İtaliya dinozavrlarla dolu imiş – alimlər heyrət içində

İtaliya dinozavrlarla dolu imiş – alimlər heyrət içində Maraqlı

İtaliyanın şimalında, Lombardiya bölgəsində dinozavr izlərinin ən qədim və genişmiqyaslı toplusundan biri aşkar edilib. Alimlər izlərin yaşını təxminən 210 milyon il olaraq qiymətləndiriblər.

News24.az xəbər verir ki, bu əraziyə alimlərin diqqətini həvəskar fotoqraf Elio Della Ferrera cəlb edib. O, Stelvio Milli Parkında şaquli dağ yamacı boyunca yüzlərlə metr uzanan qeyri-adi izlərə rast gəlib. Bəzi izlərin eni 40 santimetrə çatırdı.

Əsas ehtimala görə, izlər prozasauropodlara – uzun boyunlu, ot yeyən və iri caynaqlara malik dinozavrlara aiddir. Alimlər Lombardiya ərazisində ümumilikdə 20 minə yaxın iz qeydə alıblar. Onların sözlərinə görə, bu regionda indiyədək dinozavr izləri tapılmayıb.

Alimlərin məlumatına görə, qədim dövrlərdə – təxminən 250–201 milyon il əvvəl – izlərin tapıldığı bu yamacın yerində sonradan Alp dağ silsiləsinin bir hissəsinə çevrilən geniş düzənlik mövcud olub.

İzlərin təhlili göstərir ki, dinozavrlar əsasən sürülər halında hərəkət ediblər, bəzən isə ehtimal ki, müdafiə məqsədilə dairəvi düzülüş alıblar.

Tapıntı Lombardiya hakimiyyəti tərəfindən də xüsusi vurğulanıb. Xatırladaq ki, bölgə 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Lombardiya qubernatoru Attilio Fontana bildirib:

“2026 Oyunları ərəfəsində Lombardiya tarixdən qeyri-adi bir hədiyyə alır – minlərlə dinozavr izi. Bu tapıntı regionun qədim keçmişi ilə Olimpiya Oyunlarının simvolizə etdiyi gələcək arasında ideal körpüdür”.

Məlumata görə, bölgə rəhbərliyi bu kəşfi turistlər və idman yarışlarının qonaqları arasında tanıtmaq üçün xüsusi addımlar atmağı planlaşdırır.

Qeyd olunur ki, mükəmməl vəziyyətdə qorunub saxlanılan izlərə piyada çatmaq mümkün deyil. Buna görə də onların öyrənilməsi üçün dronlar və uzaqdan zondlama texnologiyalarından istifadə olunacaq. Alimlər Lombardiyada digər qədim heyvanların izlərinin də tapıla biləcəyini istisna etmirlər.