"149 saylı məktəbdə dörd şagird alça yeyib və...
    • 20-04-2023, 14:02
    • 348

"149 saylı məktəbdə dörd şagird alça yeyib və... "-BŞTİ sədri zəhərlənmə olayına aydınlıq gətirdi"

149 saylı məktəbdə zəhərlənmə hadisəsi olmayıb.

News24.az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib ki, 20 nömrəli məktəbdə zəhərlənmə olmuşdu, amma 149 saylı məktəbdə baş verən hadisəyə zəhərlənmə demək olmaz:

“4 uşaq alça yeyib, üstündən də su içib. Bununla bağlı onlarda narahatlıq yaranıb. O biri uşaqlar da psixoloji vəziyyətə düşüblər. Məktəb rəhbərliyi də düz edib, kim özünü azacıq da olsa narahat hiss edibsə, həmin şagirdləri xəstəxanaya çatdırıblar. Şagirdlər də tez bir zamanda müayinə olunduqdan sonra evə buraxılıblar. Düzdür, bununla bağlı açıqlama verməyə bizim ixtiyarımız yoxdur, TƏBİB və digər qurumlar bununla bağlı açıqlamanı verməlidirlər. Amma biz tərəfdən də nə lazımdırsa, o addımları atmışıq".

BŞTİ müdiri əlavə edib ki, məsələ ilə bağlı 149 saylı məktəbin həm valideynləri, həm də şagirdləri danışdırılıb: “Şagirdlər bufetdən heç nə alıb yeməyiblər. 20 nömrəli məktəbdə bəli, olub, amma burada olmayıb. 20 nömrəli məktəblə bağlı da araşdırma aparılır, AQTA və digər qurumlar məsələyə müdaxilə edib. Yəqin ki müvafiq addımlar atılacaq".