Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarını anır - REPORTAJ
    • 26-02-2023, 11:30
    • 341

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarını anır - REPORTAJ

Azərbaycan xalqı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir.

News24.az xəbər verir ki, ziyalılar, ictimaiyyət nümayəndələri, vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhunu yad edirlər. 

Faciə qurbanı  Tahirə Hüseynova o günü belə xatırlayır: 

“ Mən sonuncu helikopterlə şəhərdən çıxmışdım. Həmin gecə orda deyildim. Xocalıda qalan anam, atam, qardaşım bu faciənin qurbanı oldu. Həmin gecə qaçmaq istəyərkən onları meşədə öldürüblər. Qələbəmizdən sonra bu dərdim az da olsa, təskinlik tapıb. Bunun üçün ordumuza minnətdaram”.

Digər Xocalı sakini isə o günü xatırlamağın çətin olduğunu deyib: “Xocalı əsrin faciəsidir. Ondan danışmaq, sözlərlə anlatmaq çətindir. O hadisələrin şahidiyəm. Həmin faciədə komandirimi itirmişəm. Allah onun timsalında bütün şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qumral ƏLİYEVA
FOTO: Nicat NİFTƏLİYEV