Yüksək bal hər şey demək deyil: İxtisas seçimində buraxılan ən böyük səhvlər
Sosial
Ali təhsil müəssisələrinə qəbul prosesində ən həlledici mərhələlərdən biri ixtisas seçimidir. Çünki düzgün seçilmiş ixtisas təkcə universitetə qəbul olmaq deyil, həm də gələcək peşə və karyera yolunun düzgün müəyyənləşdirilməsi deməkdir. Məhz buna görə hər il minlərlə abituriyent və valideyn ixtisas seçimi mərhələsində tərəddüdlə üzləşir, hətta bu prosesi təkbaşına idarə etməkdə çətinlik çəkdikləri üçün ixtisas seçimi üzrə ekspertlərin pullu xidmətindən istifadə edir. Abituriyentlər özləri ixtisas seçimlərini necə edə bilərlər, bu zaman hansı amilləri nəzərə almalı, "Abituriyent" jurnalındakı məlumatlardan necə düzgün istifadə etməlidirlər?

News24.az xəbər verir ki, mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Əlmusa Atamaliyev bildirib ki, ixtisas seçimi ali təhsilə qəbul prosesinin ən məsuliyyətli mərhələlərindən biridir:
“Çünki bu seçim yalnız növbəti dörd və ya beş ili deyil, əslində insanın gələcək peşə fəaliyyətini, əmək bazarındakı mövqeyini və karyera inkişafını müəyyənləşdirir. Təəssüf ki, bir çox abituriyentlər yüksək bal toplasalar da, ixtisas seçimi mərhələsində düzgün qərar vermədiyinə görə sonradan peşman olur. Məhz buna görə son illər ixtisas seçimi üzrə peşəkar məsləhət xidmətlərinə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Mən hesab edirəm ki, ekspertə müraciət etməyin əsas səbəbi informasiya çatışmazlığı deyil, mövcud informasiyanı düzgün təhlil edə bilməməkdir. Dövlət İmtahan Mərkəzi ixtisas seçimi üçün bütün zəruri məlumatları ictimaiyyətə təqdim edir. Lakin həmin məlumatların statistik baxımdan təhlili, əvvəlki illərin keçid ballarının müqayisəsi, plan yerlərində baş verən dəyişikliklər, yeni açılan ixtisasların perspektivləri və abituriyentin fərdi göstəricilərinin qiymətləndirilməsi xüsusi təcrübə tələb edir”.
Mütəxəssisin fikrincə, abituriyentlərin özlərinin ixtisas seçməkdə çətinlik çəkməsinin bir neçə mühüm səbəbi var. İlk növbədə, onların əksəriyyəti əmək bazarının tələbləri, müxtəlif ixtisasların gələcək perspektivləri və universitetlərin tədris imkanları barədə kifayət qədər məlumatlı olmurlar. Digər tərəfdən, seçim zamanı emosional amillər də mühüm rol oynayır. Bəzən ailənin istəyi, dostların seçimi və ya cəmiyyətdə formalaşmış stereotiplər abituriyentin şəxsi maraqlarını kölgədə qoyur. Halbuki düzgün ixtisas seçimi yalnız topladığı bala deyil, eyni zamanda şəxsin maraqlarına, bacarıqlarına, xarakterinə və gələcək peşə hədəflərinə uyğun aparılmalıdır.
"Abituriyent" jurnalından istifadə edərkən də ilk növbədə ixtisas kodlarına, müsabiqə şərtlərinə, tədris dilinə, təhsil formasına (əyani və ya qiyabi), ixtisasların dövlət sifarişli və ödənişli olmasına diqqət yetirilməlidir. Bununla yanaşı, əvvəlki illərin keçid balları da diqqətlə təhlil edilməlidir. Lakin unudulmamalıdır ki, keçid balı sabit göstərici deyil. Hər il plan yerlərinin sayı, abituriyentlərin nəticələri və müəyyən ixtisaslara olan maraq dəyişdiyi üçün keçid ballarında da artım və ya azalma müşahidə olunur. Buna görə də ötən ilin keçid balını cari il üçün dəyişməz meyar kimi qəbul etmək doğru yanaşma deyil.

Əlmusa Atamaliyev ixtisas seçimi üçün abituriyentlərə bunu da tövsiyə edib ki, abituriyent qəbul şansını qiymətləndirərkən yalnız topladığı bala deyil, bir neçə amilə birlikdə nəzər salmalıdır. Son üç-beş ilin keçid ballarının dinamikası, plan yerlərinin sayı, ixtisasa olan marağın dəyişməsi və qəbul göstəriciləri müqayisəli şəkildə təhlil edilməlidir. O, abituriyentlərə dəstək üçün ixtisas seçimi ilə bağlı bir nümunə də təqdim edib:
“Məsələn, abituriyent 500 bal toplayıb və ixtisas seçimi zamanı kodlaşdırmanı düzgün aparmaq istəyir. Bu zaman o, yalnız topladığı bala deyil, son illərin statistik göstəricilərinə əsaslanmalıdır. Əgər seçmək istədiyi ixtisasın keçid balı son üç ildə müvafiq olaraq 498, 507 və 515 olubsa, 500 balla həmin ixtisası seçmək mümkündür, lakin bu, riskli seçim hesab edilməlidir. Əgər başqa bir ixtisasın keçid balları son illərdə 470–485 intervalında dəyişibsə, həmin ixtisas daha real seçim sayılır. Digər tərəfdən, keçid balları 540–560 aralığında olan ixtisaslar isə yalnız arzu olunan, lakin qəbul ehtimalı aşağı olan seçimlər kimi qiymətləndirilməlidir.
Məhz buna görə də ixtisasların kodlaşdırılması balanslı şəkildə aparılmalıdır. Məsələn, 500 bal toplamış bir abituriyent 15 seçim hüququndan elə istifadə edə bilər ki, ilk 3-4 kodda daha çox arzuladığı, lakin keçid balı yüksək olan ixtisasları, növbəti 6-7 kodda öz balına uyğun real qəbul şansı olan ixtisasları, son 4-5 kodda isə qəbul olunma ehtimalı yüksək olan alternativ ixtisasları yerləşdirsin. Belə yanaşma həm riskləri azaldır, həm də qəbul olunma ehtimalını maksimum səviyyəyə çatdırır.
Burada ən vacib məqamlardan biri odur ki, kodlaşdırma qəbul ehtimalına görə deyil, şəxsi istəyin prioritetinə görə aparılmalıdır. Dövlət İmtahan Mərkəzinin elektron sistemi abituriyenti balının çatdığı ilk ixtisasa yerləşdirir və sonrakı seçimlərə baxmır. Məsələn, 500 bal toplayan abituriyent siyahıda daha az istədiyi bir ixtisası yuxarı, daha çox arzuladığı ixtisası isə aşağı yazarsa, balı ilk ixtisasa çatdığı anda sistem onu həmin ixtisasa qəbul edəcək və sonrakı seçimlər artıq nəzərə alınmayacaq. Buna görə də seçim sıralaması həmişə şəxsin istəklərinə uyğun qurulmalıdır”.

Ə.Ataməliyev qeyd edib ki, hər zaman abituriyentlərə ixtisas seçimindən əvvəl maraq göstərdikləri universitetlərin “Açıq qapı” günlərində iştirak etmələrini tövsiyə edir:
“Universitetin maddi-texniki bazası, auditoriyaları, laboratoriyaları, kitabxanası, tələbə həyatı və ümumi akademik mühiti ilə yaxından tanış olmaq sonradan veriləcək qərarın daha düzgün olmasına kömək edir. Unutmayaq ki, gəncliyin ən gözəl dövrü hesab olunan tələbəlik illəri məhz həmin universitetdə keçəcək.
Eyni zamanda, hər il əmək bazarının dəyişən tələblərinə uyğun olaraq yeni ixtisaslar yaradılır. Bu ixtisaslara ilk qəbul olan tələbələr gələcəkdə həmin sahənin ilk məzunları və ilk peşəkar kadrları kimi formalaşırlar. Bu isə onların əmək bazarında rəqabət üstünlüyü qazanmasına və karyera imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər. Buna görə də abituriyentlər yalnız ənənəvi ixtisaslarla kifayətlənməməli, yeni yaradılmış ixtisasların məzmununu, perspektivlərini və gələcək imkanlarını da diqqətlə araşdırmalıdırlar.
Bundan əlavə, seçim zamanı verilən 15 ixtisas hüququndan maksimum səmərəli istifadə edilməlidir. Siyahıda həm qəbul olunma ehtimalı yüksək olan, həm real hesab edilən, həm də müəyyən risk daşıyan, lakin arzu olunan ixtisaslar balanslı şəkildə yerləşdirilməlidir. Seçim yalnız "prestij" anlayışına əsaslanmamalıdır. Ən nüfuzlu hesab edilən ixtisas belə, əgər insanın maraq və bacarıqlarına uyğun deyilsə, gələcəkdə peşəkar uğur və məmnunluq təmin etməyə bilər.
Sonda qeyd etmək istərdim ki, yüksək bal toplamaq uğurun yalnız ilk mərhələsidir. Həqiqi uğur topladığınız bala uyğun ixtisasa qəbul olmaq deyil, potensialınıza, maraqlarınıza və gələcək məqsədlərinizə uyğun ixtisas seçə bilməkdir. Çünki düzgün seçilmiş ixtisas sadəcə universitetə qəbul deyil, uğurlu peşəkar həyatın və cəmiyyətə faydalı bir mütəxəssis kimi formalaşmağın başlanğıcıdır”.