Uşaqlarda aqressiyanın səbəbi nədir?
Sosial
“Uşaqların oynadığı bəzi oyunlar, izlədikləri filmlər və seriallar, eləcə də ailədaxili münasibətlər onların davranışlarına təsir göstərir”.
Bu sözləri News24.az-a müsahibəsində neyropsixoloq Aytəkin Aslan deyib.
O bildirib ki, bəzən uşağın aqressiv davranışları ətrafdakılar tərəfindən ciddi qəbul edilmir: “Onu sadəcə, sözə qulaq asmayan və başqaları ilə münasibət qurmaqda çətinlik çəkən uşaq kimi qiymətləndirirlər. Halbuki bu davranışların səbəblərini araşdırmaq vacibdir. Uşaq 6-8 yaşına qədər ailə üzvlərinin davranışlarını müşahidə edir və onları təqlid edə bilir. Ailədə idarə olunmayan aqressiya və fiziki zorakılıq varsa, uşaq həmin davranışları mənimsəyə bilər.
Bioloji amillər də nəzərə alınmalıdır. Aqressiv davranışlar müşahidə olunduqda mütəxəssisə müraciət etmək vacibdir.
Uşaqlarda mərhəmət və empati hissini inkişaf etdirmək də önəmlidir. Başqasının ağrısını, kədərini və hisslərini anlamağı öyrənən uşaq sağlam münasibətlər qurmağa daha çox meyilli olur”.