Baş pediatr ölkədə yayılan viruslardan danışdı: “Peyvənd etdirməyənlər...” - MÜSAHİBƏ
    • 6-02-2019, 16:15
    • 824

Baş pediatr ölkədə yayılan viruslardan danışdı: “Peyvənd etdirməyənlər...” - MÜSAHİBƏ

5 günlük uşağın başına bütün qohum-əqrabanı yığıb, toy edirlər”

Respublikanın baş pediatrı Nəsib Quliyevin news24.az–a müsahibəsini təqdim edirik.

- Son dövrlər ölkədə qızılca və məxmərək virusunun yayılması ilə bağlı valideynlər arasında narahatlıq yaranıb. Bu xəstəliklərin ölkədə yayılması nə dərəcə düzgündür və bu yoluxma nə ilə bağlıdır?   
- Problem insanların özündədir ki, uşaqlarını vaxtında peyvənd etdirməyiblər. Bizi əhatə edən ölkələr - Gürcüstan, Ukrayna, Rusiya, İran, Orta Asiya ölkələrində qızılca yayılıb. Kim peyvənd olunubsa, onlarda heç bir problem yoxdur. Məsləhətim odur ki, valideynlər övladlarını peyvənddən yayındırmasınlar. Çünki qızılcadan qorunmağın ikinci yolu yoxdur. Qızılca əleyhinə vaksinlər dövlət hesabına gətirilir. Kim o vaksindən imtina edirsə, özünü riskə atır.

- Özəl xəstəxanalarla dövlət poliklinikalarına verilən peyvəndlər arasında hansı fərqlər var? 
- Bu peyvəndlərin heç bir fərqi yoxdur. Dünyanın hansı ölkəsində istehsal edilməsindən asılı olmayaraq, bütün vaksinlərin üzərində Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti var. Ümumən bu məsələlərə strateji nəzarət qrupu var. Lisenziya olmasa, heç kim heç nə istehsal edə bilməz. Tələblər də hamısına qarşı eynidir. Hansı ölkənin peyvəndinin daha yaxşı və ya daha pis olması ilə bağlı fikirlər gülüncdür. Sadə bir misal deyim, Azərbaycanda Beynəlxalq Neft Şirkəti fəaliyyət göstərir. Bu tip neft şirkətləri İranda, Qətərdə və dünyanın bir çox ölkələrində var. Onların hamısının tələbi eynidir. Yəni vaksin istehsal edən ölkə bunu dünya üçün edir. İkinci məsələ isə, bu peyvənd yaxşıdır, o biri pisdir məsələsi özəl xəstəxanalar çıxandan sonra ortaya atıldı. Niyə? Ona görə ki, dövlət o vaksinləri dövlət sifarişi ilə istehsalçı zavodla 5 il qabağa müqavilə bağlayaraq alır və vaksinləri qablaşdırarkən deyir ki, onları 5 dozalıq, 10 dozalıq qablara qoy. Çünki onu gətirib kütləvi uşaqlara vururlar. Uşaq poliklinikalarında gündəlik yüzlərlə uşaq peyvənd olunur. Amma özəl klinika bunu etmir. Onlar apteklərdən 1 dozalıq vaksin alır. Axı onlara çox doza alacaq uşaq gəlmir. Qalanını gərək atsınlar, nəticədə bunun ziyanına gedir. Onu inyeksiya edəndə də 5 dəfə bahasına edir. Soruşanda ki, niyə belə vurursan? Deyir ki, nə danışırsınız bizim peyvənd bahadır. 

- Eyni zamanda özəl xəstəxanalarda peyvəndələrin qiymətləri də çox baha olur. 
- Ümumiyyətlə, harada istehsal olunmasından asılı olmayaraq, vaksinlərin hamısının qiyməti aşağı-yuxarı eynidir. Sadəcə olaraq dövlət onu pərakəndədən 5 dəfə ucuz alır. Çünki dövlət onu milyon dozalarla sifariş edir, 5 illik müqaviləsi var və flakonları 1 dozalıq yox, 10 dozalıq hazırladır. Qablaşdırmada çox böyük fərq var. Həm də dövlətin aldığı vaksinə UNİCEF təşkilatı dəstək verir. Onlar alverin getməsinə imkan vermirlər. Özəl klinikalardan soruşsanız vaksinləri neçəyə alıb, neçəyə inyeksiya edirlər, cürbəcür nağıl danışacaqlar. 

- Son illər valideynlər arasında peyvəndə inamın azalması da müşahidə olunur. 
- Elə bir şey yoxdur. Mən bunu heç vaxt hiss etməmişəm. Azərbaycanda ciddi epidemiya yayılmışdı. Niyə görə həmin epidemiyaya yoluxanların sayı 2-3 nəfərlik qruplar idi? Ona görə ki, qalan uşaqlar peyvənd olunmuşdu. Əgər peyvənd olunmasaydı, burada “pajar” var idi, alovlanırdı. Bu, reallıqdır. 

- Son zamanlar bəzi virus infeksiyaları da yayılıb. “Donuz” və “quş” qripi adı altında...
- Qrip virusları dünya və insan mövcud olan vaxtdan var. O xəstəliklərə qarşı da dövlətlər kütləvi vaksinasiyalar etmirlər. Çünki vaksinasiya effekt vermir. Müvəqqəti olur və sonradan itir. İndi olunan vaksinlər daimi immunitet yaratmaq üçündür. O viruslara qarşı isə daimi immunitet yaranmır. Çünki qısa vaxt ərzində tərkibi dəyişir, mutasiyaya uğrayır. Adını qoyublar donuz qripi. Donuz qripini  virusoloji müayinə olunandan sonra bilirlər. A qrip viruslarıdır. Onu obraz olaraq virusoloji müayinə zamanı aşkar ediblər ki, embioloji ocaq donuzlar arasında yayılır.

- Bu cür viruslardan, soyuqdəymədən qorunmağın yolları hansılardır?
- Birinci yolu orqanizmi möhkəmlətməkdir. Yay mövsümündə, istirahətin bizə imkan verdiyi vaxtlarda həm böyüklər, həm də uşaqlar orqanizmini möhkəmləndirməlidir. İkincisi isə bu viruslar ilin qış aylarında yayıldığı üçün bu xəstəliklərə soyuqdəymə xəstəlikləri deyilir. Soyuqdəymənin baş verməməsi üçün də qidalanmaya, geyimə və davranışa fikir vermək lazımdır. Azərbaycanın çox gözəl adətləri var idi. Bizim adətə görə yeni doğulan uşağı 40 gün heç kimə göstərmirdilər. İndi isə 5 günlük uşağın başına bütün qohum-əqrabanı yığıb, toy edirlər. Hərə bir dəfə üzündən öpür, qurtardı, aləm qarışır bir-birinə. Uşağın burnu axır valideyn deyir, heç nə olmaz apar qoy bağçaya. Ya da uşağa yemək verməmiş aparırlar məktəbə. Qrip olan uşağı məktəbə, ya bağçaya aparırsansa, ətrafında olan azı 10 nəfəri yoluxduracaqsan. Bunları kim edir? Biz insanlar. Bunların heç birinə yol vermək olmaz. Geyimə, qidalanmağa nəzarət etmək lazımdır. Xəstəlik əlaməti olan uşağı mütləq tibb mütəxəssisinə göstərmək lazımdır. 

Ülkər QASIMOVA