"Türk dünyası daha böyük coğrafiyanı əhatə edir”
    • 18-03-2023, 14:08
    • 414

"Türk dünyası daha böyük coğrafiyanı əhatə edir”

“Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində fəal rol oynayacağı şübhəsizdir”.


Bu sözləri News24.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşü haqqında danışarkən deyib. 

O bildirdi ki: “Türk Dövlətləri Təşkilatının dünyanın yeni çağırışlarına adekvat cavab verən, bir çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq platforması kimi mövqeyi hər keçən gün artmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü isə bir daha türk dövlətləri arasındakı münasibətlərin aydın təzaührünü təqdim etdi. Məlumdur ki, Zirvə görüşünün əvvəlcə Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Prezident İlham Əliyevin təklifi ilə görüşün Ankarada keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olundu.


“Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Şübhəsiz ki, bu kimi tədbirlər Türkiyədə bərpa prosesinə daha çox yardım göstərilməsinə müsbət təsir edəcək. İkinci bir tərəfdən, bu tədbirlər həm də türk birliyinin möhkəmlənməsinə xidmət edir. Burda da aparıcı rol hamımızın qəbul etdiyi qardaş Türkiyəyə aiddir. Çünki Türkiyə bu ölkələr içərisində ən çox inkişaf edən, Qərbə inteqrasiyada müsbət irəliləyişlər əldə etmiş, NATO-da ikinci orduya malik olan bir dövlətdir. Dünyada bir sıra beynəlxalq qurumlar var. Onların içində TDT yeni yaransa da, son illər çox böyük inkişafa nail olub. Burda da Azərbaycanın rolu, Prezident İlham Əliyevin uğurlu siyasəti danılmaz rola malikdir. TDT-nin də yaxın perspektivdə ciddi güc mərkəzi olacağı qaçılmazdır. TDT-nin ortaya qoyduğu vahid mövqe zəlzələnin fəsadlarının daha tez aradan qaldırılmasına müsbət təsir edəcək".


"Dövlət başçısı İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində istər həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə, istərsə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğundan, qardaş ölkənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurlu inkişafından geniş bəhs etdi. Bu inamı da ifadə etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dəhşətli zəlzələnin yaratdığı dağıntıların nəticələrini uğurla aradan qaldıracaq. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir".

"Zirvə görüşü zamanı Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstəyin Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirildiyinin də şahidi olduq. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Bu da təbiidir, çünki bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır".

"Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Dünya bu birliyin sarsılmazlığının 44 günlük İkinci Qarabağ müharibəsində və ötən ayın əvvəllində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir daha şahidi oldu. Atılan addımlar qardaş dəstəyinin nümunəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvələrdə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək.

Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev bir sıra digər mühüm məqamlara da toxundu. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin, qəbiristanlıqların Ermənistan tərəfindən məqsədli şəkildə dağıdıldığını, Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-inin yerlə yeksan edildiyini, təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulduğunu deyən ölkə başçısı diqqətləri növbəti dəfə Ermənistanın cinayətkar fəaliyyətinə yönəldə bildi". 

Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşdüyünü və onların taleyi ilə bağlı Ermənistan tərəfindən hələ də hər hansı məlumat verilməməsi, eləcə də müharibənin başa çatmasından keçən dövr ərzində 300-ə yaxın vətəndaşımızın mina partlayışı nəticəsində həlak olması və ya yaralanması ilə bağlı məlumatlar da Zirvə görüşü iştirakçılarının nəzərinə çatdırılmış oldu. 

Prezidentin çıxışında üzərində xüsusi olaraq dayandığı məsələlərdən biri də Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin hələdə qalması ilə bağlı oldu. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmadığını deyən ölkə başçısı Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu və buna görə məsuliyyət daşımalı olduğunu bildirdi.

Türk Dövlətləri Təşkilatı kimi mühüm platformadan səmərəli şəkildə və məharətlə istifadə edən dövlət başçısı konkret mesajlar da ünvanlamış oldu.  “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” deyən Prezident dünyada yaşayan azərbaycanlıların sayının 50 milyondan çox olmasına baxmayaraq onlardan cəmi 10 milyonunun müstəqil Azərbaycan Respublikasında yaşadıını deməsi şübhəsiz ki, İrana ünvanlanmış mesaj sayıla bilər. Eləcə də tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini deyən president bununla həm Ermənistana, həm də onlara havadarlıq edən qüvvələrə mesaj ünvanlamış oldu. 

Zirvə görüşündə qəbul edilən Bəyannamədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri də təsdiqlədilər. Diqqət çəkən mühüm müddəalardan biri “Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq Türk Dövlətləri Təşkilatı regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın, koordinasiyanın zəruriliyi məsələsidir. Bəyannamədə Zirvə görüşünün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi vurğulanır. Bu, ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilir və bu Azərbaycanın növbəti uğurudur. Zirvə görüşü göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq formalaşmış bir təşkilata şevrilib və bu qurum bundan sonra da beynəlxalq münasibətlərdə fəal rol oynamaq niyyətindədir.”


Aynurə