Yay bitməyib, amma axşam düşməmiş hava qaralır – SƏBƏB nədir?
Sosial
Bu yay təzadlı havası - bəzən intensiv yağılar, bəzən də sərt isti günləri ilə yadda qaldı. Amma son günlər daha bir məqam da diqqət çəkir. Hava əvvəlki illərdəkindən fərqli olaraq daha tez qaralır. Yay başa çatmasa da, günbatımı, daha dəqiq desək, axşam daha tez düşür. Hətta bəzi ərazilərdə axşam saat 6 olmamış hava toranlaşır.
Maraqlıdır, çoxlarının müşahidə etdiyi bu təbiət hadisəsi normaldırmı? Yoxsa bu da Günəş tutulması ilə əlaqəlidir?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimova qeyd edib ki, hava qaralmasının əvvəlki illərlə müqayisədə daha tez baş verməsi təbii prosesdi: “Artıq payıza doğru gedirik. Son günlər havanın bir qədər tez qaralması isə əsasən hava şəraiti ilə bağlıdır. Hazırda bizim coğrafi enlikdə gündüzün uzunluğu 13 saat 42 dəqiqədir. Payız bərabərliyi gününədək bu müddət təxminən 12 saata qədər qısalacaq. Daha sonra isə qış günəşduruşunadək gündüzün uzunluğu azalmağa davam edəcək. Günəş saat 05:53-də doğub 19:35-də batır. Qarşıdakı günlərdə Günəş tədricən daha gec doğacaq və daha tez batacaq”.
Günəş tutulmalarının təsirinə gəlincə, mütəxəssis bunun gündüzün uzunluğunun dəyişməsinə heç bir təsiri olmadığını bildirib: “Bu il Günəş tutulması artıq baş verib. Ay tutulması isə avqustun 28-də olacaq və bununla da 2026-cı il üzrə tutulmalar yekunlaşacaq. Tutulmalar vizual astronomik hadisələrdir. Bu hadisələrin Ayda, Günəşdə və ya Yer kürəsində hər hansı fiziki dəyişiklik yaratması ilə bağlı əsas yoxdur”.
AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov da eyni qənaətdədir. O, prosesin tam təbii olduğunu, 22 iyuldan sonra gecə və gündüzün bərabərliyini, bu sürəcin təxminən 12 saat olduğunu xatırladıb.
Coğrafiyaşünas eləcə də, havanın daha tez qaralmasının qarşıdakı Günəş tutulması ilə heç bir əlaqəsi olmadığını da qeyd edib: “Günəş tutulması yalnız qısa müddət davam edən astronomik hadisədir və gündüzün ümumi uzunluğuna təsir göstərmir”.