Yumurta niyə 1 qəpiyə düşdü? - İlginc səbəblər

Yumurta niyə 1 qəpiyə düşdü? - İlginc səbəblər Sosial

Son günlər yumurta satışındakı endirim və məhsulun mağazalarda qıtlığı sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.

Vətəndaşlar bildirir ki, ədədi 1-3 qəpiyə satılan yumurtalar piştaxtalarda tapılmır.

Eyni zamanda məhsulun 1 qəpiyə satılmasının səbəbini də bəzi istifadəçilər özünəməxsus şəkildə yorumlayırlar. Kimi məhsulun çox olduğu, kimi də ekoloji baxımdan şübhəli olduğu üçün 1 qəpiyə satıldığını iddia edir.

Maraqlıdır, bəs, ekspertlər nə deyir?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, yumurta kimi gündəlik tələbat məhsullarının 1 qəpiyə satılması bazardakı real qiymətləri əks etdirmir və əsasən marketinq məqsədi daşıyır:

“Belə kampaniyalar adətən müştəri cəlb etmək üçün həyata keçirilir. Məhsul ya çox məhdud sayda satışa çıxarılır, ya da müəyyən şərtlərlə təqdim olunur. Məsələn, alıcıdan müəyyən məbləğdə alış-veriş etməsi tələb oluna və ya bir nəfərə verilən məhsul sayı məhdudlaşdırıla bilər. Bu səbəbdən kampaniya elan edilən kimi alıcıların mağazalara axını başlayır və qısa müddətdə məhsula tələbat kəskin artır. Nəticədə insanlar arasında məhsulun ucuz olduğu və tezliklə tükənəcəyi düşüncəsi formalaşır. Bu isə normal bazar tələbatından daha yüksək alış dalğası yaradır. Belə hallarda rəflərin qısa müddətdə boşalması təbii görünür. Lakin bu, hər zaman bazarda məhsul çatışmazlığının olması anlamına gəlmir”.

Ekspert qeyd edib ki, mağazalar bu cür kampaniyalarda zərərlə satdıqları məhsulun həcmini əvvəlcədən məhdudlaşdırırlar:

“Marketlər müəyyən məhsulları alıcı cəlb etmək üçün maya dəyərindən aşağı qiymətə təklif edə bilirlər. Təbii ki, onlar bunu böyük həcmdə etmirlər. Satışa çıxarılan məhsul sayı məhdud olur və kampaniya qısa müddətdə başa çatır. Bundan sonra isə alıcılarda məhsulun bazarda tapılmadığı barədə təəssürat yaranır. Digər tərəfdən, kütləvi alışlar təchizat zəncirinə də təsir göstərir. Birdən-birə artan tələbat logistika və tədarük prosesində əlavə yük yaradır. Təchizatçılar və mağazalar qısa müddətdə bu artıma uyğunlaşa bilmədikdə müəyyən vaxt ərzində rəflərdə boşluqlar müşahidə olunur. Lakin bu vəziyyət adətən müvəqqəti xarakter daşıyır”.

Satışa çıxarılan 1 qəpiklik yumurtaların keyfiyyətinə gəlincə, News24.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, yumurtanın qiymətinin aşağı olması bir neçə amillə əlaqədardır. Onun sözlərinə görə, burada əsas rol mövsümi faktorların payına düşür:

“Yay mövsümündə gün işığının müddətinin uzanması quşçuluq təsərrüfatlarında məhsuldarlığın artmasına səbəb olur. Nəticədə yumurta istehsalında ciddi yüksəliş müşahidə edilir. Əgər qış aylarında gündəlik istehsal müəyyən həcmdə idisə, hazırda bu göstərici bir neçə dəfə artıb.

O qeyd edib ki, qiymətlərin enməsinə təsir edən digər mühüm amil isə istehsal güclərinin genişlənməsidir:

"Son dövrlərdə quşçuluq sənayesində istehsal həcmləri əhəmiyyətli dərəcədə artıb və bazara əvvəlki illərlə müqayisədə daha çox məhsul çıxarılır. Bununla yanaşı, ixracın azalması da daxili bazarda təklifin artmasına gətirib çıxarıb. Xüsusilə regionda baş verən hadisələr və isti hava şəraiti bəzi xarici bazarlara satışın azalmasına səbəb olub. Nəticədə ixrac üçün nəzərdə tutulan məhsullar daxili bazara yönləndirilib və bu da qiymətlərə təsir göstərib".