Peşə təhsilində Azərbaycan–Türkiyə əməkdaşlığı formalaşır - Detallar

Peşə təhsilində Azərbaycan–Türkiyə əməkdaşlığı formalaşır - Detallar Gündəm

Bu gün müzakirə etdiyimiz Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola Əlavə Protokol ölkəmizdə peşə təhsili sahəsində son illər həyata keçirilən islahatların məntiqi davamı və tərkib hissəsi hesab oluna bilər.

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekbarın 23-də keçirilən iclasında deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə də büruzə verir:

"Gənclərin əmək bazarına daha erkən və təhlükəsiz çıxışı, istehsalat təcrübəsinin hüquqi çərçivəyə salınması, şagird və tələbələrin əməyinin qorunması, işəgötürən–təhsilalan münasibətlərinin aydın və şəffaf tənzimlənməsi peşə təhsili sahəsindəki islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, dövlətlərarası əməkdaşlıq prioritetlərində də yer aldığını, sistemli, ardıcıl xarakter daşıdığını təsdiqləyir.

Bu gün müzakirə etdiyimiz sənəd isə peşə təhsili sahəsində çoxillik və nəticəyönlü təcrübəyə malik olan Türkiyə Respublikası ilə birlikdə, ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçün institusional və praktik mexanizm yaradır.

Qeyd edim ki, peşə təhsili əmək bazarının formalaşmasının zəruri elementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyır və iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxış edir".

Deputatın sözlərinə görə, peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə strateji baxış bucağını açıq şəkildə nümayiş etdirir:

"Cənab Prezidentin Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsili müəssisələrinin necə idarə olunacağı, hansı model əsasında fəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi olduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyata keçirilən islahatların davamlı nəticələrə yol açması baxımından mühüm əhəmiyyətə malikdir.

Məhz bu baxımdan hazırda müzakirə etdiyimiz əlavə protokolda yer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunu vurğulaya bilərik.

Sənəddə nəzərdə tutulan mexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını, tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta, əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əmək qanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatların qarşılıqlı tanınmasını təmin edir.

Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuş məhdud anlayış çərçivəsindən çıxarılaraq, əmək bazarının ayrılmaz və əhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır".

Deputat bildirib ki, xüsusilə vacib məqam ondan ibarətdir ki, Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffaf maliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedən müəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyə tərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək:

"Bu model cənab Prezidentin Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə xidmət edir.

Müzakirə etdiyimiz sənəd, eyni zamanda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin inkişafa xidmət edən növbəti nümunəsi kimi də dəyərləndirilə bilər.

Müzakirə etdiyimiz dövlətlərarası sənəddə yer alan razılaşmaların ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatların ardıcıllığının və məqsədyönlülüyünün təmin edilməsinə töhfə verəcəyinə inanıram".