İlham Əliyev sərəncam imzaladı
    • 5-02-2019, 18:42
    • 982

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.