"WhatsApp"-a hər kəsin gözlədiyi funksiya gəldi
Sosial
“WhatsApp” tərtibatçıları istifadəçilərə telefon nömrəsini gizlətmək və “Telegram” mesencerində olduğu kimi istifadəçi adları ilə yararlanmaq imkanı verən yeni sistem təqdim ediblər.
News24.az xəbər verir ki, artıq istifadəçi adlarını rezerv etmək mümkündür. Bunu istəyənlər tətbiqin son versiyasında həyata keçirə bilər.
Öncə “Ayarlar”, daha sonra “Hesab” və “İstifadəçi adı” bölməsinə keçərək adınızı yaratmaq və ya sistemin avtomatik təklif etdiyi variantlardan birini seçmək lazımdır.
Funksiya aktivləşdirildikdən sonra yeni həmsöhbətlər hesab sahibinin telefon nömrəsini görmədən onunla istifadəçi adı vasitəsilə əlaqə saxlaya biləcəklər.
Beləliklə, “WhatsApp” istifadəçilərə telefon nömrəsini gizlətmək və məxfi məlumatlarını daha etibarlı qorumaq imkanı verəcək.
Bundan əlavə, mesencer əlaqə üçün xüsusi “açar” funksiyasını da təqdim edəcək.
İlk mərhələdə bu, dörd rəqəmli kod şəklində olacaq.
İstifadəçi ona mesaj göndərilməsini istədiyi halda həmin kodu istifadəçinin adı ilə birlikdə paylaşmalı olacaq.
Yeni funksiya yaxın aylarda müxtəlif ölkələrdə mərhələli şəkildə istifadəyə veriləcək.
İstifadəçi adlarının əlçatan olması barədə istifadəçilərə birbaşa tətbiq daxilində bildiriş göndəriləcək.