"WhatsApp" işlədənlərin diqqətinə - Hesablar bloklanır
Sosial
“WhatsApp” dünya üzrə istifadəçilərin hesablarını bloklamağa başlayıb.
News24.az xəbər verir ki, istifadəçilər bu barədə “X” və “Threads” platformalarında paylaşım ediblər.
Məlumata görə, bloklanan hesablarda çatlar əvəzinə tətbiqdə hesabın fəaliyyəti və cihaz məlumatlarının xidmət qaydalarına uyğunluğunun yoxlanıldığı barədə bildiriş göstərilib.
İstifadəçilərə yoxlamanın adətən 24 saat ərzində başa çatacağı bildirilib.
“Meta” nə bloklanan hesabların sayını, nə də problemin hansı ölkələrdə baş verdiyini açıqlayıb.
Lakin aylıq 3 milyarddan çox aktiv istifadəçisi olan platformada hətta kiçik bir texniki səhv belə minlərlə insana təsir göstərə bilər.
Şirkət bildirib ki, xidmətin təhlükəsizliyini qorumaq üçün qaydaları pozan hesablar mütəmadi olaraq aşkar edilərək bloklanır.
Bununla belə, avtomatik sistem bəzən səhv qərar verir və belə hallarda günahsız istifadəçilərin hesablarına giriş mümkün qədər tez bərpa olunur.
“Meta” nümayəndəsi təsdiqləyib ki, təsirlənmiş hesabların bərpası üçün artıq müvafiq tədbirlər görülüb.
Lakin “WhatsApp”-ın niyə kütləvi şəkildə istifadəçiləri qayda pozuntusunda şübhəli hesab etdiyi barədə məlumat verilməyib.