Yay gəldi, qiymətlər artdı: Bu ərazilərdən başlayır
Sosial
Yay mövsümünün başlaması ilə istirahət məqsədilə bağ evlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə şəhərin səs-küyündən uzaqlaşmaq və həftəsonlarını daha rahat şəraitdə keçirmək istəyənlərin sayının çoxalması daşınmaz əmlak bazarında canlanma yaradıb.
Həm Bakıətrafı qəsəbələrdə, həm də turizm potensialı yüksək olan bölgələrdə bağ evlərinə tələbatın artması kirayə və satış qiymətlərinin yüksəlməsinə səbəb olub. Bazarda müşahidə olunan bu tendensiyanın yay ayları boyunca davam edəcəyi gözlənilir.
Məsələ ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2020 və 2021-ci illər bağ evləri bazarı üçün dönüş nöqtəsi olub. Onun sözlərinə görə, pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər və insanların açıq məkanlara üstünlük verməsi bağ evlərinə marağı artırıb:
"2020-ci ildə pandemiya ilə əlaqədar tətbiq olunan qapanmalar nəticəsində bağ evlərinə tələbat kəskin yüksəldi. Həmin dövrdə çox sayda əmlak satıldı və ya icarəyə verildi. Eyni zamanda, xeyli sayda vətəndaş bu sahəyə investisiya yatırmağa başladı. Nəticədə Bakı şəhəri və ətraf ərazilərdə bağ evlərinin sayında ciddi artım müşahidə olundu".
Ekspert qeyd edib ki, 2021-2022-ci illərdə yeni tikilən və bazara çıxarılan bağ evlərinin sayı artdığından təklif və tələbat arasında müəyyən balans yarandı:
"Bununla yanaşı, köhnə bağ evlərinin sahibləri də rəqabətə davamlı olmaq üçün əmlaklarını yeniləməyə başladılar. Bir çox bağ evlərində hovuzlar tikildi, abadlıq işləri görüldü, landşaft dizaynı yeniləndi və müasir standartlara uyğunlaşdırma aparıldı. Təbii ki, bu yeniliklər qiymətlərə də öz təsirini göstərdi. Hazırda yay mövsümünün başlaması ilə həm günlük kirayə bazarında, həm də ümumi alqı-satqı seqmentində qiymət artımı müşahidə olunur. Mövsümi tələbatın yüksəlməsi fonunda bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir.