Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı

Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı Sosial

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb.

Bu barədə News24.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım illər sonra, 44 yaşında doğma torpağında yeni həyata başlayıb.

O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

L.Mahmudova qeyd edib ki, 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etsə də, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:

"Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun."

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib.