Ombudsman tapılan məzarlıqla əlaqədar beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ
    • 7-04-2023, 18:37
    • 474

Ombudsman tapılan məzarlıqla əlaqədar beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla əlaqədar beynəlxalq ictmaiyyətə müraciət edib.

Ombudsman Aparatından News24.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Ağdam rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır.

Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilmişdir.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".