Murad Dadaşov:
    • 23-03-2023, 12:36
    • 12 582

Murad Dadaşov: "Gecələr mənə zəng vurub deyirdi ki..."

“Oqtay Əliyevlə çox yaxın dost olmuşam. Mənə çox yaxın və əziz insan olub. İllərin dostu olub”. 

Bu sözləri News24.az-a açıqlamasında Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov deyib. O, Oqtay Əliyevin çox fövqəladə vətənpərvər insan olduğunu qeyd edib: 

“O, İrəvanda dünyaya göz açmışdı. Qərbi Azərbaycan məsələsi isə Oqtayın ürəyində xüsusi yer tuturdu. Oqtay o zaman məni başa saldı ki, İrəvanda yaşayan azərbaycanlılarla fərqimiz nədir. Onlar orada necə mübarizə aparırdılar. Oqtay müəllimin bizim ictimai həyatda da çox önəmli yeri var idi. Çox yerdə danışılmır. Oqtay müəllim erməni dilini mükəmməl bilən insan idi. O, erməni mətbuatını izləyirdi. Axşamlar mənə zəng vurub deyirdi ki, “Murad müəllim, orada belə bir layihə açılıb. Onlar bunu belə ediblər”. Çox diqqətlə izləyirdi. Düşmənin bütün mediasında, ictimai-siyasi həyatında nə baş verirdisə bilirdi. Bu sahədə xüsusi və faydalı nailiyyətləri var idi. Hamımıza faydalı məlumatlar toplayırdı. Çox heyif. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Ancaq Oqtay təkrar olunan insan deyil. Təəssüf ki, biz belə bir əziz və çox doğma insanı itirdik. Sözün bitdiyi andır”. 

Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV