Yağışla bağlı bədbin proqnoz: Növbəti aylarda…
Sosial
Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bir sıra rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Yayın başa çatmasına az vaxt qalmış havanın qəfil soyuması, temperaturun aşağı düşməsi və intensiv yağışların yağması təəccüb və narahatlıq yaradıb.
Bəs sentyabrın əvvəlində havanın belə kəskin dəyişməsinə nə səbəb olub?
Məsələ ilə bağlı News24.az-a danışan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bölgədə müşahidə olunan yağıntılı hava şəraiti və bunun Xəzər dənizinin səviyyəsinə mümkün təsirlərindən danışıb.
Onun sözlərinə görə, hazırda regionda daha yağıntılı dövr müşahidə olunur. Son bir-iki ilin göstəricilərinə əsasən, yağıntılı mərhələnin davam etdiyini söyləmək mümkündür.
Ə.Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərə hövzəyə daxil olan yağıntıların miqdarı da təsir göstərir. Dənizi qidalandıran hövzədə yağıntıların artması su səviyyəsinin dəyişməsində mühüm rol oynaya bilər.
“Ümumilikdə, Xəzər dənizində bu cür sinoptik hadisələr və proseslər əvvəllər də baş verib. Burada qeyri-adi və qorxulu bir vəziyyət yoxdur. Hər şey təbii proseslər çərçivəsində baş verir”, - deyə ekspert qeyd edib.
Alim vurğulayıb ki, iqlimdə müəyyən dövrlər üzrə quraqlıq və yağıntılı mərhələlərin növbələşməsi müşahidə olunur. Atlantik okean istiqamətindən gələn rütubətli hava kütlələri də Xəzər dənizinin su toplama hövzəsində yağıntıların artmasına təsir göstərə bilər: Xəzərin su toplama hövzəsi kifayət qədər böyük ərazini əhatə edir. Bu ərazidə yağıntıların artması dənizin səviyyəsinə müəyyən təsir göstərə bilər. Bu baxımdan qarşıdakı dövrdə Xəzərin səviyyəsində müəyyən yüksəlmə tendensiyasının davam etməsi mümkündür”.
Ə.Əliyev qeyd edib ki, Xəzərin səviyyəsinin birdən-birə kəskin şəkildə qalxması gözlənilmir:
“Proses tədricən baş verir və müəyyən mərhələdə su səviyyəsinin stabilləşməsi də mümkündür. Xəzər tədricən öz səviyyəsini formalaşdıracaq və müəyyən stabilləşmə baş verəcək. Daha sonra proseslər mövcud iqlim və yağıntı tendensiyalarından asılı olaraq davam edə bilər. Hazırda müşahidə olunan proseslər Xəzər üçün qeyri-adi hadisə deyil. Payız aylarında yağıntıların artması, çaylarda sululuğun yüksəlməsi və bəzi ərazilərdə daşqınların müşahidə olunması təbii mövsümi proseslərin tərkib hissəsidir".