YAP-ın 2018-ci il üçün gəlirləri açıqlanıb
    • 30-01-2019, 17:28
    • 860

YAP-ın 2018-ci il üçün gəlirləri açıqlanıb

Yanvarın 30-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-ın Mətbuat xidmətindən verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurasının tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
İdarə Heyətinin iclasında 2018-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi bildirilib. Vurğulanıb ki, 2018-ci ildə müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olub. Azərbaycanda Prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının növbəti, VI Qurultayı keçirilmiş, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.
Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu istiqamətdə bir sıra mühüm görüşlər keçirilib.
Hesabatda daha sonra qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9 413 001 manat olub. Bunun 8 045 144 manatını üzvlük haqları, 1 367 857 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Bundan əlavə, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 446 014 manat olub.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6 882 258 manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, 232 863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, hesabat ilinin sonuna partiyanın cari hesablarında 1 937 374 manat qalıb.

//Report