Xəzər Tibb Mərkəzində sistem çökdü - YENİLƏNDİ
Sosial
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir:
"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.
Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.
Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
11:56
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xəzər Tibb Mərkəzində qeydiyyat sisteminin işləməməsi vətəndaşların narazılığına səbəb olub.
News24.az-a daxil olan şikayətə əsasən, sistem işləmədiyi üçün vətəndaşlar tələb olunan ödənişi edə bilmirlər. Ödəniş edilmədikdə də həkim müayinəsindən keçmək mümkün deyil.
Yaranan problem səbəbindən tibb mərkəzində xeyli sayda vətəndaşın gözlədiyi bildirilir.
Qeyd edək ki, ölkə üzrə üç gündür TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sistem işləmir. Vətəndaşlar arayış, tibbi sənəd almaq, həmçinin hərbi xidmət üçün yoxlanışa getdikdə əli boş qayıdırlar. Həkimlər "gözləyin, sistem düzələcək", desə də, üç gündür problem həll olunmur.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələ ki, rəsmi münasibət bildirilməyib.