Bakıda ər arvadını və körpəsini metroda atıb getdi
    • 2-02-2019, 15:45
    • 1 058

Bakıda ər arvadını və körpəsini metroda atıb getdi

Bakıda qadın yeddi aylıq körpəsi ilə metroya atılıb.

Qadın bir neçə saat “Bakı Metropoliteni”nin “Nizami” stansiyasında qalıb.

Bundan sonra ana və körpəsi polis əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilib.

1987-ci il təvəllüdlü P.E. (ad şərtidir - red.) artıq ikinci dəfədir ki, əri tərəfindən küçəyə atıldığını deyib:
“Yoldaşım məni döyürdü. Bir neçə gün bundan qabaq qucağımda yeddi aylıq uşaqla məni metronun “Nizami” stansiyasına gətirdi. Dedi, burada gözlə, işim var, gedim gələcəm. Getdi və qayıtmadı. Polislər bizi bura gətirdi”.

Sığınacaqdan verilən məlumata görə, qadın öz ailəsinin yanına qayıtmağa qorxur. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadına hüquqi və maddi yardım göstərilməsi üçün aidiyyəti qurumlara məlumat verilib:

“Bizə polislər tərəfindən gətirilib. Dediyinə görə, əri onları metroya qoyub və gedib. Heç birinin sənədi olmadığı üçün müraciət edib onların sənədlərini düzəltdik. Ailəsi və yoldaşı ilə əlaqə saxlayıb danışıqlar aparmaq istəsək də, heç bir nəticə əldə olunmayıb. Xanımın daha əvvəl başqa biri ilə ailəli olduğu məlum olub. Həyat yoldaşından ayrıldıqdan sonra yaxınlarının vasitəsilə yenidən ailə qurub və övlad dünyaya gətirib”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, faktla bağlı metronun “Nizami” stansiyasına heç bir rəsmi müraciət daxil olmayıb.

//OxuAz