Xəzər dənzində boğulmaların əsl səbəbi bu imiş... - İnanılmaz faktlar
Sosial
Yay mövsümünün gəlişi ilə dəniz sahilləri, çaylar və göllər minlərlə insanın üz tutduğu əsas istirahət məkanlarına çevrilir. Ancaq sərinlənmək və istirahət məqsədilə edilən bu səfərlər bəzən faciə ilə nəticələnir. Demək olar ki, hər yay onlarla insan suda boğularaq həyatını itirir və bu acı statistika ildən-ilə narahatlıq doğurur.
2026-cı ilin yay mövsümü hələ tam başa çatmasa da, artıq qeydə alınan boğulma halları ötən illərlə müqayisədə ciddi narahatlıq yaradır. Bu hadisələrin artması fonunda sosial şəbəkələrdə müxtəlif iddialar da yayılmağa başlayıb. Bəzi şəxslər boğulmaları dənizdə olduğu deyilən "burulğanlar" və ya "vortekslər"lə əlaqələndirir, digərləri isə suyun altında tektonik dəyişikliklər nəticəsində qəfil dərinləşmələrin baş verdiyini iddia edir.
Bəs bu fikirlər nə dərəcədə doğrudur? Həqiqətənmi dənizin dibində tektonik dəyişikliklər və ya təhlükəli burulğanlar insan həyatını riskə atır, yoxsa boğulmaların əsas səbəbi təhlükəsizlik qaydalarına əməl edilməməsi və digər amillərlə bağlıdır?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev bildirib ki, son günlər sosial şəbəkələrdə səsləndirilən "dənizdə tektonik dəyişikliklər", "burulğanlar" və digər oxşar iddialar elmi baxımdan təsdiqini tapmayıb:
"Boğulma hallarının artmasına səbəb daha çox insan amili və mövcud təbii şəraitdir. Xəzər dənizində aparılan tədqiqatlar davam etsə də, bütün sahələr tam şəkildə öyrənilməyib. Bu da müxtəlif fərziyyələrin və şayiələrin yayılmasına şərait yaradır. Bu səbəbdən baş verən hadisələri yalnız tektonik proseslərlə əlaqələndirmək doğru yanaşma deyil".
Ekoloq qeyd edib ki, son vaxtlar müşahidə olunan kəskin istilər insanların kütləvi şəkildə çimərliklərə üz tutur. Lakin onların bəziləri Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik qaydalarına əməl etmir: "İnsanlar gecə saatlarında, xilasedici məntəqəsi olmayan və çimməyə icazə verilməyən ərazilərdə suya daxil olurlar ki, bu da faciə riskini xeyli artırır. Xəzər dənizinin səviyyəsinin son illərdə geri çəkilməsi də təhlükəli vəziyyət yaradıb. Əvvəllər dayaz olan sahələrdə dəniz xeyli geri çəkildiyi üçün bəzi yerlərdə qəfil dərinliklər əmələ gəlib. Nəticədə insanlar təhlükəsiz hesab etdikləri ərazilərdə gözlənilmədən dərinliyə düşürlər".
Mütəxəssis bildirib ki, dəniz suyunun temperaturunun bəzi hissələrdə qəfil dəyişməsi də insan sağlamlığı üçün risk yaradır:
"İsti havadan sonra qəfil soyuq suya daxil olmaq damarların daralmasına, əzələ qıcına və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan başqa, spirtli içki qəbul etdikdən sonra dənizə girmək də boğulma riskini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanda hələ də üzməyi bacarmayan insanların sayı kifayət qədərdir. Küləkli hava şəraiti, dənizin geri çəkilməsi nəticəsində dəyişən relyef və təhlükəsizlik qaydalarına əməl olunmaması boğulma hallarının əsas səbəbləri sırasındadır".