Uşağa qulluğa görə müavinət: 6 aylıq sığorta stajı necə hesablanacaq?
Sosial
Milli Məclisdə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 aylıq sosial sığorta stajının tələb olunması təklif edilib. Qeyd olunur ki, staj tələbi yalnız müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ qüvvədə qalır.
Maraqlıdır, bəs, 6 aylıq sosial sığorta stajı olmayan, lakin uşağa qulluğa görə sosial məzuniyyət hüququ olan şəxslər müavinət ala biləcəklərmi? Əvvəllər işləyən, lakin hazırda əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərin əvvəlki sosial sığorta stajı nəzərə alınacaqmı?
Məsələ ilə bağlı News24.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, üç yaşınadək uşağa qulluğa görə müavinətin hesablanması və ödənilməsi sistemi təkmilləşdirilir: “Eyni zamanda, büdcədə nəzərdə tutulan dəyişikliklərə əsasən, həmin vətəndaşlara ödənilən müavinətin məbləği təxminən üç dəfə artırılaraq aylıq 100 manata çatdırılır. Bu da ailələrin və uşaqların dəstəklənməsi siyasətinin tərkib hissəsidir.
Burada məhz 6 aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi uşağa qulluğun və bu xidmətin tam rəsmiləşdirilməsi, eləcə də sahədə şəffaflığın artırılması ilə bağlıdır. Eyni zamanda, bu, əmək hüquqlarının qorunması və məsuliyyət baxımından da vacib məqamlardan biridir”.
Millət vəkili bildirib ki, əvvəllər çalışmış və ən azı 6 ay sosial sığorta stajına malik olan vətəndaşlarımız üç yaşınadək uşaqlarına qulluq edə biləcəklər: “Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Belə ki, vətəndaşın ən azı 6 aylıq sosial sığorta stajı varsa və əvvəllər işləyərək bu stajı qazanıbsa, o, uşağa qulluğa görə qanunvericilikdə və büdcədə nəzərdə tutulan müavinəti almaq hüququna malik olacaq.
Sosial sığorta stajı tələbi sistemə inteqrasiya olunduğu üçün 6 aylıq staj əsas şərt hesab edilir. Bu tələbi yerinə yetirən hər bir vətəndaş üç yaşınadək uşağına qulluq etməklə dövlət büdcəsindən nəzərdə tutulan müavinəti almaq imkanına malik olacaq. Növbəti ildən isə qeyd etdiyimiz kimi, müavinətin məbləği 100 manata çatdırılacaq”.