Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlmədi - YENİLƏNİB
    • 27-02-2023, 12:39
    • 241

Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlmədi - YENİLƏNİB

“Son vaxtlarda iki dəfə ağır əməliyyat keçirmişəm".

Bunu News24.az -a barəsində məhkəməyə məcburi gətirilmə qərarı qəbul edilmiş vəkil Sümbülə Əliyeva deyib. Vəkil səhhətində yaranmış ciddi problemlərə görə iclaslarda iştirak edə bilmədiyini deyib:

“Son vaxtlarda iki dəfə ağır əməliyyat keçirmişəm. Hər dəfə də bununla bağlı məhkəməyə bildiriş göndərilib, səhhətimlə bağlı gələ bilməyəcəyimi bildirmişəm. İki əməliyyat keçirən adam prosesdə necə iştirak edə bilər? Hesab edirəm ki, bu vəziyyətdə məcburi gətirilmə qərarının çıxarılması düzgün deyildi”.

Sümbülə Əliyeva, həmçinin barəsindəki ittihamları qəbul etmədiyini və cinayət işi ilə bağlı məhkəmə istintaqından narazı qaldığını deyib: “Mühasibat sənədlərinə baxış keçirilmədən istintaqı tamamlamaq istəyirlər. Mən bununla razı deyiləm, audit sənədlərinə baxış keçirilmədən çıxışlar mərhələsinə keçmək düzgün deyil”.

***

12.04

Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

News24.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində çıxarılmış məcburi gətirilmə qərarının hələlik icra olunmadığı elan olunub. Sümbülə Əliyevanın ayaqlarında şiş yarandığından iclaslarda iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verdiyi bildirilib.

Qeyd edək ki, Sümbülə Əliyeva ardıcıl 8 prosesə gəlməyib. Məhkəmədən yayındığına görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
İttihama görə, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.

İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.