq gələcək nəsillər qarşısında məsuliyyətdir.

"X"də "Uzaktan Gelen" adlı hesab da Azərbaycanın milli kimliyini qorumasına diqqət çəkərək soruşur: "Azərbaycanın öz türk kimliyini və mədəni irsini qorumasını dəstəkləyirsinizmi?"

Dünyəvilik və inanca hörmət bir-birinə zidd deyil. Müxtəlif dini baxışları olan insanlar eyni cəmiyyətin üzvləridir. Məktəb də uşaqlara bir yerdə öyrənməyi, yaşamağı və bir-birinə hörmət etməyi öyrətməlidir.

Uşaqları böyüklərin mübahisəsinə qatmayaq

Türkiyəli sosial şəbəkə istifadəçilərinin toxunduğu başqa bir məsələ uşaqların bu müzakirələrin simasına çevrilməsidir.

Uşaqların görüntülərini paylaşan, onların adından danışan böyüklər bunun sonrakı təsirlərini də düşünməlidirlər. Məktəbyaşlı uşağın siyasi qarşıdurmanın mərkəzinə gətirilməsi onun maraqlarına nə dərəcədə uyğundur?

"Facebook"da "Rınde Naz" adlı istifadəçinin paylaşımında həm uşaqların təhsilə çıxışının təmin olunması, həm də onların dini və ideoloji təzyiqdən qorunmasının vacibliyi vurğulanır.

Türkiyənin sosial şəbəkələrində Azərbaycana dəstək: Qardaşlıq şərtlə olmur - Foto

Bu yanaşma başqa bir sual da doğurur: Uşaqların görüntülərinin siyasi mübahisələrdə yayılması onların maraqlarına nə dərəcədə xidmət edir? Yəqin ki, bu sualın cavabını tapmaq üçün bir o qədər də geniş və dərin mülahizə aparmağa ehtiyac yoxdur.

Ailənin inancına hörmət edilməlidir. Uşağın rahat təhsil alması, inkişafı və psixoloji vəziyyəti də diqqətdə saxlanmalıdır. Onu böyüklərin fikir ayrılıqlarının yükünü daşımağa məcbur etmək olmaz.

Məsuliyyətli yanaşma yaranan məsələləri uşağın təhsilini və ləyaqətini qoruyaraq həll etməkdir. Onun görüntüləri üzərindən qarşıdurmanı böyütmək isə nə həll yoludur, nə də adekvat addımdır.

Dəstək sonradan tələbə çevrilməməlidir

Paylaşımlarda Qarabağ mövzusunun məktəbli geyimi ilə bağlı mübahisəyə qatılmasına da etiraz olunur. Bəzi şərhlərdə səslənən "biz olmasaydıq..." məzmunlu fikirlər Türkiyədəki sosial şəbəkə müəllifləri tərəfindən tənqid edilir.

Belə yanaşma həm Azərbaycanın mübarizəsinə, həm də Türkiyənin göstərdiyi qardaş dəstəyinə kölgə salır. Qardaşa göstərilən mənəvi dəstək sonradan onun daxili işlərinə qarışmaq üçün əsas ola bilməz.

Azərbaycanın Türkiyənin dəstəyini qiymətləndirməsi öz qərarlarını vermək hüququndan imtina etməsi demək deyil. Xatırlatmaqda fayda var ki, minnətdarlıqla müstəqillik bir-birinə zidd deyil.

Videomüraciətlərdən birində iki xalq arasında məzhəb fərqlərini qabartmaq cəhdlərinə də etiraz edilir. Müəllif illərlə qardaş sayılan insanlar arasında sosial şəbəkə şərhləri ilə düşmənçilik yaradılmamasına çağırır. İnanc və milli kimlik fərqli anlayışlardır.

Bu xəbərdarlıq diqqətə layiqdir. Məktəbli geyimi ilə bağlı müzakirəni sünni-şiə qarşıdurmasına çevirmək hər iki xalqa zərər verər. Qardaşlığın dəyəri məzhəb fərqləri ilə ölçülə bilməz.

Azərbaycan heç kimin "arxa bağçası" deyil

"X" platformasında "İlay Aksoy" Azərbaycana kiminsə "arxa bağçası" kimi yanaşılmasını tənqid edir: "Görünür, AKP Azərbaycanın onun arxa bağçası olduğunu düşünüb".

Bu, paylaşım müəllifinin siyasi qiymətləndirməsidir. İfadə sərt olsa da, arxasındakı fikir aydındır: Heç bir xarici siyasi qüvvə Azərbaycanın yerinə qərar vermək haqqına sahib olduğunu düşünməməlidir.

Bu prinsip ölkəmizin xarici əlaqələrinə də aiddir. Bakı hansı dövlətlə hansı münasibəti quracağını öz təhlükəsizliyini və milli maraqlarını nəzərə alaraq müəyyənləşdirir.

Azərbaycanla dostluq onun müstəqil qərarlarına hörməti də nəzərdə tutur. Münasibətləri yalnız öz istəklərinin yerinə yetirilməsi ilə ölçmək dostluğa nə yaraşır, nə də onu gücləndirir.

Türkiyənin sosial şəbəkələrində Azərbaycanı müdafiə edən paylaşımların əhəmiyyəti də buradadır: iki ölkə arasındakı bağları qorumaq istəyən insanlar təzyiq və ittiham dilini qəbul etmirlər.

Azərbaycanın mövqeyini müdafiə etmək üçün kiminsə inancını və ya xalqını təhqir etməyə ehtiyac yoxdur. Ölkəmizin öz dövlətçilik yolu, təhsil modeli və gələcəyi qarşısında məsuliyyəti var.

Qardaşlıq Azərbaycana necə yaşamağı diktə etmək deyil. Onun müstəqilliyinə, dövlətinə və seçiminə hörmət etməkdir.

Türkiyənin sosial şəbəkələrində Azərbaycana dəstək: Qardaşlıq şərtlə olmur - Foto