Xəzərdə yeni adalar yaranır: Azərbaycan sahillərində də belə ehtimal varmı?

Xəzərdə yeni adalar yaranır: Azərbaycan sahillərində də belə ehtimal varmı? Sosial

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Qazaxıstan sahillərində yeni adalar yaranır. Sonuncu ada bir neçə gün əvvəl Kulalı adası yaxınlığında aparılan hava müşahidələri zamanı qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, Şimali Xəzərin bəzi hissələri gələcəkdə Aral dənizinə bənzər quruma təhlükəsi ilə üzləşə bilər.

Belə ki, son dörd-beş ildə həmin ərazidə bir neçə yeni ada üzə çıxıb. Onlardan bəzilərinin uzunluğu bir kilometrə, eni isə 200-300 metrə çatır. Bununla belə, bütün yeni quru sahələrinin daimi adalara çevriləcəyi dəqiq deyil. Bu, dəniz dibinin quruluşundan, dalğalardan, küləkdən və su səviyyəsinin gələcək dəyişməsindən asılıdır.

Maraqlıdır, gələcəkdə Xəzər dənizinin Azərbaycan sahili boyu ərazilərində yeni adalar yarana bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, Xəzər dənizində yeni adaların meydana çıxmasını qiymətləndirərkən ilk növbədə dəniz dibinin relyefi və suyun dərinliyi nəzərə alınmalıdır:

"Dənizin müxtəlif hissələrində suyun dərinliyi fərqli olduğundan səviyyənin azalması da hər ərazidə eyni nəticəni vermir. Dəniz dibində suyun səthinə yaxın yerləşən yüksəkliklər və təpəliklər suyun çəkilməsi ilə üzə çıxa, nəticədə ada görünüşü ala bilər. Xəzərin şimal hissəsi cənubla müqayisədə daha dayazdır. Buna görə də su səviyyəsində baş verən dəyişikliklər şimal ərazilərində daha aydın hiss olunur. Dənizin mərkəzi hissəsində isə dərinlik şimala nisbətən çox, cənubla müqayisədə az ola bilər. Bu fərqlər suyun çəkilməsinin sahil xəttinə və ayrı-ayrı ərazilərə təsirini müəyyənləşdirir".

Ekspert qeyd edib ki, Xəzər dənizinin tarix boyu üzləşdiyi əsas problemlərdən biri su səviyyəsinin vaxtaşırı dəyişməsidir:

"Milyon illər ərzində dənizin sahəsi və su tutumu müxtəlif dövrlərdə dəyişib, bəzi vaxtlarda genişlənib, digər dövrlərdə isə xeyli kiçilib. Bu səbəbdən hazırda yeni adaların və ya dayaz sahələrin üzə çıxmasını yalnız qeyri-adi hadisə kimi qiymətləndirmək düzgün olmaz. Xəzər dənizinin gələcəkdə yenidən genişlənməsi və su səviyyəsinin yüksəlməsi də istisna edilmir. Bununla belə, belə bir prosesin qısa müddətdə baş verməsi gözlənilmir. Çünki dənizin səviyyəsi onun geniş su toplama hövzəsindəki iqlim şəraiti, yağıntılar və çay axınları kimi amillərlə əlaqəlidir".

Ekspert diqqətə çatdırıb ki, Xəzər dənizinin su balansına təsir edən əsas amillərdən biri onun hövzəsinə düşən yağıntılar və çaylar vasitəsilə daxil olan sulardır. Bu baxımdan, hövzədə yağıntıların miqdarı, quraqlıq dövrləri və çayların sululuğunda baş verən dəyişikliklər dənizin səviyyəsinin formalaşmasında mühüm rol oynayır.

"Xəzərin səviyyəsinin yüksəlməsi üçün müəyyən müddət ərzində hövzədə su ehtiyatlarının artması və dənizə daxil olan suyun həcminin dəyişməsi lazımdır. Bu prosesin bir və ya iki il ərzində baş verərək dənizin səviyyəsini kəskin şəkildə yüksəltməsi real görünmür. Dəyişikliklər daha uzun müddət ərzində formalaşa bilər. Xəzər dənizində yeni adaların yaranması dənizin dibinin relyefi və su səviyyəsindəki dəyişikliklərlə əlaqəli təbii proses ola bilər".