Bakıda temperatur iqlim normasından 3.5 dərəcə isti olub
    • 21-04-2023, 16:06
    • 397

Bakıda temperatur iqlim normasından 3.5 dərəcə isti olub

Aprelin 21-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-si axşamdan bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Şərur, Ordubad, Sədərəkdə 6, Şahbuzda 4, Tovuz, Gədəbəydə 3, Balakən, Zaqatala 2, Ceyrançöl, Naxçıvan, Şahdağ, Daşkəsəndə 1 millimetrədək olub.

Aprelin 20-də cənub-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 23, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib. Sumqayıt, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunub.

Aprelin 20-də Bakıda havanın temperaturu iqlim normasından 3.5° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-23° isti, Naxçıvanda 27°-dək isti, dağlıq rayonlarda 11-16°, aran rayonlarında 22-27° isti təşkil edib.

Aprelin 21-i şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı, 22-23-də gündüz saatlarında isə əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.