Yeni rəqəmsal platforma yaradılır - Komitə sədri açıqladı
Sosial
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas prioritetlərindən biri təqdim olunan xidmətlərin tam rəqəmsallaşdırılmasıdır. Bu məqsədlə xüsusi platformanın yaradılması istiqamətində işlər davam etdirilir”.
News24.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, yeni platforma vətəndaşların bütün xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək.
“Əsas məqsəd informasiya əlçatanlığını artırmaq, cəmiyyətin doğru və etibarlı mənbədən məlumat almasını təmin etməkdir”, - deyə Ramin Məmmədov bildirib.
O qeyd edib ki, son illərdə həyata keçirilən maarifçilik layihələri də bu hədəfə xidmət edir. Komitə sədri vurğulayıb ki, tarixən məscidlər yalnız ibadət yeri deyil, həm də elm və maarif mərkəzləri kimi fəaliyyət göstərib:
“Hazırda icra olunan layihələr bu ənənənin müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsinə hesablanıb”.
Ramin Məmmədov bildirib ki, dövlət-din siyasətinin əsas məqsədi dini həmrəyliyi, ictimai sabitliyi və maarifçilik fəaliyyətini daha da gücləndirməkdir. Onun sözlərinə görə, bu siyasətin prioritet istiqamətlərini milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın inkişafı, rəqəmsallaşmanın genişləndirilməsi və maarifçilik işinin gücləndirilməsi təşkil edir.
Komitə sədri qeyd edib ki, tədbirdə təqdim olunan sənədli film, AMIN informasiya platforması və “Hər məsciddə kitabxana” layihəsi eyni strateji yanaşmanın tərkib hissəsidir.
“Bu təşəbbüslər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-din siyasətinin müasir, innovativ və gələcəyə hesablanmış yanaşmasını əks etdirir”, - Ramin Məmmədov vurğulayıb. (Qafqazinfo)