“Azərxalça”nın Tovuz filialında iki yüzədək xalça toxunub
    • 1-02-2019, 14:26
    • 770

“Azərxalça”nın Tovuz filialında iki yüzədək xalça toxunub

Azərbaycanın qərb bölgəsi xalçaçılıq sənətinin geniş yayıldığı bölgələrdəndir. Bu ərazidə tarixən Qazax-Borçalı və Gəncə qruplarına aid xalçalar toxunub. Qazax-Borçalı qrupuna aid xalçalar müxtəlif göstəricilərinə - rəng, sıxlıq, çeşni və bəzək elementlərinə görə fərqlənir. Azərbaycanın Qazax-Borçalı xalça qrupuna Qazax, Ağstafa, Tovuz rayonları, hazırda Gürcüstan ərazisində qalan qədim Azərbaycan torpaqları- Borçalı-Qarayazı daxildir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ölkəmizin qərb bölgəsində yaratdığı, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunduğu filiallarından biri də Tovuz rayonunda fəaliyət göstərir. Bu filialın toxucularının əksəriyyəti Düz Cırdaxan, Dönük Qırıqlı, Qovlar, Aşağı Mülkülü, Əlibəyli, Xatınlı, Aşağı Öysüzlü kəndlərinin və Tovuz şəhərinin sakinləridir.
Filialın direktoru Sarıtel Xəlilova bildirib ki, Tovuzda xalça istehsalı emalatxanasının yaradılması həm qadınların işlə təmin olunması, həm də qədim sənətimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Filialda çalışan toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında öz bilik və bacarıqlarını təkmilləşdiriblər. Filial fəaliyyət göstərdiyi dövrdə burada Qazax-Borçalı qrupuna aid qədim xalçaların çeşniləri əsasında yeni xalılar toxunub. Vaxtilə bu ərazidə toxunan “Daş Salahlı”, “Şıxlı”, “Öysüzlü”, “Dağ Kəsəmən”, “Qaraçöp” kimi zəngin və heyranedici naxışlı xalçalara “Azərxalça”nın xalçaçı-rəssamları tərəfindən hazırlanan çeşnilər əsasında toxucularımız yeni həyat veriblər, onları yenidən toxuyublar. Bu, tarixə, ənənəyə qayıdışdır, milli dəyərləri yaşatmaqdır. Buna dövlətimizn xalçaçılıq sənətinə göstərdiyi böyük diqqət və qayğı sayəsində nail oluruq.
“Tovuzda xalça emalatxanasının yaradılması rayonda yaşayan bütün toxucuların hədsiz sevincinə səbəb olub. Emalatxanamızda 90-dək toxucu çalışır. Bu, 90 ailənin rifah halının yaxşılaşdırılması deməkdir. Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Gözəl, işıqlı emalatxana binamız, işə gəlib-getmək üçün nəqliyyat vasitəmiz var. Biz əvvəllər evlərimizdə xalça toxumaqla məşğul olmuşuq. Ancaq xalça toxumaq üçün evdə bu şəraiti yaratmaq mümkün deyil. Üstəlik toxuduğumuz xalçanı satmağa bazar da tapa bilmirdik. Ona görə də insanların xalça toxumağa marağı azalmışdı. Bu sənət artıq unudulmaqda idi. Rayonumuzda xalça emalatxanasının yaradılması həm xalçaçılığın yaşadılmasına, həm də toxucu qadınların işlə təmin olunmasına imkan verib”, - deyə filialın toxucusu Nazilə Həsənova söyləyib. O, bildirir ki, bütün bunlara görə dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır.
Gənc toxucu Rümayyə Ağabalayeva xalça toxumağı evdə anasından öyrənib, “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda bilik və bacarığını təkmilləşdirib. Deyir ki, xalça toxumağı bacarsa da, onun bir iş yeri kimi perspektivli olmadığını nəzərə alaraq, başqa sahədə çalışmağa qərar verib. “Azərxalça”nın Tovuz filialının açılması onun planlarını tamamilə dəyişdirib. İndi o, sevdiyi sənətlə bir iş yerində, müasir emalatxana binasında məşğul olur, əməkhaqqı alır, ailəsinə dəstək verir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin digər filialları kimi, Tovuzdakı xalça istehsalı emalatxanasında da sağlamlığı xalça toxumağa imkan verən məhdud fiziki imkanlı insanlar işlə təmin olunub.
Eşitmə qüsuru olan və danışa bilməyən Tovuzun Aşağı Quşçu kənd sakini Sadəgül Məmmədova “Azərxalça” tərəfindən təşkil olunan kursda iştirak edərək toxuculuğun sirlərinə daha dərindən yiyələnib.
Sadəgül Məmmədova Tovuzda fəaliyyət göstərən xalça istehsalı emalatxanasındakı işindən çox razıdır və buna görə dövlətimizə minnətdardır.
O, danışa bilmir, eşitmir, hisslərini, demək istədiklərini xalçalara köçürür. Toxucu yoldaşları deyir ki, o, bu işlə məşğul olmağa, emalatxanada çalışmağa başlayandan sonra özünə inamı artıb. Sadəgül indi gələcəyə daha nikbin baxır.
“Azərxalça”nın Tovuz filialı öz fəaliyyətini günü-gündən genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır. Toxucular gözəl və keyfiyyətli xalçalar ərsəyə gətirirlər. Fəaliyyət göstərdiyi dövrdə bu emalatxanada 700 kvadratmetrdən çox 180 xalça toxunub.

//AZƏRTAC