FED-in qərarları Azərbaycanda dolları bahalaşdıracaq?
    • 9-03-2023, 12:54
    • 557

FED-in qərarları Azərbaycanda dolları bahalaşdıracaq?

"Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. Belə ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir".

News24.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir:

"Bu ayın 21-22-də FED yenidən bir araya gələcək. FED yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır. Avro da ABŞ puluna nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır".

Deputat qeyd edib ki, dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara psixoloji təsirsiz ötüşmür:

"Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dolları hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".