Turşular bu halda zəhərlənməyə səbəb olur - XƏBƏRDARLIQ
Sosial
Payıq-qış mövsümü başlayandan turşudan zəhərlənənlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Xüsusilə pomidor, badımcan və digər tutmalardan xəstəxanalıq olanlar haqda daha çox eşidirirk . Əksər halda bunun da başlıca səbəbi sözügedən qidaların ev şəraitində düzgün hazırlanmaması olduğu bildirilir.
Bəs ev şəraitində turşu hazırlayarkən hansı qaydalara əməl edilməlidir? Tərəvəzlərin seçilməsindən bankaların sterilizasiyasına və turşunun saxlanma şəraitinə qədər hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, konservləşdirmə zamanı meyvə və tərəvəzlər mütləq yaxşı yuyulmalıdır: “Eyni zamanda keyfiyyətli, mövsümi və yerli meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Əgər meyvə və tərəvəzlərin hər hansı birində əzilmiş və ya xarab olmuş hissə varsa, həmin məhsuldan istifadə etmək təhlükəlidir.
Bundan əlavə, sanitar-gigiyenik qaydalara ciddi əməl edilməlidir. İstifadə olunan qablar təmiz olmalı, onların sterilizasiyası düzgün aparılmalıdır. Məhsulların saxlanma şəraitinə, xüsusilə də temperatur rejiminə diqqət yetirilməlidir. Konservlərin qaranlıq və sərin yerdə saxlanılması məqsədəuyğundur”.
Mütəxəssisin sözlərinə görə, bir çox hallarda bu qaydalara tam əməl olunmur: “Bəzən isə insanlar məhsulların qaynar su ilə emal edilməsi nəticəsində tərkibindəki bütün mikroorqanizmlərin məhv olduğunu düşünürlər. Lakin sterilizasiya qaydalarına düzgün əməl edilməyibsə və ya meyvə-tərəvəzin üzərində torpaq qalıqları varsa, konservləşdirilmiş məhsul təhlükəli ola bilər.
Eyni zamanda, məhsullar uzun müddət saxlanılarkən bankaların qapaqlarının şişməməsinə diqqət edilməlidir. Əgər məhsulun suyunda bulanıqlıq və ya çöküntü varsa, ondan istifadə etmək olmaz.
Bu qaydalar sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara da aiddir. Lakin sənaye üsulu ilə hazırlanan məhsullarla ev şəraitində konservləşdirilən qidalar arasında müəyyən fərqlər var. Belə ki, sənaye istehsalında bəzi konservantlardan istifadə olunur. Bu məhsulların saxlanma müddəti daha uzun olur və zəhərlənmə riski daha aşağı ola bilər. Bununla belə, məhsul alarkən bankanın qapağının şişmədiyinə, məhsulun təzə olduğuna və istifadə müddətinin bitmədiyinə diqqət yetirmək lazımdır.
Xüsusilə balıq, ət və digər heyvan mənşəli məhsullardan hazırlanan metal bankalardakı konservlər açıldıqdan sonra dərhal istifadə edilməlidir. Əgər məhsulun hamısı istifadə olunmayacaqsa, onu açıq metal qabda saxlamaq olmaz. Qalıq məhsul şüşə qaba köçürülərək ağzı bağlı şəkildə saxlanılmalıdır. Mümkün qədər kiçik qablaşdırmalara üstünlük verilməlidir ki, məhsul açıldıqdan sonra artıq hissə qalmasın”.
Məhsəti Hüseynova qablaşdırmanın üzərindəki məlumatlara xüsusilə diqqət etməyimizin lazım olduğunu da vurğulayıb. O bildirib ki, istifadə müddəti bitməsə belə, bankada şişkinlik varsa, xüsusilə də metal qabın üzərində istehsalçı şirkət, əmtəə nişanı, məhsulun tərkibi, xalis çəkisi və saxlanma şəraiti barədə məlumatlar tam göstərilməyibsə, həmin məhsuldan istifadə etmək olmaz: “Metal bankalarda olan balıq, ət və digər məhsulların son istifadə tarixi birbaşa bankanın üzərində qeyd edilməlidir. Əgər bu məlumat sonradan yapışdırılmış kağız etiketdə göstərilibsə və ya metalın üzərində yoxdursa, belə məhsulları alarkən ehtiyatlı olmaq lazımdır.
Ümumiyyətlə, meyvə və tərəvəzləri konservləşdirilmiş formada deyil, mümkün qədər mövsümündə və təzə halda istehlak etmək daha məqsədəuyğundur. Çünki konservləşdirmə zamanı məhsullar istilik emalına məruz qalır və bir çox vitamin və mineralların miqdarı azalır. Bu baxımdan konservləşdirilmiş məhsulların qida dəyəri təzə meyvə-tərəvəzlərlə müqayisədə aşağı ola bilər.
Xüsusilə allergik reaksiyalara meyilli, immun sistemi zəif olan, azyaşlı və yaşlı insanlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu cür məhsullardan istifadə edərkən diqqətli olmalıdırlar. Konservləşdirilmiş qidalar onların sağlamlığında müəyyən problemlərə səbəb ola bilər” – deyə o qeyd edib.