Ürək transplantasiyası icbari tibbi sığorta ilə qarşılansın - TƏKLİF

Ürək transplantasiyası icbari tibbi sığorta ilə qarşılansın - TƏKLİF Sosial

"Əhali arasında ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir. İcbari tibbi sığortanın sayəsində uğurların olması ilə bərabər əhalimizin icbari tibbi sığortadan gözləntiləri də kifayət qədər çoxdur. Onların hamısını sadalamaq çətindir, bir neçəsini istərdim ki, bugünkü toplantı iştirakçılarının nəzərinə çatdırım".

News24.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.

"Onlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələrinin təminatının icbari tibbi sığorta ilə qarşılanması məsələsidir. Bu barədə biz çox danışmışıq. Təəssüflər olsun ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problemlər öz həllini tapmayıb. Əminliklə demək olar ki, belə böyük bir büdcə ilə növbəti ildə bu məsələ öz müsbət həllini tapacaq. Son iki ildə ölkəmizdə artıq ürək transplantasiyası əməliyyatları həyata keçirilməyə başlayıb. Qafqazda ilk dəfə olaraq bizim ölkəmizdə həyata keçirilir. Bu əməliyyatlar son dərəcədə böyük maliyyət tutumludr. Növbəti ildən bu əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac duyulur", - deyə komitə sədri bildirib./ Unikal/